İran - ABŞ: “Nə hərb, nə sülh” yolu

  • 06 iyun 2019, 13:22

Tramp İranla əl sıxışmağa hazırlaşmır, amma müharibə də istəmir, ABŞ prezidentinin Yaxın Şərq prioritetləri

İranın xarici işlər naziri Cavad Zərif deyib ki, ABŞ embarqoları ləğv etməsə, iki ölkə arasında dialoq başlamayacaq. Vaşinqtonun İrana qarşı embarqolarını "iqtisadi müharibə” adlandıran XİN rəhbəri sosial şəbəkədə yazdığı statusunda ölkəsinə qarşı embarqoların günahsız uşaqları hədəfə aldığını deyib. Zərif deyib ki, ABŞ-ın İrana qarşı embarqolarının bu ölkənin nüvə proqramı ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, ötən həftə Yaponiyada səfərdə olan ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olduqlarını bildirib. İki gün əvvəl isə ABŞ dövlət katibi Maykl Pompeo İsveçrədə səfərdə olarkən bildirib ki, ölkəsi İranla "heç bir ön şərt olmadan” danışıqlara başlamağa hazırdır.

Buna cavab olaraq İran prezidenti deyib ki, normal şərtlərə, yəni sanksiyalardan əvvəlki dövrə qayıtmasalar, İranla ABŞ arasında dialoq mümkün deyil. Ruhani deyib ki, müzakirələri ciddi qəbul etməyən və müqavilə şərtlərini ləğv edən tərəf normal şərtlərə qayıtmalıdır. Buna qədər isə İran müqavimət göstərməyə davam edəcək.

Sitat: "Düşmən getdiyi yolun səhv olduğunu anlayarsa, müzakirələrə qayıtmaq və hər hansı problemi həll etmək zamanı gəlmiş olacaq”.

Ancaq məlum olduğu kimi, Pompeo İsveçrədəki açıqlamasında danışıqlara əsas şərt kimi "iranlıların normal dövlət kimi mövqe göstərməyə başladıqdan sonra danışıqlar” aparıla biləcəyini deyib. Üstəlik, Pompeo deyib ki, "ABŞ İranın bir daha nüvə silahı istehsal etməyəcəyinə zəmanəti nəzərdə tutan yeni saziş imzalamağa hazırdır”.

Lakin bölgə analitikləri Vaşinqtonun Tramp zamanında ilk dəfə olaraq ön şərtsiz danışıqlara hazır olmasını münasibətlərin yumşalması, müharibə riskinin azalması kimi dəyərləndirir. Çünki bilindiyi kimi, may ayında ABŞ-İran münasibətləri kəskin şəkildə pisləşib. ABŞ hakimiyyəti İrana neft satışı üçün 8 ölkəyə verilmiş güzəştləri ləğv edib. Bundan sonra isə Tehran nüvə anlaşmasından bəzi öhdəliklərdən geri çəkildiyini bəyan edib. Vaşinqton isə İrana qarşı metallurgiya sahəsində embarqolar tətbiq edib.

Eyni zamanda ABŞ ordusunun "USS Abraham Linkoln” təyyarədaşıyan gəmisi, həmçinin "USS Arlington” döyüş gəmisi Fars körfəzinə göndərilib, Qətərdəki aviabazaya isə B-52 taktiki bombardmançıları yerləşdirilib. Vaşinqton bəyan edib ki, İranın regiondakı ABŞ maraqları və qüvvələrinə hücumla bağlı kəşfiyyat məlumatı əldə olunub. Daha sonra isə Tramp körfəzə 1500 ABŞ hərbçisi göndərilməsi ilə bağlı qərar imzalayıb.

Bunun ardınca mayın 12-də əvvəlcə Oman körfəzində 4 neft tankerinə hücum baş verib, bir neçə gün sonra isə Səudiyyə Ərəbistanında neft kəmərinə dron hücumu baş verib və ABŞ-ın Bağdaddakı səfirliyinə raket atılıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə tankerlərə hücuma görə İranı ittiham edib.

Ancaq sonradan vəziyyət dəyişib. ABŞ prezidenti İranla savaşmaq istəmədiklərini, danışıqlara hazır olduqlarını deyib. Ardınca isə dövlət katibi Pompeo İranla ön şərt olmadan danışıqlara hazır olduqlarını bəyan edib.

Lakin mütəxəssislərə görə indiki şəraitdə ABŞ və İranın yenidən masa arxasında anlaşması real deyil. Çünki Vaşinqton İranın yalnız nüvə məsələsi deyil, raket proqramı və Yaxın Şərqdəki silahlı qruplara dəstəyi dayandırmasını tələb edir. Yeri gəlmişkən, ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə anlaşmasına riayət etdiyi ilə bağlı hesabat açıqlayıb. Əlbəttə ki, bunu Vaşinqton rəsmiləri də bilir. Baxmayaraq ki, Tramp 2018-ci ilin mayında nüvə anlaşmasını ləğv edərkən əsas şərt kimi yeni və "Vaşinqtonun maraqlarına cavab verən” yeni bir anlaşma imzalamağı təklif etmişdi. Ancaq eyni zamanda Vaşinqton rəsmiləri İranın ballistik raket proqramını dayandırması, həmçinin Yaxın Şərqdəki silahlı qruplara dəstəyi dayandırması şərtini irəli sürüb. Doğrudur, indi Pompeo İranla ön şərtsiz danışıqlara hazır olduğunu bildirir, lakin aydındır ki, Vaşinqtonun gündəmində əsas mövzu məhz İranın Yaxın Şərqdəki fəaliyyətləri və artıq birbaşa İsraili hədəfə ala biləcək ballistik raketlərə sahib olması təhlükəsidir.

Tehran isə 2015-ci ildəki vəziyyətə geri dönməyi istəyir. Bu isə o deməkdir ki, İrana qarşı embarqolar ləğv olunmalıdır. Trampın isə Yaxın Şərqdə iki əsas prioriteti var. Birincisi, Amerikada yəhudi lobbisinin dəstəyini almaq üçün Fələstin münaqişəsinin həllinə nail olmaq. İkincisi isə varlı ərəb ölkələrinə daha çox silah satmaq və onlardan daha çox pul qopartmaq. Bu isə o deməkdir ki, Vaşinqton Tehranla Obama dövründə olduğu kimi razılaşma əldə etməyə hazırlaşmır. Amma müharibə etmək də istəmir. Ən pis halda gələnilki seçkilərə qədər İran və ABŞ arasında "nə hərb, nə sülh” vəziyyəti davam edəcək.

Kənan Rövşənoğlu,
"Yeni Müsavat”

Oxşar xəbərlər