“Saudi Aramco” səhmlərini niyə satır?

  • 13 noy 2019, 09:45

İlham Şaban: "O alqı-satqıda nəhənglər iştirak edəcək”

Dünyanın ən bahalı şirkəti adını əldə edən Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” öz səhmlərinin 5 faizini, nəhayət ki, satışa çıxaracaq. 11 dekabrda həyata keçirilməsi planlaşdırılan ilk kütləvi satışda (IPO) səhmlər fərdi sərmayəçilərə təqdim ediləcək.

"Saudi Aramco”nun IPO üçün hazırladığı təqdimata görə, səhmlərə qiymət qoyulması fərdi sərmayəçilər üçün 17-28 noyabr, korporativ sərmayəçilər üçün isə 17 noyabr - 4  dekabrda reallaşdırılacaq. Səhmlərin son qiyməti 4 dekabrda elan ediləcək və şirkətin IPO-su Səudiyyə Ərəbistanının birjası "Tadawul”da 11 dekabrda reallaşdırılacaq. Səhmlərin yerləşdirilməsindən sonra Səudiyyə hökuməti "Aramco”nun səhmlərini 12 ay sata və 6 ay ərzində bazara yeni səhmlər çıxara bilməyəcək.

Təqdimatda "Saudi Aramco” səhmlərinin "Tadawul”da yalnız Səudiyyə Ərəbistanı riyalında satışa təqdim ediləcəyi qeyd olunub. Tələbin yüksək olması vəziyyətində xarici sərmayəçilərin riyal əldə edə bilməmələrinin IPO-ya mənfi təsir etməsi ehtimalı risklərdən biri kimi göstərilir. 

Təqdimata görə, 2018-ci ildə "Saudi Aramco”nun xalis mənfəəti 111 milyard dollar təşkil edib. Son qiymətləndirmələrə görə, şirkətin bazar dəyəri 1,7 trilyon dollardır. 5 faiz səhmin satışından sonra şirkətin bazar dəyərinin 2 trilyon dollara çatması  gözlənilir. Bu, "Apple”, "Microsoft”, "Alphabet” (Google) kimi texnologiya və "ExxonMobil”, BP, "Royal Dutch Shell” kimi enerji nəhənglərinin hər birinin bazar dəyərindən yüksəkdir.

Səudiyyə Ərəbistanının yataqlarında qalan neft ehtiyatları ilə əlaqədar verilən məlumata görə, şirkətin 209,1 milyard barel neft ehtiyatı mövcuddur. Bu miqdar ABŞ, Kanada, Rusiya, İraq və İran kimi neft ehtiyatı ilə zəngin ölkələrin ehtiyat miqdarlarından çox, yalnız Venesuelanın ehtiyatından azdır.

Təqdimatda "Saudi Aramco” səhmlərini alacaq sərmayəçilər üçün ola biləcək risklərə də yer verilib. Risklər qismində şirkətin fəaliyyətlərinin qlobal neft bazarındakı tələb və təklif dəyişiklikləri ilə xam neft qiymətlərindəki "dalğalanmalardan” təsirlənə biləcəyi qeyd edilib. Eyni zamanda şirkətin neft ixracatının əhəmiyyətli hissəsinin həyata keçirildiyi Asiya iqtisadiyyatlarındakı inkişafların "Aramco”ya da əks oluna biləcəyi qeyd olunub. Bundan başqa, iqlim dəyişikliyi ilə əlaqədar alternativ enerji mənbələrinə yönəlmənin gələcəkdə qlobal neft tələbinə mənfi təsir edərək şirkətin sərmayə və xərclərinə təsir edə biləcəyi vurğulanıb.

"Aramco”da hesab edirlər ki, Orta Şərqdəki siyasi, ictimai və silahlı qarşıdurmalar da şirkətin fəaliyyəti və maliyyə vəziyyətinə risklər yarada bilər.

Qeyd edək ki, "Saudi Aramco”nun səhmlərinin satışı ötən ilin ikinci yarısında baş tutmalı idi. Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. "Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın "Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə "Citi bank” həmin fondu idarə edəcək. "Aramco” daha əvvəl "JPMorgan Chase & Co”, "Morgan Stanley” və "HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Hazırda dünyada hasil edilən hər 8 barel neftdən birini "Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Səudiyyə Ərəbistanı və dünyanın  neft nəhəngini səhmlərini satışa çıxarmağa nə vadar edir? SOCAR, yaxud Dövlət Neft Fondu şirkətin səhmlərini ala bilərmi?

Bu, nə qədər səmərəli alver ola bilər? Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın "Yeni Müsavat”a dediyinə görə, Səudiyyə Ərəbistanının dövlət gəlirlərinin 90 faizdən yuxarısı neftdən əldə olunur: "2015-ci ildə neftin qiymətinin ucuzlaşması bu ölkənin gəlirlərini kəskin azaltdı, əhalinin vəziyyətinə mənfi təsir etdi. Bundan sonra ”Saudy Aramco"nun səhmlərinin bir hissəsinin satılması barədə qərar qəbul edildi. Ondan bəri hazırlıq işləri aparılıb, nəhayət, gələn ay satış baş tutacaq. Onlar 5 faiz səhmin satışından 100 milyard dollar əldə etmək istəyirlər".

Ekspert bildirir ki, satışa hazırlıq dövründə "Saudy Aramco”nun fəaliyyətində çox kəskin şəffaflaşma baş verib: "Bu sahədə dünyanın qabaqcıl şirkətləri səviyyəsinə çatmaq tendensiyası açıq görünür. Şirkətin saytında fəaliyyətin bütün sahələrinə dair detallı məlumatlar yerləşdirilib. Satış həm də şirkətin öz fəaliyyətini şaxələndirməsi prosesinin başlanğıcı hesab olunur. Şirkət fəaliyyətini yeni qaydalarla təşkilı etmək, menecmentdə keyfiyyəti yüksəltmək hesabına öz gəlirlərini daha da çoxaltmaq niyyətindədir”.

Səudiyyə şirkətinin səhmlərini satması dünya neft bazarında hansısa qiymət dəyişikliyinə gətirib çıxarmayacaq: "Qiymətləri tələb-təklif balansı müəyyənləşdirir. Bu baxımdan, ”Aramco"nun 10 faiz səhmi də satılsa, bazara təsiri gözlənilən deyil".

SOCAR və Dövlət Neft Fondunun "Aramco”nun səhmlərinə investisiya etməsini İ.Şaban mümkün saymır: "O alqı-satqıda texnoloji və maliyyə baxımından nəhəng şirkətlər iştirak edəcəklər. Nə SOCAR, nə də Neft Fondu o qədər böyük həcmli investisiya edəcək imkanda deyillər. Bu, heç əlverişli də deyil. Bir neçə milyard verib, dünya nəhənglərinin yanında çox xırda bir oyunçu kimi görünməkdənsə, xırda bazarda həmin vəsaitlə böyük oyunçu olmaq daha səmərəlidir”.

Oxşar xəbərlər