Əsəd Ərdoğana əl uzatdı - nələr olacaq?

  • 04 noy 2019, 09:12

"Milli maraqlar mövzu olduqda şəxsi duyğularımızı bir kənara qoymalıyıq”. Bunu Suriyada BMT-nin qəbul etdiyi hakimiyyətin başçısı Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş məsələsinə münasibət bildirərkən deyib. "Əgər görüşmək bir nəticə verəcəksə, milli maraqlar üçün hər addımın atılmasının vacib olduğunu söyləyə bilərəm”, - o vurğulayıb.

 

Suriya rəhbərinin bu açıqlaması Ərdoğanın onunla barışıb-barışmayacağı məsələsini bir daha gündəmə gətirib. Bununla bağlı fərqli mövqelər səslənir. Çoxları bunun baş tutmayacağını düşünsə də, əks fikirdə olanlar da var. Barışıq əldə olunarsa, bunun Türkiyənin lehinə və ya əleyhinə işləyəcəyi barədə də fərqli mövqelərə rast gəlirik.

 

Politoloq Əhəd Məmmədli Ərdoğan-Əsəd görüşünün baş tutacağını düşünür: "Bir neçə gün bundan əvvəl, səhv etmirəmsə, elə sizə verdiyim müsahibədə söyləmişdim ki, Putin Əsədə qulaqburması versə, ikinci ritorikasını o saat dəyişəcək. Elə də oldu. Bundan əvvəl Əsəd Ərdoğanı neft, torpaq oğrusu adlandırmışdı. Sonradan sözlərinin üstündə durduğunu bildirdi. İndi isə Əsəd Ərdoğanla görüşəcək eyhamı vurur. Gümanımız özünü doğrultdu, Əsəd Ərdoğanla görüşmək razılığı verdi. Çünki Putin belə istədi. Görünən odur ki, Putin Əsədi Ərdoğanla bir masa ətrafında otuzduracaq. Bu belə olan halda Ərdoğan Əsədin əlini tutacaq. Putin Ərdoğanla Əsədin barışmasını çox istəyir. Bu, Putinin əlinə oynayır. Siyasətdə hər şey mümkündür, daimi dostlar yoxdur, daimi maraqlar var. Amma Ərdoğan Əsədlə bir masaya otursa belə, tək oturmayacaq, ASO ilə birlikdə oturacaq. Bununla da Ankara ASO və digər özünə yaxın müxalif qüvvələrini Əsədə tərəf müqabili edəcək. Suriya məsələsində Ərdoğan üçün sünni müxalifətini arxasına almaq mühüm məsələdir. Ona görə də müxalifətin etimadı Ankara üçün önəmlidir. Yuxarıda qeyd edilənlərə söykənsək, Ərdoğan Əsədlə bir masa arxasında otursa belə, müxalifəti arxasına alıb oturacaq. Bununla da Əsədi məcbur edəcək ki, yeni Suriya quruluşunda müxalifətə də yer versin. Bütün bunların baş verməsi üçün də Ankaraya vacibdir ki ”Sülh çeşməsi" antiterror əməliyyatı tezliklə istədiyi kimi başa çatsın və təhlükəsizlik üçün qurulması nəzərdə tutulan tampon bölgəsinə Türkiyədə məskunlaşan suriyalı qaçqınlar yerləşdirilsin. İlk etapda bir milyon yarım qaçqının tampon bölgəyə köçürülməsi gözlənilir. Artıq Ankara tərəfindən bunun anonsu da verilib. Bax bu baş verəndən sonra Ərdoğan və yanına aldığı sünni müxalifət Putinin himayəsində olan ələvi iqtidarın qarşısında daha güclü şəkildə əyləşəcək.

 

Əhəd Məmmədli: "Görünən odur ki, Putin onları bir masa ətrafında otuzduracaq”

 

