Xəbər lenti
Bütün xəbərlər

Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?

  • 16 apr 2019, 15:15

Martın 31-i Ukraynada prezident seçkisinin birinci turu keçirildi. Aprelin 21-nə təyin olunmuş ikinci tur ərəfəsində biz ən reytinqli beş namizədin insan haqları ilə bağlı mövqeyinə nəzər saldıq.

İlk turun yekun nəticələrinə görə, yumorist Vladimir Zelenski səslərin 30,24%-ni, prezident Pyotr Poroşenko 15,95%-ni qazanıb. Onlar ikinci tura keçiblər.

Yuliya Timoşenko (13,4%), Yuri Boyko (11,67%) və Anatoli Qritsenko (6,91%) iddialı namizədlərdir. Bəs bu namizədlər insan haqları ilə bağlı nə deyirlər?

Korrupsiya ilə mübarizlər

Məhkəmə sistemi Ukraynanın demokratikləşməyə gedən yolunda ən böyük maneələrdən biridir. Ukrayna cəmiyyəti hələ də 2014-cü ildə Maydanda etiraz edənlərə qarşı törədilmiş cinayətlərlə bağlı hökmləri gözlədiyi üçün namizədlər öz seçkiqabağı proqramlarında məhkəmə islahatı məsələsini önə çəkirlər.

İlk turda birinci olan şoumen Vladimir Zelenski bildirir ki, insan ləyaqətinə hörmət dövlətin fəaliyyətinin əsas prinsipi olmalıdır. Əslində bu ümumi istək qanunun aliliyinə söykənir və o deməkdir ki, islahatlar təkcə imkanlı qrupları deyil, hər bir insanın həyatını yaxşılığa doğru dəyişməlidir. Zelenski korrupsiya ilə mübarizə aparanlardan biri kimi seçki kampaniyasındakı silahdaşı, Korrupsiyaya Qarşı Milli Agentliyinin sabiq üzvü Ruslan Ryaboşapkanı misal göstərib. Keçmiş təhqiqatçı jurnalist, parlamentin deputatı Sergey Leşşenko bir ay əvvəl Pyotr Poroşenkonun Həmrəylik bloku fraksiyasını tərk edərək şoumenə açıq dəstək verib.

Amma bütün bunlar Zelenskinin nüfuzlu oliqarx, Ukraynanın ən nəhəng neftçıxarma şirkəti olan "Ukrnaft” Dövlət Neft Şirkətini bir vaxtlar faktiki olaraq özünə tabe etdirmiş İqor Kolomoyski ilə ehtimal olunan əlaqəsinə uyğun gəlmir.

Korrupsiyaya qarşı mübarizə və korrupsiya cinayətlərinə görə kriminal məsuliyyət tətbiq etmək vədləri 2019-cu ildə prezident seçkisinə qatılan namizədlərin proqramlarının ümumi müddəalarıdır.

Seçki yarışından ələnən Anatoli Qritsenko öz vədlərini daha dəqiq bəyan etdi. Prezident olacağı təqdirdə Ukraynada "nə olacaq”, "nə olmayacaq” haqda vədlərində sabiq müdafiə naziri korrupsiyalaşmış hakimlərə əmlakı müsadirə olunmaqla, amnistiya tətbiq edilmədən ömürlük həbs cəzası kəsiləcəyinə söz verirdi. O həmçinin hakimlərin üzərinə Avropa İnsan Hüquqları Məhkəməsinin düzgün hesab etmədiyi hər bir hökmə görə kompensasiya ödəmək öhdəliyi qoymağa hazırlaşırdı.

Sabiq baş nazir Yuliya Timoşenko özünün "Yeni Xalq Konstitusiyası”nda bu mövzuya bir abzasda iki sətir həsr edib. O əmin edir ki, məhkəmələr dövlət orqanlarının işinə qarışmayacaq, vətəndaşlar onları siyasi reklam olmadan seçəcəklər, adamların petisiya vasitəsilə qanunvericilik təşəbbüsü hüququ olacaq. Timoşenko vaxtilə korrupsiya ittihamı üzrə siyasi motivlərlə tutulması ilə fəxr etsə də, adının korrupsiya qalmaqallarında hallanması onun korrupsiya ilə mübariz imicinə xələl gətirir.

