Kanada kütləvi qırğının bir addımlığından yaxa qurtardı

  • 14 fev 2015, 18:05

Kanadanın Halifaks şəhərində terror hücumunun qarşısı alınıb.

Demokratik.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, polis Müqəddəs Valentin günündə iri alış-veriş mərkəzlərindən birində terror aktı planlaşdıran iki nəfəri ifşa edib. "Associated Press" agentliyinin yaydığı xəbərdə deyilir ki, həmin şəxslər alış-veriş mərkəzində mümkün qədər çox adam öldürdükdən sonra öz üzərilərindəki partlayıcı qurğuları işə salmağı planlaşdırırmışlar.

Halifaks polisi şübhəli şəxslərin ekstremizmlə heç bir əlaqəsinin olmadığını, onların uzun müddət izlənildiklərini və kompüterlərində kütləvi qırğın şəkillərinin aşkar edildiyini bildirib.

Şübhəlilərdən biri - 23 yaşlı amerikalı qadın ABŞ-ın İllinoys ştatından Kanadaya gələrkən hava limanında həbs edilib və terror planını etiraf edib. Digəri - 19 yaşlı oğlan isə polisin onun evini mühasirəyə alması zamanı təslim olmaqdan imtina edib və özünü güllələyib. İfşa edilmiş terror planı ilə əlaqədar 17 və 20 yaşlı daha iki Kanada vətəndaşı da saxlanılıb və hazırda onların terror planındakı rolu araşdırılır.

 

Demokratik.Az