Azərbaycan Türkiyə və Gürcüstanla sərhədləri müvəqqəti bağladı

  • 15 mart 2020, 11:44
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Demokratik.Az-ın Prezidentin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.
Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.
Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında da telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.
Beləcə, Azərbaycan müvəqqəti olaraq Türkiyə və Gürcüstanla sərhədlərini müvəqqəti bağlayıb.
Demokratik.Az


Oxşar xəbərlər