Baş nazirin sabiq müavini Yuri Boyko bu məsələdə az populist olmasa da, daha çox dumanlı vədlər verir. Vətəndaşların müstəqil və ədalətli məhkəmə hüquqlarını təmin etmək vədi verən yeganə Rusiyayönlü namizəd polisin və hakimlərin qanunun normalarını seçimlə tətbiqini istisna edir. O, ekstremizm, düşmənçilik, zorakılıq, etnik və irqi ayrı-seçkilik təbliğatına görə cinayət məsuliyyətinin tətbiq olunacağını qeyd edir. Boykonun anti-Ukrayna baxışlarını nəzərə alanda onun daha çox Ukrayna millətçiliyinin güclənməsini nəzərdə tutduğu ehtimal olunur. Əslində o, yeni bir təklif irəli sürmür: yuxarıda sadalanan sui-istifadə hallarına görə cinayət məsuliyyəti Ukrayna Konstitusiyasında və Kriminal Məcəllədə öz əksini tapıb. Bu tip vədlər daha çox Rusiyayönlü elektorata tuşlanan populist müraciətdir.

Prezident Pyotr Poroşenko öz proqramını ilk dönəmdə yerinə yetirmədiyi vədlər üzərində deyil, nailiyyətlər üzərində qurub. O, ədalət mühakiməsi və korrupsiya mövzusundan yan keçdi. Bunun əvəzində Poroşenko Ukraynanın Avropa İttifaqına inteqrasiyasına və NATO-ya potensial üzvlüyünə diqqət yönəltdi. Onun fikrincə, bu, demokratik dəyişikliklərin təminatıdır. Təəssüf ki, Ukrayna üçün demokratikləşmə ilk növbədə dövlətin özündən və onun hakimiyyətinin hər kəsə eyni qayda tətbiq etmək istəyindən asılıdır. Amma Poroşenko məhkəmə islahatlarının aparılması və özbaşınalığın aradan qaldırılması əvəzinə fəaliyyəti bu vaxtadək bir o qədər də effektli olmayan mövcud antikorrupsiya orqanlarını yoxsulluqla mübarizə vasitəsi adlandırır.

Sülhməramlılar

Donbasda Rusiya hərbi təcavüzünün davam etdiyi şəraitdə Ukrayna vətəndaşları üçün sülh və təhlükəsizlik prioritet məsələ hesab olunur. Buna uyğun olaraq prezidentliyə namizədlər müharibəyə tez və itkisiz son qoymaq üsullarını təklif edirlər.

2019-cu ilin prezident yarışmasının əksər namizədi Rusiya ilə heç bir danışığa getməmək ideyasını dəstəkləyir. Onlar dövlət suverenliyinə təhlükə yarada biləcək hər bir kompromisdən imtina edərək Qərb tərəfdaşlarının köməyi və Budapeşt memorandumunun verdiyi təminatlarla sülhə nail olmağa ümid edirlər. Yalnız Boyko özünün "Vahid siyasi millət”inin məqsədinə zidd olaraq bütün tərəflərlə danışıqları dəstəkləyir, bu da Rusiya ilə kompromisi qaçılmaz edir. Belə strategiya nəinki sülh perspektivlərini geriyə ata, hətta münaqişənin qızışmasına gətirib çıxara bilər.

Bir mövzu da işğal olunmuş torpaqların geri qaytarılmasıdır.

Əsas namizədlərin beşi də Krımla bağlı yüksək vədlər vermir və Donbasın reinteqrasiyası ilə bağlı fikirlərində ehtiyatlanır. Təkcə Qritsenko Donbasın heç bir xüsusi status verilmədən 5 il müddətində qaytarılmasının mümkün olduğunu söyləməyə cəsarət edir. O öz proqramında məcburi köçkünlərdən də danışaraq dövlətin onlara mənzil üçün kredit verəcəyi və iş yerləri yaradacağı haqda vədlər səsləndirir. Amma Qritsenko bu vədləri necə yerinə yetirəcəyini izah etmir. Boyko da əhalinin digər həssas qrupları arasında məcburi köçkünlərə sosial yardım və güzəştlərin verilməsini vəd edir.

Timoşenko və Poroşenko təzminatdan danışırlar, amma onların təcavüzkar ölkəni müharibədən zərər çəkmiş Ukrayna vətəndaşlarına təzminat ödəməyə məcbur etmək təklifini reallaşdırmaq yaxın gələcəkdə mümkünsüzdür. Bu cür bəyanatlar, digər məsələlərlə yanaşı, dövlətin bərpa yönündə öhdəliklərini arxa plana keçirərək onu məsuliyyətdən azad edir. "Ukrayna və işğal edilmiş ərazilər arasında qorxu, anlaşılmazlıq və nifrət divarını dağıtmaq” həqiqətən vacibdir, amma Timoşenko və digər namizədlər sülh və barışıq prosesinin necə baş verəcəyini izah etmirlər. Bütövlükdə namizədlərin heç biri proqramında Donbasdakı müharibənin nəticələrini aradan qaldırmaq üçün keçid dövrü mühakiməsini strategiya və ya tədbirlər paketi kimi qeyd etmir.

