İran humanitar fəlakət astanasında – ABŞ yumşalmır...

  • 02 apr 2020, 21:14

Politoloqlar sanksiyaların  dayandırılması zərurətindən danışdılar

Koronaviurusun ən çox zərbə vurduğu ölklərdən biri İrandır. İranın Bakıdakı səfirliyi vəziyyətin humanitar fəlakət həddində olduğunu bəyan edib. Belə bir vəziyyətdə İrana qarşı bir sıra sanksiyaların aradan qaldırılması, ən azından bu fəlakət dünya üzərindən qalxana qədər dayandırılması təklifləri, çağırışları var. BMT baş katibi ABŞ-a müraciət edərək müxtəlif dövlətlərə qarşı sanksiya rejimini dayandırmağa çağırıb. Çünki dünyada təhlükəli koronavirus tüğyan edir və sanksiyalarla üzləşən bir neçə dövlət qadağalar səbəbindən insanlarını xilas etməkdə çətinlik çəkirlər.
Hətta ABŞ prezidentiliyinə namizəd Berni Sanders belə, Donald Trampa bunun üçün çağırış edib. Trampa göndərilən məktub adı çəkilən şəxlərlə birlikdə 30 amerikan siyasətçi tərəfindən imzalanıb. Sənəd müəllifləri prezident Trampın diqqətini İranda yaşanan humanitar fəlakətə çəkərək, situasiyanın pisləşməməsi üçün müvafiq addım atılmasının vacibliyini vurğulayıblar.
“İndi İran xalqının köməyə ehtiyacı olduğu bir zamanda sanksiyaları davam etdirmək yerinə, biz dünya səhiyyəsi üçün yaranan belə bir fövqaladə vəziyyətdə humanitar jest olaraq, onların virusla daha effektli şəkildə mübarizə etməsi üçün təkidlə sanksiyaların dayandırlmasını xahiş edirik. Biz həmçinin ABŞ-ın da digər ölkələr kimi İran xalqına onun koronavirusla mübarizəsində birbaşa kömək etməsini arzulayırıq. Bunun presedenti də mövcuddur. Belə ki, 2003-cü ildə İranın Bama bölgəsində baş verən zəlzələ zamanı Corc Buş administrasiyası da İrana qarşı sanksiyaları yumşaltmış və hətta kömək əli uzatmışdı”,-deyə məktubda bildirilir.
Bu çağırışlara müsübət cavab verilə bilərmi və verilməlidirmi?
Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim ...
Politoloq Qabil Hüseynli musavat.com-a bildirdi ki, koronavirusla mübarizədə bütün dövlətlərin  səyləri birləşdirməsi zərurəti ortada olduğu bir vaxtda İrana qarşı sanksiyaların qalması düzgün deyil. Çox vacibdir ki, belə vəziyyətdə İrana qarşı sanksiyalar ya yumşaldılsın, ya tamamilə götürülsün: “Bunu  BMT baş katibi, Avropa Birliyinə daxil olan bir sıra ölkələrin rəhbərliyi də təklif edir. Amma bu məsələdə istifadə olunan roitorika və qarşılıqlı söz güləşmələri İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsinin müsbət həllinə imkan vermir. Məsələn, BMT baş katibi İrana üzünü tutaraq “Sizə yardım etmək istəyirik, lazımdırmı?” şəklində müraciət etdi. Bunun qarşılığında İranın ali dini lideri Əli Xamneyi dərhal sərt reaksiya verərək dedi ki, bu cür yardım bizə lazım deyil, ağlı olan sizdən yardım almaz. Sonra ölkə prezidenti Həsən Ruhaininin də sərt cavabı oldu, ABŞ-ı tənqid etdi. Mən burada kimin haqlı olub-olmadığı üzərində dayanmaq istəmirəm. Məsələ burasındadır ki, Sandersin və digər onun kimilərinin İrana qarşı sanksiyaların ləğvi ilə bağlı xoş niyyətləri bax  bu cür qarşılıqlı söz güləşmələri nəticəsində həyata