Kürdlər Türkiyə-Suriya sərhədindən çəkildi

  • 29 okt 2019, 09:11

"Sülh Çeşməsi” faktiki olaraq başa çatdı, kürdlər Türkiyə-Suriya sərhədindəki bütün məntəqələri itirdi

Oktyabrın 28-də Türkiyə və Rusiya prezidentləri arasında əldə olunmuş Soçi razılaşması əsasında kürdlərə verilən vaxt başa çatıb. Xatırladaq ki, Putin və Ərdoğan arasında Soçidə oktyabrın 22-də 6 saatlıq danışıqlardan sonra əldə olunan anlaşmaya əsasən kürd qüvvələri 150 saat ərzində Suriya-Türkiyə sərhədindən geri çəkilməli idi.

Oktyabrın 27-də Suriya XİN bəyanat yayaraq kürd qüvvələrinin (SDQ və YPG) Soçi anlaşması çərçivəsində Suriya-Türkiyə sərhədindən çəkilməyə başladığını bəyan edib. Bundan əvvəl isə SDQ bəyanat yayaraq sərhəddən çəkiləcəyini bildirib. Bununla da "Sülh Çeşməsi” əməliyyatı rəsmən başa çatmış hesab olunur.

Oktyabrın 28-də isə Rusiyanın Suriyada tərəfləri uzlaşdırma mərkəzinin rəhbəri Sergey Romanenko bəyan edib ki, Rusiya hərbi polisi kürd qüvvələrini Suriya-Türkiyə sərhədindən 30 kilometr dərinliyə qaytarmağa yardım edir. Onun sözlərinə görə, proses günün sonuna qədər davam edəcək və Soçidə müəyyən olunmuş təqvimdə başa çatacaq. Bundan sonra isə əməliyyat bölgəsinin şərqi və qərbindəki 10 kilometrlik dərinlik ərazidə Qamışlı ərazisi istisna olmaqla, Rusiya və Türkiyə hərbi qüvvələri ortaq patrul həyata keçirəcək. Bu prosesdə kürd qüvvələrinin Menbic və Tel-Rəfatı tərk etməsi də nəzərdə tutulur. Romanenko bildirib ki, bununla da Türkiyə-Suriya sərhədində sabitlik əldə olunacaq.

Qeyd edək ki, ötən həftə Rusiya Suriyanın şimalına 300 çeçen hərbçidən ibarət hərbi polis batalyonu göndərib. Bu qüvvələr kürdləri təyin olunmuş bölgədən çıxarmalı, Soçi anlaşması ilə təyin olunmuş zolağı kürd qüvvələrindən təmizləməlidir. Artıq Türkiyə-Suriya sərhədinin kürdlərdən azad edilən digər bölgələrinə Suriya ordusu qüvvələri yerləşdirilib və artıq 11 sərhəd məntəqəsi qurulub.

Xatırladaq ki, "Sülh Çeşməsi” Türkiyənin Suriyanın şimalında keçirdiyi sayca 3-cü əməliyyatdır. Bu əməliyyatın hədəfi İraq sərhədindən Cerablusa qədər olan 440 kilometrlik ərazidə Türkiyə-Suriya sərhədini kürd silahlı qruplarından təmizləmək, ərazidə "sülh dəhlizi” yaratmaq olub. Əməliyyat 8 gün, oktyabrın 9-dan 17-dək davam edib. Bu müddətdə Türkiyə ordusu və Suriya müxalif qüvvələri 1500 kv.km ərazinin, o cümlədən Tel Abyad və Ras əl-Ayn şəhərləri də daxil olmaqla, 120 kilometrlik zolağı nəzarətə götürüb. Bundan sonra Vaşinqtonun araya girməsi ilə atəşkəs elan olunub və kürdlərin 120 saat ərzində bölgədən, yəni Türkiyənin tələb etdiyi 30 kilometrlik zolaqdan çıxması razılaşdırıb. Bunun əvəzində isə Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib. Lakin əməliyyatın gedişində kürdlərin Rusiya ilə anlaşıb Suriya qüvvələrini öz ərazilərinə buraxması Ərdoğanın kürd məsələsini bu dəfə Putinlə müzakirə etməsinə səbəb olub. 22 oktyabrda Soçidə əldə olunmuş 10 maddəlik razılaşmaya əsasən kürdlər bu dəfə Rusiyanın vasitəçiliyi ilə 150 saat ərzində Türkiyə-Suriya sərhədindən çıxmalı idi. Əks təqdirdə, Türkiyə yenidən əməliyyatları bərpa etmək haqqını özündə saxlayırdı. Lakin son hadisələr göstərir ki, Moskva bu razılaşmaya əməl edir və bununla da faktiki olaraq Türkiyənin Suriyadakı sayca 3-cü əməliyyatı olan "Sülh Çeşməsi” başa çatmış sayılır.

"Yeni Müsavat”

Oxşar xəbərlər