Sudanda nə baş verir?

  • 04 iyun 2019, 22:14

Ömər əl-Bəşirin ölkəsində hərbçilər hakimiyyəti ələ keçirməyə çalışır, arxalarında isə güclü region dövlətləri var

Sudan Hərbi Keçid Şurası müxalifətlə danışıqları dayandırıb. Bu barədə Şuranın yaydığı rəsmi açıqlamada qeyd olunur. Eyni zamanda Hərbi Keçid Şurası beynəlxalq və regional müşahidənin də iştirakı ilə 9 ay ərzində seçkilərə gediləcəyini bəyan edib.

Xatırladaq ki, Sudan paytaxtında ordunun hakimiyyəti mülki hökumətə verməsi tələbi ilə müxalifətin bir neçə həftədir davam edən oturaq aksiyasına ötən gün ordu qüvvələri müdaxilə edib. Hərbçilərin etiraz aksiyasının davam etdiyi meydana hücumu nəticəsində 35 mitinq iştirakçısı öldürülüb, etiraz çadırları dağıdılıb. Etirazların təşkilatçısı olan "Azadlıq və Dəyişiklik Bildirişi Qüvvələri” Hərbi Keçid Şurasını dinc əhaliyə qarşı qətliam törətməkdə ittiham edib.

Bundan sonra ordu müxalifətlə bütün anlaşmaları ləğv edib və 9 ay ərzində seçkilərə gedəcəyini bəyan edib. Ancaq müxalifət hərbi rejimin 9 ay içərisində seçkilərə getmək planını rədd edir. Müxalifətin liderlərindən olan Madani Abbas Madani bildirib ki, etirazlar hərbçilər hakimiyyəti təhvil verənə qədər davam edəcək. Müxalifət hərbi qüvvələrin xalq inqilabının nəticələrini mənimsəməkdə ittiham edib.

Hərbi Keçid Şurası isə Xartumda ordu Baş Qərargahı qarşısında baş verən zorakılıqların araşdırılacağına söz verib. Qeyd edək ki, Sudanda hökumət əleyhinə etirazlar ötən ilin dekabrında başlayıb. İlk vaxtlarda əhali əsasən sosial və iqtisadi şüarlar, çörəyin bahalaşmasına etiraz edib. Ancaq daha sonra aksiyalar Sudanı 30 ildir idarə edən Ömər əl-Bəşirə qarşı aksiyalara çevrilib və bu ilin aprelin 11-də Ömər əl-Bəşirin istefası ilə nəticələnib. Ancaq bundan sonra hakimiyyətə ordu əl qoyub, Hərbi Keçid Şurası dövləti idarə edib və 2 il ərzində seçkilərin keçirilib hakimiyyətin mülki hökumətə veriləcəyini bəyan edib. Ancaq müxalifət bununla razılaşmır.

Lakin indi Sudandakı proseslər getdikcə regional və siyasi-ideoloji mübarizəyə çevrilir. Məsələ ondadır ki, keçmiş "ixvançı” Ömər əl-Bəşir hər nə qədər islamçı kimliyindən uzaqlaşsa da, Qətər, Türkiyə, İran kimi ölkələrlə normal münasibətləri davam etdirirdi.

Baxmayaraq ki, eyni zamanda Səudiyyə Ərəbistanı ilə ittifaqa daxil olmuşdu. Ancaq əl-Bəşirin xalq etirazları nəticəsində devrilməsindən sonra iqtidarı ələ keçirən ordu açıq şəkildə körfəz ittifaqı və Səudiyyə Ərəbistanı ilə yaxınlaşdı, krallıq isə yeni hərbi hökumətə 3 milyard dollar yardım etdi. Səudiyyə Ərəbistanı krallığı yeni Sudan hakimiyyəti ilə yaxınlaşmağa, daha dəqiqi Sudanı öz orbitində saxlamağa çalışır. Hərbçilər isə həm Səudiyyə, həm də Misirlə yaxın əlaqələr qurmaqda maraqlıdır. Görünən odur ki, xaricdən, özü də qüdrətli yaxın qonşulardan dəstək alan Sudan generalları iqtidarda möhkəmlənməyə çalışır. Yeri gəlmişkən, ötən həftə hərbi şuranın rəhbəri və şuranın sözçüsü Misirdə, eləcə də BƏƏ və Səudiyyə Ərəbistanında səfərdə olub.

Mülki müxalifət isə aramsız etirazlar və qan hesabına yıxılan avtoritar rejimin başqası ilə əvəzlənməsinə qarşıdır. Çünki 30 il əvvəl Ömər əl-Bəşir də eyni şəkildə iqtidarı ələ keçirmişdi. Ancaq hələlik Sudan müxalifətinin ciddi dəstəyi yoxdur. ABŞ hökuməti regional müttəfiqi olan Səudiyyə Ərəbistanının siyasətinə müdaxilə etmək niyyətində deyil. Yalnız bir neçə Avropa ölkəsi Sudanda baş verənləri BMT TŞ-yə çıxarmaqla bağlı müraciət edib. Lakin görünür ki, Sudan müxalifəti elə də ciddi dəstək ala bilməyəcək. Region ölkələrindən isə yalnız Türkiyə ehtiyatlı şəkildə Sudanda baş verənləri pisləyib və hakimiyyətin mülki hökumətə verilməsinə çağırış edib.

Hazırda analoji proses başqa bir Şimali Afrika ölkəsində davam edir. Liviyada Səudiyyə Ərəbistanı və Misirin dəstəklədiyi qüvvələr Türkiyə və Qətərin dəstəklədiyi Şərqi Liviya hökumətini devirmək üçün hücum əməliyyatı aparır. Əgər Sudanda dinc etirazlar ciddi beynəlxalq dəstək almazsa tezliklə ikinci bir əl-Bəşir hakimiyyəti formalaşacaq. Liviyada isə Həftər qüvvələri iqtidarı ələ keçirəcək.

Musavat.com

Oxşar xəbərlər