AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb

  • 11 sen 2019, 00:04

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (Aevarsdottir) ölkəyə üçgünlük səfərini yekunlaşdırıb.

Səfər zamanı AŞPA məruzəçisinin beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus olaraq qəbul edilən Taleh Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəyli ilə görüşdüyü bildirilir.

Ölkədəykən rəsmi görüşlərin təşkilində göstərdiyi dəstəyə və məruzəçinin səfərini asanlaşdırdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür edən Evarsdottir hakimiyyətin "konstruktiv münasibət”indən təsirləndiyini bildirir.

"Bu konstruktiv münasibət, görüşdüyüm bütün insanların bu çətin və həssas problemi müzakirə etməyə və həll yolu tapmaq üçün Avropa Şurası ilə birlikdə işləməyə hazır olması məni ruhlandırdı,” – o deyib.

"Dörd məhbusdan əlavə, bir sıra hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri, habelə yerli diplomatik icma üzvləri ilə görüşə bildim,” – məruzəçi deyib.

"Bu intensiv səfər hazırkı vəziyyəti nəzərdən keçirəcək və gələcək irəliləyiş üçün tövsiyələr verəcək hesabatım üçün möhkəm zəmin hazırladı,” məruzəçi deyib və hesabatı bu ilin sonuna qədər AŞPA-nın Hüquq Məsələləri Komitəsinə təqdim edəcəyini bildirib.

Oxşar xəbərlər