İŞİD qruplaşması tarixə gömüldümü?

  • 11 iyun 2020, 10:40

Politoloqlar terror təşkilatının başqa adla “zühurunu” istisna etmir; “Böyük dövlətlər və onların kəşfiyyat idarələri istəsə...”

İŞİD terror təşkilatı ilə bağlı son zamanlar xəbərlərə, demək olar, rast gəlinmir. Ara-sıra yalnız qruplaşmanın tərəfdarlarının həbsləri barədə məlumatlara rast gəlinir. Bir çoxları bunu cari ilin əvvəllərindən etibarən dünyanı çənginə alan koronavirusla əlaqələndirir. İŞİD-ın tarix olduğunu düşünənlər də az deyil. 
Politoloq Əhəd Məmmədli isə İŞİD-ın sıradan çıxarılmadığını düşünür: “Əvvəllər də bu haqda demişəm, indi də deyirəm, İŞİD və ya digər terror təşkilatı fərq etməz, onların fəaliyyəti sahiblərinin verdiyi qərarlar və tapşırıqlardan asılı olacaq. Əvvəl ”Əl-Qaidə" var idi, indi İŞİD, sabah da başqa nəsə ola bilər. İŞİD “Əl-Qaidə” kimi demək olar ki, sıradan çıxardılıb. Amma onların yenidən dirilməsi onları quranlardan asılıdır - yəni böyük dövlətlər və kəşfiyyat idarələrindən. Böyük dövlətlər və onların kəşfiyyat idarələri istəsə, yenidən “Əl-Qaidə”, İŞİD və ya başqa hansısa hərbi qruplaşmaları dirildə də, yenisini qura da bilərlər. Məsələn, götürək PKK terror təşkilatını.
Ərdoğanla Putin üz-üzə - Bölgədə vəziyyət dəyişir - VİDEO
İçindən YPG terror hərbi qruplaşmasını qurub, Suriyanın şimalının böyük hissəsinin nəzarətini onlara verdilər. Kim verdi? ABŞ. Oxşar şeyi İŞİD-lə də edə bilərlər. Bu terror təşkilatının içindən nəsə yarada bilərlər. Və yaxud yuxarıda qeyd etdiyim kimi, yeni bir hərbi qruplaşma yaradılması da mümkündür. Həmçinin unutmayaq ki, COVİD 19 və onun dünyada siyasi-sosial fəsadları hələlik müxtəlif bölgələrdə müharibələri kölgə altına salıb. Düzdür, Liviyada vətəndaş müharibəsi gedir. Lakin bu müharibədə terror təşkilatları fəal rol almırlar. Liviya müharibəsində qardaş Türkiyənin dəstək verdiyi rəsmi hökumət qoşunlarına qarşı Rusiya və bir neçə ölkənin muzdlu hərbi qruplaşmaları vuruşur".
Sosial Tədqiqatlar Mərkəzində yeni təyinat
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyliyə görə, İŞİD-ın hazırkı vəziyyətini anlamaq üçün keçdiyi yola və oynadığı rola baxmaq kifayət edər: “Nəticədə Yaxın Şərqdə, İraq və Suriyada güc mərkəzlərinin diktəsi ilə yeni düzən formalaşdı. İraq və Suriya şiəlik vasitəsilə İranın nüfuz dairəsinə düşdü. Qlobal güclərdən kim Suriyada olmaq istəyirdisə, beynəlxalq sülhə təhlükə adı ilə bölgəyə soxuldu. Əslində isə bu müharibələr Suriya-İraqın şimalı ilə Hayfa limanına, oradan isə Aralıq dənizi boyunca zəngin neft yataqları və dünyanın ”şah damarı" olan ticarət yollarına sahib olmaq üstündə idi. İŞİD-in vəsilə olduğu hallar nəticəsində ABŞ və müttəfiqləri, hətta Çin, İran, Rusiya, İsrail, Türkiyə kimi dövlətlər Suriyada və İraqda müharibə aparmalı oldular. Bir növ enerji resursları üzərindəki müharibə yeni dünya nizamını da formalaşdırmağa imkan verdi. İŞİD hazırda böyük miqyasda gücünü itirsə də, ləğv edilməsi böyük güclərin maraqlarına imkan vermir. Hazırda terrorçu şəbəkənin Orta Asiya, Əfqanıstan, Dağıstan, hətta Dağlıq Qarabağda da cəmlənmə prosesi gedir. Üstəgəl, bölgənin yenidən dizayn olunmasında ABŞ-ın, Səudiyyə Ərəbistanının öz maraqları var deyə, biz İŞİD-ın canlanmasının növbəti mərhələsini görə bilərik. Bir halda ki, Yaxın Şərqin bölünməsində İran güclənir, Səudiyyə bunun üçün yenidən həmin terrorçuları niyə diriltməsin ki?.."
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Oxşar xəbərlər