“Dağıstan sərhədinə getmək lazım deyil” – Polad Bülbüloğlu

  • 22 apr 2020, 13:03
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “MİR 24” telekanalına verdiyi müsahibədə həmvətənlərimizin Vətənə qayıtmaları üçün Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdən danışıb.
Telekanalın verdiyi məlumata görə, minlərlə azərbaycanlı Rusiyadan çıxa bilmir. “Evə gedirəm” adlı xüsusi portalda Azərbaycan vətəndaşlarının respublikaya qayıtmaları üçün siyahılar tərtib edilir. Portalda “qaynar xətlər”in nömrələri də göstərilib. Qayıtmağı arzu edənlər bu saytda qeydiyyatdan keçməli və elektron növbədə nömrələrini almalıdırlar. Bundan sonra onların evə qayıtmalarına kömək ediləcək.Səfir deyib: “Başımıza bədbəxtlik gəlib, ümumi bədbəxtlik. O, bütün dünyada, o cümlədən bizim regionumuzda da özünü göstərir. Prezident, Birinci vitse-prezident, hökumət virusun inkişafı, pandemiyanın inkişafı ilə bağlı vəziyyəti nəzarət altında saxlamaq üçün nə mümkündürsə edirlər. Hələ ki, buna müvəffəq olurlar. Burada əsas məqsəd əhalini qorumaq, epidemiyanın geniş yayılmasına imkan verməməkdir və hələ ki, başqa ölkələrlə müqayisədə bizdə müvafiq rəqəmlər qismən aşağıdır. Epidemiyanın yayılmaması üçün bütün tədbirlər görülür. Məhz bu səbəbdən, birdən-birə çox sayda insanın ölkəyə geri qaytarılması mümkün deyil. Karantin müddəti yenidən, bu dəfə mayın 4-nə qədər uzadılıb. Mayın 4-dən sonra karantin rejiminin yumşaldılması üzrə tədbirlər hazırlanır. Amma bu gün sərhəd bağlıdır. Buna görə dövlət tərəfindən “Yedu domoy” (“Evə gedirəm”) adlı xüsusi portal yaradılıb”.
Səfir vurğulayıb ki, insanlar portalda qeydiyyatdan keçəndən sonra ümumi mənzərə aydın olub.
Polad Bülbüloğlu deyib: “Karantinin rejimində insanları qəbul etmək imkanından asılı olaraq, onların Vətənə qayıdışı mərkəzləşdirilmiş qaydada təmin olunacaq. Səfirlik bu gün bu işlə məşğuldur, çünki müraciətlər hədsiz çoxdur. Həqiqətən, Rusiya bizə yaxın və dost ölkədir. Biz – qonşu ölkələrik. Burada bizim insanlarımız çoxdur. Amma vəziyyət elədir ki, hamını dərhal geri buraxmaq mümkün deyil. Buna görə indi burada, Rusiyada olan həmvətənlərimizə müraciət etmək istəyirəm. Oraya, Dağıstan sərhədinə getmək lazım deyil, portalda qeydiyyatdan keçmək lazımdır. Harada, nə vaxt, necə və nə qədər insanın Vətənə qayıda biləcəyi portal vasitəsilə bildiriləcək. İndi bu bizim ən vacib vəzifəmizdir”.
Qeyd edək ki, səfirlikdə Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün +79774422964 nömrəli qaynar xətt açılıb. (AzərTAc)
Oxşar xəbərlər