Sosial-iqtisadi möcüzələr

Ukrayna prezidentliyinə namizədlər ənənəvi olaraq sosial təminat və iqtisadi sabitlik sahəsində vədlər verməkdə səxavətlidirlər. Bu hüquqlar qrupu Vladimir Zelenski və Yuliya Timoşenkonun proqramlarında əsas yerləri tutur.

Ukraynalıların rifahının yaxşılaşdırılmasına dair dəqiq bir plan təqdim etməyən Zelenskinin əksinə olaraq Timoşenko Avropadakı maaşlara, ədalətli pensiya və əlverişli səhiyyə xidmətlərinə nail olmaq üçün hərtərəfli iqtisadi proqram təqdim etdi. Amma bu proqram da "VoxUkraine” platformasının təhlilində göstərildiyi kimi, səhvlər, ziddiyyətlər və populist fikirlərlə doludur.

Namizədlər çox vaxt maaş və pensiyaların artırılması, vergilərin azaldılması kimi reallıqdan uzaq, digər sosial qrupların təsirini nəzərə almayan oxşar vədlər verirlər.

Bu cəhətdən Boykonun gəlirləri faktiki yaşayış minimumuna çatdırmaq arzusu Qritsenkonun bu məbləği 700 avroya qaldırmaq vədindən daha əlçatandır. Poroşenko öz proqramında sosial-iqtisadi hüquqlar barədə olduqca qeyri-müəyyən fikirlər söyləyir. O, səhiyyə, təbiəti mühafizə və təhsil mövzusuna laqeydlik göstərərək əsasən Ukraynanın Avropa İttifaqına inteqrasiyası üçün sosial meyarlara diqqət yetirir.

Hazırkı prezidentin yeni rəqibi Vladimir Zelenski isə əksinə, tibb müəssisələrinin bərpasını və tibbi sığorta sisteminə keçidi önə çıxarır. Bu, Timoşenkonun baxışlarına uyğun gəlir. O da uşaqların, işsizlərin, əlillərin və pensiyaçıların sığorta xərclərini dövlətin qarşılamasını dəstəkləyir. Rusiyayönlü namizəd Yuri Boyko bu hüquq qrupu barədə ümumiyyətlə izahsız populist abzas təqdim edir. Qritsenko isə əczaçılıq sektorunda korrupsiya sxemlərinin aradan qaldırılmasının köməyilə tibbi xidmətlərin dəyərinin azaldılmasını vəd edir.

Baxmayaraq ki, namizədlərin əksəriyyəti milli, irqi və ya gender ayrı-seçkiliyinin əleyhinə çıxır, onların proqramlarında cinsi azlıqların hüquqları və gender bərabərliyi ilə bağlı qeydlər yoxdur.

Ukrayna prezidentliyinə əsas namizədlər söz azadlığına da diqqət çəkmirlər. Yalnız Boyko Rusiya və Rusiyayönlü informasiya mənbələrinə və sosial şəbəkələrə girişi açmaq istədiyini bəyan edir. İnternetdə bəzi məhdudiyyətlərin xeyri olmasa da, onlardan tam imtina Rusiya dezinformasiyasının və təbliğatının axınına səbəb ola bilər. İnsan haqlarını onu inkar edən bir dövlətə güvənərək təmin etmək mümkünsüzdür.

Rusiyanın Ukraynaya təcavüzü başlanandan sonra ölkədə insan haqları problemi daha da dərinləşib və mənfi sosial-iqtisadi nəticələrə gətirib çıxarıb. Ukrayna prezidentliyinə namizədlərin fundamental hüquqlarla bağlı sözləri çox olmasa da, onlar öz proqramlarını bu müstəvidəki tələblərə uyğun qurublar.

Müharibə dövründə namizədlər milli təhlükəsizlik, korrupsiya ilə mübarizə, sosial və iqtisadi hüquqların müdafiəsinə daha çox üstünlük verirlər. İndi isə növbə Ukrayna xalqınındır, onlar ən yaxşı namizədi seçməlidirlər.

İrina Matviişin,
"İnternews Ukraine” və "UkraineWorld”ün ekspert-jurnalisti

Oxşar xəbərlər