Xəbər lenti
Bütün xəbərlər

Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?

  • 10 avq 2019, 21:11
"Demokratik.Az" saytına Bakıda fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi idarəçilərinin adından maraqlı müraciət mətni daxil olub. Həmin müraciətdə göstərilənlər müvafiq agentlikdə direktor müavini vəzifəsini icra edən Amil Əlilinin açıqlamaları əsasında mediaya dərc edilən çeşidli yazılara Bakının peşə məktəblərinin idarəçilərinin cavab haqları da sayıla bilər.
"Demoktratik.Az"-ın elektron poçtuna daxil olmuş müraciətin mahiyyətini vacib və ictimai əhəmiyyətli hesab edirik və şərhsiz dərc edirik:
TAM MƏTNİ TƏQDİM EDİRİK: "Müraciətimizin məqsədi artıq uzun müddətdir izləyib fikir bildirə bilmədiyimiz Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlilinin təhsil idarəediciliyinə və onun tutduğu vəzifəyə yaraşmayan qanun pozuntuları haqqında məlumat verməkdir. Təssüf hissi ilə qeyd edirik ki, sosial şəbəkələrdə və oxucuların ən çox izlədiyi saytlarda peşə liseylərində məktəb direktorlarının azğınlaşmış əməlləri ilə bağlı informasiyalar son vaxtlarda daha çox yayılır. Belə paylaşımlar ictimaiyyətin bu sistemə inamını tamamilə itirir. Biz də bu sistemdə işlədiyimiz üçün və paylaşılanların real olduğunu bildiyimizə görə üzə vurmasaq da utanırıq. Peşə Təhsili üzrə Agentliyin direktor müavini cənab Amil Əlili passiv fəaliyyəti olan, idarə etdiyi məktəbin adı maliyyə pozuntusunda tez-tez hallanan, müəllim, tələbə və valideynlərin ən çox şikayət etdiyi direktorların işinə son vermək əvəzinə onları daha perspektivli mərkəzlərə direktor təyin etdirir. Həmin direktorlarla iş birliyi olduğuna görə A. Əlili onların yanında gözü kölgəlidir.
Beləliklə də müəssisələrdə tam nəzarətsizlik hökm sürür.
Agentliyin inzibati binasında cari tədris ilində direktorlar üçün keçirilən iclasların birində Amil Əlili öz çıxışı zamanı dedi ki, əgər aranızda biriniz desə ki, mənim məktəbimdə tələbələrin dərsə davamiyyəti 50 faizdən yuxarıdır elə bilərəm mənə Məlikməmmədin nağılını danışırsınız.
Bu çıxışından sonra o tamamilə gözlərdən düşdü. Əgər bu gün tələbələrin davamiyyətsizliyi artırsa, deməli direktorların bunda marağı var. Cənab Əlili bunu tənbeh kimi deyib susurdusa, bəs niyə həmin direktor və müavinlərə qarşı tədbir görmürdü?
Tam əminliklə deyə bilərik ki, müəssisələrin çoxunda istehsalat təlimi və təcrübəsi proqramları düzgün həyata keçirilmir. Direktorlar məktəbin büdcədən kənar gəlirlərini , icarəyə verdikləri emallatxana , idman zalı və digər mənbədən gələn gəlirlərini , ödənişli əsaslı təhsildən qazanclarını texniki bazanın gücləndirilməsinə, avadanlıqların alınmasına sərf etmir, şəxsi maraqlarına yönəldir.
Müəllimlərin işə qəbul imtahanını formal hesab edərək qeyri – qanuni yollarla məktəbdaxili saxta əmrlərlə müəllimləri işə götürür və bununla da dövlət büdcəsini mənimsəyirlər. Peşə Təhsili üzrə Dövlət Agentliyi müəssisələrinə təşkilati dəstəyi yoxdur. Avropa təlimə dəstək ittifaqının və Almaniyanın GİZ təşkilatının keçirdiyi təlimlərdən sonra yeni modullarla dərslik və metodiki vəsaiti birləşdirib modul yazan kollec təhsilli istehsalat təlimi ustalarının hazırladıqları modul dərsliklər bağışlanılmaz səhvlərlə dolu bir-biri ilə uyuşmayan plagiat məlumatlar yığını olduğuna görə həmin dərsliklərin təhsilanlara verilməsi onları səhv istiqamətə yönləndirmək deməkdir. Agentlik tərəfindən məktəblərdə keçirilən forma yoxlama komissiyalarından sonra hansı direktorlar Amil Əlilini görür haqqını çatdırırsa qısa müddət sonra onların statusu yüksəlir. Bu ilin yerdəyişmələrində məhz Famil Mustafayevin və Amil Əlilinin yaxın olduqları direktorlar yeni təyinat aldılar. İş o yerə çatıb ki, A.Əlili ilə yaxın olan direktorlar öz aralarında danışanda deyirlər ki, filankəs yaxşı oğlandır düz-qoş etdik onu filan yerə direktor göndəririk.Bir neçə gün keçir və biz görürük ki , doğurdan da həmin filankəs artıq direktordur. Amil Əlili Agentliyin əvvəlki direktoru Famil Mustafayevin təlimatları əsasında
