"COVID-19 infeksiyası yenidən arta bilər" - ÜST rəsmisi

  • 03 iyun 2020, 17:41
“İkinci dalğa heç də labüd deyil. Amma getdikcə daha çox ölkələrdə məhdudiyyətlər ləğv edildiyinə görə, COVID-19 infeksiyasının yenidən güclənməsi təhlükəsi aşkardır. Müvafiq tədbirlər görülməsə, yeni dalğa çox dağıdıcı gələ bilər”.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.
“Hazırda işlərin ilin əvvəlindən yaxşı olmadığını unutmamalıyıq. Əlimizdə əvvəlki kimi COVID-19-dan nə peyvənd dərmanı, nə də müalicə üsulu var”, - o deyib.
Onun fikrincə, bu virus bizimlə hələ uzun müddət, ən azı təhlükəsiz peyvənd dərmanı və ya müalicə üsulu tapılanadək qalacaq”.
Peyvənd dərmanının tapılmasına dair konkret tarix verə bilmədiyini söyləyən regional büro rəhbəri hazırda buna tezliklə nail olmaq üçün böyük səylər göstərildiyini, tədqiqatlara dünyada ən qabaqcıl elmi qurumların cəlb olunduğunu söyləyib:
“Peyvənd hazırlananadək biz xəstələri müalicə etməyin üsulları üzərində çalışırıq. Bütün ölkələrin yerli epidemiologiya şəraitini tam nəzərə alaraq mütəmadi surətdə izləməyə, görülən tədbirlərə daim düzəlişlər etməyə çağırıram. ÜST həmişəki kimi, ölkələrə lazımi dəstək verməyə hazırdır”.
Oxşar xəbərlər