Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə

  • 11 iyul 2019, 21:35

Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasında gərginliklər getdikcə artır. Ötən gün Ermənistan paytaxtında eks-prezident Robert Köçəryanın tərəfdarları ilə polis arasında toqquşma baş verib. Erməni mediasının yaydığı məlumata görə, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın kortejinin qarşısını kəsməyə çalışarkən qarşıdurma baş verib.

Toqquşmalar zamanı 6 nəfərin həbs olunduğu deyilir. İki klan arasında ziddiyyətlər həm də Dağlıq Qarabağdakı qondarma rejimin "seçki” keçirməklə bağlı planlarından qaynaqlanır. Belə ki, 2020-ci ildə separatçılar Bako Saakyanı əvəzləmək  üçün hazırlıq görürlər. N.Paşinyan da öz namizədini Xankəndindəki rejimin başına gətirmək istəyir. Üstəlik, daşnaklar hakimiyyəti ələ keçirmək üçün ssenarilər hazırlayıb. Separatçı rejim R.Köçəryanın azadlığına nail olmaqla öz planını reallaşdırmaq istəyir. Köçəryanın vəkillərinin onu pul girovluğu müqabilində azadlığa buraxdırmaq cəhdi isə hələlik nəticə vermir. Belə ki, məhkəmə müraciətə baxılmasını uzadır. Bu mənada daha ciddi hadisələrin baş verəcəyi istisna deyil.  

Virtualaz.org da xəbər verir ki, Qarabağda maraqlı hadisələr cərəyan etməkdədir. Bu hadisələrin fonunda bəzi geosiyasi mərkəzlərin maraqları da görünməkdədir. Belə qənaətlə Ermənistanda nəşr edilən "Past” qəzeti çıxış edib. Qəzetin bu qənaətə gəlməsi üçün səbəblərdən biri Dağlıq Qarabağın keçmiş "müdafiə naziri”, general Samvel Babayanın Azərbaycanın işğal altındakı ərazilərində hakimiyyətə gəlmək üçün yürütdüyü fəaliyyətdir. Babayan gələn il keçiriləcək "prezident seçkilərində” namizədliyini irəli sürə bilməz, çünki qondarma rejimin indiki "konstitusiyası” buna imkan vermir. Babayan "Dağlıq Qarabağ vətəndaşı” deyil. Lakin o tərəfdarlarını toplayaraq "konstitusiyanı” dəyişdirməyə çalışır, imza toplayır. Hazırda Babayan 15-20 minə yaxın imza toplayıb. Dağlıq Qarabağın "təhlükəsizlik xidməti” isə ona eyhamla bu günlərdə belə xəbərdarlıqla çıxış edib ki, hakimiyyət "antikonstitusion addımların, qanunsuzluğun, sabitliyi pozmaq cəhdlərinin” qarşısını alacaq. Hakimiyyətə yaxın KİV-lərdə belə məlumatlar dərc olunur ki, Babayan Qarabağda çaxnaşma yaratmağa, destablizasiyaya hazırlaşır. Məqsəd isə Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməsi yolu ilə münaqişənin nizamlanması planlarını həyata keçirməkdir. "Beləliklə, yaxın vaxtlarda Qarabağda maraqlı hadisələr gözlənilir və bizim məlumatlarımıza görə, Dağlıq Qarabağ hakimiyyəti yolverilməz hərəkətlərin qarşısını almaq üçün bütün səyləri göstərir”, - qəzet belə yazır.

Xatırladaq ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı qondarma rejim arasında münasibətlər mürəkkəbdir. Bu münasibətlərin gələn il keçiriləcək "seçkilərə” doğru daha da gərginləşəcəyi gözlənilir. Çünki məlumatlara görə, Paşinyan Qarabağda öz adamını hakimiyyətə gətirməyə çalışır, Qarabağ klanı isə öz adamlarını-general Vitali Balasanyanı "prezident” etmək istəyir.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır:"Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir. Demək olar ki, özlərini "demokrat” adlandıran elektorat ölkədə bir hakimiyyətlilik formalaşdırır. Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız öz sisteminin möhkəmlənməsinə çalışır. Onun "Qarabağ klanı” ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir”.

Ekspert hesab edir ki, Paşinyan işğal olunmuş ərazilərdəki "prezident seçkilərində” öz namizədinin qalib gəlməsinə çalışır: "Ona görə də gələn ilə kimi məhz çalışır ki, Köçəryanı həbsdə saxlamaqla Qarabağ klanının Xankəndindəki nüvəsini zərərləşdirsin. Bu istiqamətdə Sərkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verməyə başlayıb. Bununla o, Bako Saakyan və Vitali Balansanyanın ñövbəti planın qarşısına S.Babayanı çıxarır. Əgər gələn il Xankəndində qondarma qurumda öz adamını rəhbər gətirə bilsə, Köçəryanı həbsdən azad edəcək və demək olar ki, Qarabağ klanını tam zəiflədəcək. Rusiyanın proseslərə müdaxiləsinə gəldikdə isə, soyuqlar yaxınlaşdıqca, Kreml Paşinyana qarşı enerjidaşıyıcılarının qiymətlərini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehrandan istehlak üçün qaz anlaşmasına gedir”.

M.Əsədullazadə bildirdi ki, göründüyü kimi, Ermənistanda mövcud vəziyyət səbəbindən Paşinynanın Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət təşəbbüsü olmayacaq: "Əsas problem olaraq Qarabağda öz adamını rəhbərliyi gətirməyə çalışır. Bundan sonra danışıqlarda müəyyən proseslər canlana bilər. Qeyd edim ki, hazırda Paşinyan danışıqlarda maraqlı deyil və indi də işğal olunmuş ərazilərdə seçki şousuna gedir. Burada Qarabağ klanı ilə "ölüm, ya olum” mübarizəsi başlayacaq”.

Azərbaycanın təmkinli mövqeyinə gəldikdə, ekspert hesab edir ki, görünür, baş verən proseslərdə Qarabağ klanının sistemdən uzaqlaşdırması üçün Paşinyana növbəti şans tanınıb: "Xarici işlər nazirlərinin Vaşinqton görüşündə gizli detallarda məhz atəşkəsə tam riayət olunmasının razılaşdırılmasının arxasında yeni bir mərhələnin olduğu nəzərə çarpır”.

Cavid TURAN,
Musavat.com

Oxşar xəbərlər