işləyir. Onun davamlı Ali Atesstasiya Komissiyasına gedib daxili məlumatları verdiyinin şahidi olanlar var. Buna görə də Agentliyin 70 faizi F.Mustafayevin qohumları , direktorların əksəriyyəti isə onun həm qohumları həm dostlarıdır. Famil Mustafayevin dostları Rəhim Ağamalıyev, Fazil İsmayılov, Yusif Əmralıyev, Qalib Həsənov , Fatma Çəndirli və digərlərinin peşə təhsilini korrupsiya bazarına çevirməsini təsadüf saymaq olmaz. Bəs bu gün niyə bu proses dayandırılmır? Tikinti Quraşdırma işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Vilayət Kərimovun heç bir fəaliyyəti olmadığı halda Rabitə və İnformasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yerdəyişdirilməsinə necə obyektiv baxmaq olar? Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilən 2 saylı Bakı Peşə Liseyinin tədris-istehsalat işləri üzrə direktor müavini Xalidə Hümmətova illərdir ki, tələbələri buraxıb peşəni viranə qoyanlar sırasında idi. Xəbər çıxartdılar ki, onu işdən çıxardırlar. Sonra bir baxdıq ki , Xalidə xanım 9 № -li peşə liseyinə direktor əvəzi gedib Amil Əlilinin təqdimatı ilə. Həmin liseyin direktoru Mətləb Hüseynovu işdən çıxaracağı ilə hədələyən və özünə yaxın bildiyi direktorların yanında onun arxasınca gileylənən A. Əlili onu da ən böyük mərkəzlərdən birinə təyin etdirdi. 12 №-li Bakı Peşə
Liseyinin tədris-istehsalat işləri üzrə direktor müavini Şahin Bəylərov isə işdən çıxması haqqında ərizəsini yazdığı halda hələ də öz vəzifəsini icra edir. Bizə də deyir ki, Amil Əlili mənə olan 60 min borcunu ödəsin ki, mən gedim ! Əks halda hünəri var çıxartsın məni işdən və görsün ki, nələr olur.
2017/2018 -ci tədris ilində Agentliyinn əvvəllki direktoru tərəfindən bir çox peşə liseylərində yoxlama keçirildi.Həmin müəssisələrin böyük maliyyə pozuntuları Təhsil Nazirliyindən gizlədildi və direktorlara töhmət verməklə kifayətləndi. 2018/2019 tədris ilində cənab F.Mustafayev Agentliyi tərk etdikdən sonra isə vəziyyət daha çox pisləşdi və rüşfətxoruq baş alıb gedir. Hər bir peşə müəssisəsində yaşı 65 –i keçən və elmi dərəcəsi olmayan onlarla əmək funksiyasını zəif icra edən kadrlar vardır. Belə kadrlar baş verən qanunsuzluqları Təhsil Nazirliyinə şikayət edəcəkləri ilə Amil Əlilini hədələdiklərinə görə Agentlik bütün müəssisələrdə kifayət qədər təqaüd yaşına çatmış kadrları işdən çıxarda bilmir. Agentliyin peşə təhsilində səriştəsi az olan işçilərinin yol verdiyi bağışlanılmaz səhvlər müəssisələrin dərs yükü bölgüsündə və tarifləşməsində maliyyə pozuntusuna səbəb olur.Bu isə bir daha Agentliyin işindəki böşluğu göstərir. Dövlət İmtahanlarda monitorinqlərin təşkil olunmaması , istehsalat təlimi və təcrübə proqramlarının keçirilməsi üçün şəraitin yaradılmaması heç bir şirkət və işəgötürülənlərə əməkdaşlığın yaradılmasında Agentliyin dəstəyinin olmaması və nəzarətsizlik, tələbələrin davamiyyətsizliyinə və burda təhsil alanların peşə təhsilinə diplomu satın almaq düşüncələrini dəyişmir.
Bütün müəssisələrdə tələbələrin əksəriyyəti real istehsalat əvəzinə aylığa buraxılır və bu bir ənənəyə çevrilib.Bu sistemi düzəltməyə çalışan təcrübəli kadrlar isə təklənərək sistemdən çıxarılır.Arada bir iki peşə mərkəzini istehsalata göndərib şəkil çəkdirib Agentliyin səhifəsinə yerləşdirməklə peşədə inkişaf olmaz.
Sevindirici haldır ki, Agentliyin yeni direktoru cənab Pərviz Yusifovun təyinatından sonra yaxşılığa doğru dəyişikliklər görürük. Direktorlar şurasının keçirilməsi , Pərviz müəllimin məktəbləri gəzməsi, problemləri həll etmə istiqamətindəki addımlarını yüksək qiymətləndiririk. Ancaq Amil Əlilinin vəzifə səlahiyyətlərindən istifadə edərək direktorlarla kobud rəftarı, prinsip aparmağı və qərəzli münasibəti hələ də davam edir. O, qanunsuz işlədiklərini bildiyi direktorlarla əl bir işləyir.Kimlərin ona nə qədər verdiyi sirr deyil. Əslində direktorlar da özlərini risqə atırlar. Həddlərini aşanlar çoxdur. İşləyənlər isə az.
Amil Əlili öz yaxınlarını məktəblərdə yerləşdirdiyinə və direktorlarla aranı açdığına görə öz vəzifəsini qeyri-şəffaf idarə edir. Məktəblərdə Təhsil Nazirliyinin maliyyə yoxlamaları keçirilsə o nəinki işdən çıxardılacaq, məsuliyyətə cəlb ediləcəyini belə gözləyirik.
Ümid edirik ki, Agentliyin direktor müavini Amil Əlili günahsız insanları haqsız olaraq cəzalandırdığına görə onun fəaliyyəti və yeni təyin olunan direktorların fəaliyyəti araşdırılacaqdır.
Hörmətlə, Bakı Peşə müəssisələrinin rəhbər işçiləri".
Deyilən ittihamlarla bağlı qarşı tərəfin də cavabını almağa çalışacağıq.
Demokratik.Az saytı yazıda adıkeçənlərin söz haqqına sayğısını ifadə edir
 
Demokratik.Az
Oxşar xəbərlər