Barışıq müharibədən təbii ki, yaxşıdır. O cümlədən Türkiyə üçün də Suriyada barışıq müsbət nəticədir. Kim istəməz ki, onun sərhədlərində barışıq olsun, nəinki müharibə. Yuxarıda qeyd etdiyim şərtlər baş tutarsa bu Türkiyənin xeyrinə olacaq. Yəni bu prosesdə Suriya müxalifətinin maraqları da təmin edilməlidir. Fikrimcə, indiki şəraitdə Suriyada barışıq bütün tərəflərə lazımdır. Artıq Suriya bataqlığından çıxmaq vaxtıdır. Bunu hər kəs anlayır, istəyir və bu yöndə də Türkiyə ilə Rusiya birlikdə addımlar atır. Tam barışığın baş tutmasına hələ vaxt lazım olacaq. Lakin barışıq yönündə ilk addımları artıq atmaq lazımdır. Barışıq baş tutsa, zatən, Türkiyə və Rusiyanın razılığı əsasında baş tutacaq. Türkiyə Suriyada barış əldə edə biləcək iki tərəfdən biridir. Bu, artıq qardaş Türkiyənin Suriya və regionda nüfuzundan xəbər verir. Hər kəs bu məsələdə öz dövlət maraqlarından danışır. Bu da təbiidir. Suriya məsələsi həm Türkiyə, həm də Rusiyanın maraqları təmin olunacağı təqdirdə həll ediləcək".

 

 

Əziz Əlibəyli: "Türkiyə indiki haldan daha çox gəlir əldə edəcək”

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi ki, Ərdoğan və Əsədin barışmaması üçün heç bir prinsipial səbəb mövcud deyil: "Burada yeganə problem 8 il əvvəl Türkiyənin bölgəyə yönəlik siyasətini sırf dini ideologiya üzərində inşa etməsi idi. Bu, proses baş verməmişdən əvvəl Əsəd atasının dönəmindən etibarən yürüdülən Türkiyə düşmənçiliyi, buna görə kürd terrorunu bəsləmək niyyətindən ilk dəfə imtina edərək, ”Adana müqaviləsi"ni imzaladı. Bu, iki ölkə arasında ən ideal anlaşma idi və özündə təkcə PKK, PYD-ə qarşı birgə mübarizəni ehtiva etmirdi, həm də yaxşı niyyət göstəricisi kimi Suriya bir daha Hatay dəftərini də açmayacaqdı. Lakin Suriyada vətəndaş müharibəsi başlayan kimi Türkiyənin o zamankı xarici siyasətinin memarları yanlışa yol verərək ABŞ-ın diktəsi ilə Əsədi Suriyaya yeni yanaşmanın mərkəzinə qoydular və iki ölkənin münasibətləri siyasi deyil, dini xarakter alaraq, sünni və şiə məzhəblərinin savaşına döndü. İndi münaqişənin sadələşdirilmə yolu ilə həlli prosesini deduktivdən - induktivə tətbiq etməklə uğura nail oldular. Üstəgəl, 8 ildə Türkiyə təkcə PKK, PYD terroru ilə üz-üzə qalmadı, NATO-dan xəyanət gördü - ərəb ölkələrindən də onun kimi.

Amma Suriyada Türkiyə nə qazandısa, sırf Rusiyanın yürütdüyü Suriya siyasətinin nəticəsində əldə edə bildi. ABŞ siyasəti nəticəsində isə Türkiyə ərazisinə 4 milyondan artıq qaçqın aldı, üstəgəl, Suriyada kürd terrorçuları dövlət kimi bir qurum yarada bildi. Ən nəhayət, Suriyanın bütün neft ərazilərini ABŞ ələ keçirdi və ən sonda da İŞİD qalıqlarını Türkiyənin üstünə atdılar. Hazırda bütün hallarda Türkiyə üçün effektiv əməkdaşlıq formatı bölgədə Türkiyə-Suriya-İran-Rusiya formatından keçir. Ona da daxil gələcəkdə mütləq baş tutacaq Əsəd-Ərdoğan dialoqudur. Türkiyənin milli maraqları nəyi tələb edirsə, orda hakimiyyət nüfuzunu gözləmək vacib deyil. Görüş baş tutarsa, Türkiyə indiki haldan daha çox gəlir əldə edəcək. Ən əsası PYD-ə qarşı Əsəd onun əsas müttəfiqi ola bilər. Ərdoğan "Barış Pınarı” ilə nəzərdə tutulan bölgədə onsuz da uğur qazanmış sayılır. Amma bu uğur yarımçıq və natamamdır, ən qorxulusu, müvəqqətidir. Mütləq Əsəd hakimiyyəti ilə barışıb, mübarizə arealını böyütmək və Türkiyə sərhədi boyunca PKK, İŞİD, qaçqın təhlükəsini birdəfəlik qabaqlamaq olar. Türkiyə üçün bundan böyük uğur ola bilərmi? Ayrıca, Türkiyənin Əsədə münasibətini Ərdoğanın ABŞ-a baş tutacaq səfəri müəyyən edəcək".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər