Azadlığa gedən YOL! Bugün “Qul bayramı” günüdür

  • 23 avq 2020, 12:05
Hər il avqustun 23-ü dünyada Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günü kimi qeyd olunur. UNESCO İcraiyyə Şurasının 150-ci sessiyasının tövsiyəsinə əsasən təsis edilən bu tarix 1791-ci il avqustun 23-də üsyan etmiş San-Dominqo və Haiti qullarının xatirəsinə həsr olunub. Həmin üsyan qul alveri sisteminin ləğv edilməsinin başlanğıcını qoyub.
UNESCO BMT-nin üzv dövlətlərinə anım tədbirlərində iştirak etməyi təklif edir.
Üçüncü minilliyin əvvəlində ABŞ-ın Ohayo ştatının hökumət orqanları müvafiq tarixdə quldarlıq tarixi muzeyini açıb. Qul alverçiləri üçün əsas tranzit məntəqəsi olmuş Seneqal yaxınlığındakı Qori adasında hər il qurbanların xatirəsi anılır.
Köləlik misli görünməmiş faciədir və bəşər tarixinin ən qara səhifələrindən biridir. Köləliyin qadağan edilməsinə və beynəlxalq səviyyədə pislənilməsinə baxmayaraq, o, yeni formalarda mövcuddur. BMT-nin məlumatına görə, hər il milyonlarla insan, xüsusilə qadın və uşaqlar yalan və zorakılığın qurbanı olaraq “canlı mal”a çevrilir və istismara məruz qalırlar. “Yeni qul alveri” müasir dövrün ən kəskin və genişmiqyaslı problemlərindən birinə çevrilib.
Bəzi ölkələr öz bayramlarını - köləlikdən azad edilmə gününü qeyd edirlər. Məsələn, avqustun 1-i Yamaykada Emansipasiya Günü qeyd olunur.
1998-ci ildən etibarən hər il qeyd edilən bu tarix qul alverinin nəticələri, onun öyrənilməsi və yadda saxlanılması barədə düşünməyə imkan yaradır. 2001-ci ildə beynəlxalq birlik insan alverini və köləliyi bəşəriyyətə qarşı cinayət kimi qəbul edib. Lakin bu cür hallar yerini və formasını dəyişərək özünü zaman-zaman göstərir. Köləliyin və qul alverinin yeni formalarının yaranma mexanizmini başa düşmək və ona qarşı səmərəli mübarizə aparmaq üçün bu kimi halların tarixini bilmək vacibdir.
Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə və Bu Alverin Qadağan Edilməsi Günündə UNESCO dövlət orqanlarını, vətəndaş cəmiyyətlərini, tarixçiləri, tədqiqatçıları və adi vətəndaşları bəşəriyyətin ümumi tarixinin müvafiq dövrü haqqında informasiya yaymağa və müasir dövrdə köləliyin istənilən formasına qarşı mübarizə aparmağa çağırır...
Oxşar xəbərlər