Putinin Rusiyasını rusiyalılar sürətlə tərk edir - Araşdırma

  • 25 fev 2020, 08:32
“Rusiyanı artıq bir çox gənc insan tərk edir və bu prezident Vladirmi Putin üçün ciddi problem yaradır”.
Bu mövzu Avstriyanın “Kurier” qəzetində tədqiq olunub. Qəzet bununla bağlı rusiyalı yazıçı Segey Lebedevdən müsahibə alıb. Müxalif yazar vaxtilə özü ölkəsindən rejimin əlindən Almaniyaya mühacirət edənlərdən sayılır.
Sergey Lebedev özünün Stalin rejiminə və QULAQ həbs düşərgələri ilə bağlı yazdığı əsərlərlə tanınır. Hazırda Stalin Putin rejimində yenidən yüksək dəyərə minib və onun haqqında tənqid qəbuledilməz sayılır.
Rusiyanın “Levada-sentr” araşdırma mərkəzinin son sorğusuna görə, 18-24 yaşlı insanların 53%-i ölkədən çıxmaq istədiklərini bildiriblər. Ruslar Sovet İttifaqının dağılmasından bu yana emiqrantların sayına görə dünyada 3-cü yeri tutur. Son 20 ildə Rusiya Federasiyasını 4,5 milyon adam tərk edib.
“Dövlətin inkişaf istiqamətindən narazılıq günü-gündən artır. Onlar bərbad iqtisadi vəziyyətdən narazıdırlar. Bir vaxtlar olduqca cazibəli görünən dövlət qulluğu indi gənclər üçün arzuedilməz hesab edilir. Çünki burada az maaş ödənilir, korrupsiya hökm sürür, təyinatlar isə ümumiyyətlə şəffaf deyil”,-deyə Berlində yerləşən Şərqi Avropa və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Feliks Kravatsek söyləyib.
F.Kravatsekin sözlərinə görə, Vladimir Putinin siyasətinə də artıq əvvəlki qədər etimad yoxdur. Əgər 2014-cü ildə bu göstərici 88% təşkil edirdisə, indi həmin rəqəm 68%-in altına enib.
“Atlantic Council” düşüncə mərkəzi də Rusiyanı tərk edənlərin 40%-nin əsas motivinin məhz ölkədəki siyasi iqlimlə bağlı olduğunu göstərib. Özü də onların 90%-i ali təhsillidir, yəni Rusiya özünün intellektual təbəqəsindən məhrum qalmış olub.
Ekspertlərin rəyincə, bu, həm Putin, həm də dövlət üçün uzunmüddətli demoqrafik problem yaradır. Ölkədə onsuz da ölüm sayı doğumu üstələyir. Üstəlik gedənlərin əksəriyyəti belə vəziyyət davam etdikcə geri dönməyi tamamilə istisna yol hesab edir.
“Onlar artıq Rusiya ilə çoxdan vidalaşıblar”,-deyə Feliks Kravatsek vurğulayıb.../musavat.com/
Oxşar xəbərlər