keçə bilmir. Eyni zamanda İran rəhbərliyi artıq bəyan edir ki, öz gücümüz koronavirusla mübarizə aparmağa yetir və artıq virusun təsir tempini aşağıya endirə bilirik. mübarizə aparaq və temp aşağı düşüb. İndi belə bir vəziyyətdə ABŞ-ın sanksiyalarla bağlı yumşaq qərarlar qəbul edəcəyini təxmin etmirəm. İran hətta öz təcrübəsini dünyaya təqdim edə biləcəyini bəyan edib. Bu da ABŞ-I sanksiyalarla bağlı müsbət addım atmaqdan çəkindərəcək. İranda təbabət orta səviyyədədir və koronavirusla mübarizədə müyyən müsbət dönüşün yaradıldığı bəyanlarına inanmaq olar. İran tərəfinin söylədiklərində həqiqət payı olduğuna şübhə etməmək olar”.
Elxan Şahinoğlu: “Türkiyə və Rusiya gərginlik yaradacaq ...
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, İran dünyanın aparıcı neft ölkələrindən biri sayılsa da, hazırda iki böyük çətinliklə üzləşib. Birincisi, neftin qiyməti xeyli aşağı düşüb və ölkənin gəliri azalıb. İkincisi, İran Amerikanın sanksiyalarına görə ucuzlaşmış neftini də satmaq üçün bazarlar tapmaqda çətinlik çəkir. Bunların üstünə İranda koronavirusun geniş yayılmasını da əlavə etsək, qonşu dövlətin hansı ağır durumla üzləşdiyi bəlli olar: “İran rəsmiləri açıq etiraf edirlər ki, Amerikanın sanksiyalarına görə aşağıdakılardan məhrumdurlar:
Birincisi, sanksiyalara görə İran koronavirusla mübarizədə gərəkən maliyyəyə malik deyil. Amerika İranın öz mallarını ixrac etmə imkanlarını məhdudlaşdırıb. ABŞ sanksiyalarına görə İrana yatırım edən ölkələrin və şirkətlərin sayı xeyli azdır. Bu səbəbdən İran iqtisadiyyatı tənəzzül içərisindədir.
İkincisi, ABŞ sanksiyaları İrana gərəkli dərman və tibbi ləvazimatlar almağa mane olur. Məsələ burasındadır ki, Amerika sanksiyaları İranın bank sektorunu iflic edib. Bank sektoru başqa ölkələrə pul köçürə bilmirsə, xarici ölkələrdən dərman və tibbi avadanlıqlar almaq mümkün deyil. ABŞ sanksiyalarından çəkinən Avropanın aparıcı dərman və tibbi avadanlıqlar istehsal edən şirkətləri İrana öz məhsullarını satmaqdan ehtiyat edirlər.
Belə vəziyyətdə ABŞ sanksiayalarının müvəqqəti dayandırılmasına-moratoriuma ciddi ehtiyac var. Onzus da İranın bu gün nüvə texnologiyası ilə məşğul olmağa nə həvəsi, nə də maliyyəsi var. Bu gün Tehran üçün əsas məsələ öz vətəndaşlarını gözə görünməz düşməndən qorumaqdır. Ona görə də əgər Tehran ətrafdakı silahlı qruplara dəstəyi dayandıracağına dair beynəlxalq aləmə ciddi siqnal göndərsə, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci arqumenti də zəifləmiş olacaq.
Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir. Vaşinqtonun virus təhlükəsi ortadan qaldırıldıqdan sonra sanskiya rejiminə yenidən qayıtması aktuallaşa bilər. Halbuki virus bəşəriyyətə və bir-biri ilə mübarizə aparan dövlətlərə sübut etdi ki, dünyada müharibələrdən, torpaqların işğalından, silahlı qruplara dəstəkdən və nüvə çalışmalarından daha vacib mövzu – dünyanı və insanlığı gözəgörünməz düşməndən xilas etmək üçün əməkdaşlığa və yardımlaşmaya ehtiyac var”.
Etibar Seyidağa,
Musavat.com
Oxşar xəbərlər