Trampı İsraillə nə birləşdirir...

  • 30 mart 2019, 11:16

Dərhal "Əlbəttə, ailə telləri” deməyə tələsməyin. "İsrail ABŞ-ın əlli birinci ştatıdır” kimi cavablar da burada keçərli deyil, baxmayaraq ki, burada da müəyyən həqiqət var. Bilirəm, artıq acıqla düşünürsünüz ki, bəs onda nədir axı?..

Rusiyalı filosof, politoloq, bir sözlə bütün elmlərdən xəbərdar və azərbaycanlılara çox yaxşı tanış olan, hətta bəziləri dostluq edən cənab Aleksandr Duqinə inansaq (bəli, əgər inansaq! ona görə ki, filosoflara heç kim inanmır, onların dediklərini uzağı qəbul edirlər!) sual bir qədər fərqli qoyulmalıdır: Amerika protestantlarını İsraillə nə birləşdirir?..

Amma tələsməyək, əvvəlcə qeyd edək ki, ABŞ prezidentinin indi də Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanımasını bir sıra təhlilçilər Trampın güclü yəhudi lobbisilə arasını bir azacıq da "sazlamaq” cəhdi kimi, digərlərisə bunu onun seçki ərəfəsində dostu Netanyahu cənablarının şanslarını artırmaq istəyi kimi yozsa da, bütün hallarda bizə elə gəlir ki, bu cür addımlar (əgər həqiqətən belədirsə!) uzağı çox kiçik taktiki məqsədlər statusuna iddialı ola bilər.

Əslində, söhbət daha dərindir -ən azı ona görə ki, ABŞ səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürməyə qərar verəndən sonra bu Tramp həzrətlərinin İsrailin bölgədə mövqelərini ciddi şəkildə gücləndirməyə yönəlmiş ikinci mühüm cəhdidir, özü də adi cəhd deyil, yetərincə ciddi bir addımdır.

Əlbəttə ki, burada nə Yerusəlimlə bağlı məşhur qərarı təkrarən xatırlamağa ehtiyac var, nə də Qolan yüksəkliklərinin əslində kimə aid olması haqqında teoloji-siyasi-hüquqi mübahisələrə baş vurmağa. Bircə onu deyək ki, Yerusəlimlə bağlı qərar göstərdi ki, əslində Suriya məsələsində bir azacıq "arxa plan”a keçməkdə ABŞ - ın məqsədi Yaxın Şərqdəki siyasəti üçün daha çox sərbəstlik qazanmaq idi.

O səbəbdən ki, Suriya ilə bağlı prosesə qatılmaq həm də gələcək Suriyanın və onun siyasi rejiminin taleyilə bağlı məsul tərəflərdən biri olmağı tələb edirdi, bu isə Vaşintqonun bölgədə daha sərbəst siyasət yürütməsini çətinləşdirirdi. 
Ona görə də biz daim deyirik ki, ABŞ Yaxın Şərqdən heç yana getməyə hazırlaşmır, sadəcə, bu regionda daha da "sərbəst” olmağa can atır...

O ki qaldı yüksəkliklərin kimə məxsus olmasına, əlbəttə, mübahisəli məsələdir, amma mübahisələr daha çox teoloqlar və tarixçilər arasında gedir – siyasətçilərə və diplomatlara gəldikdə isə, BMT də, əksər ölkələr də yüksəklikləri Suriyanın işğal olunmuş əraziləri kimi tanıyır, özü də bu işğalın üstündən yarım əsrdən bir azacıq vaxt ancaq keçər.

Odur ki, məsələ digər bir aspektdən əslində daha çox narahatlıq doğurmalıdır. Bu, daha bir kobud hüquq pozuntusu deyilmi? O, dünyada bundan sonra hər şeyin yalnız güclə həll olunacağı təsəvvürünü bir az da gücləndirərək növbəti presedent olmayacaqmı?

Tramp və kürəkəni Cared Kuşner

Bunu belə başa düşmək lazım gəlmirmi ki, BMT-nin sənədlərindən tutmuş Helsinki Yekun Aktınadək, çox yerdə təsbit və təsdiq olunmuş məşhur "ərazi bütövlüyü” prinsipi hüquqi anlamdan sırf fələsəfi anlama keçir – yəni filosoflar bu haqda istədikləri qədər baş sındıra, mübahisə aça bilərlər, amma siyasətçilər, diplomatlar və hətta hüquqşünaslar üçün bunun daha bir qara quruş qədər də qiyməti yoxdur?..

Məsələn, Azərbaycan Qüds haqqındakı məşhur qərarın əleyhinə səs verərkən bunu bir çoxu Bakının islam ölkələrilə bir cərgədə olmaq istəyi kimi yozmağa cəhd etdi. Amma qərarın əleyhinə çıxış edənlər təkcə islam ölkələri deyildi, demək olar ki, bütün aparıcı xristian ölkələri də və hətta Asiyanın bütpərəst dövlətləri də buna qarşı çıxdılar.

Hələ onu demirik ki, reallıqda heç bir islam həmrəyliyi - filan yoxdur; ərəblər nə onda qorxularından səslərini çıxardılar, nə də ki, indi hansısa etiraz - filan göstərirlər. İrana gəldikdə, o, da həmişəki kimi "alver üçün fürsət” axtarır. Yenə də yalnız

Türkiyə israrla etiraz edir, bu məsələni də BMT-nin müzakirəsinə çıxaracağını bildirir... 
Odur ki, paytaxtla bağlı qərar zamanı da məsələ tamamilə başqa idi; Bakı BMT qərarları ilə ziddiyyət təşkil edən bir qərara dəstək versəydi bu, o demək olmayacaqdımı ki, BMT-nin Dağlıq Qarabağ problemilə bağlı qəbul etdiyi dörd qətnamə də quruca kağızdan başqa şey deyil və günlərin birində hansısa ölkə və yaxud ölkələr qrupu bu qərarları da heç edən addım ata bilərlər?

Odur ki, bu, təkcə islami həmrəylik məsələsi deyil, hüquq və prinsip məsələsidir; necə deyər, Platon mənim dostumdur, amma həqiqət daha əzizdir...

Bəli, İsrail Azərbaycan üçün çox yaxın ölkədir, amma Bakı bu məsələdə ya Yerusəlimin yanında olmalıdır, ya da beynəlxalq hüququn...

Eyni sözləri Qolan yüksəklikləri haqdakı qərarla bağlı da demək olar: əgər "ərazi bütövlüyü” prinsipi bir heçdirsə, onda Dağlıq Qarabağın da nə vaxtsa qaytarılacağı haqqındakı ümidlərin zərrə qədə əsası yoxdur və biz artıq onu özümüz qaytarmaq haqqında ciddi şəkildə fikirləşməliyik...

O ki qaldı problemin sırf geosiyasi tərəflərinə, biz həmişə mistikanın, konspirologiyanın əleyhinə olmuşuq və indi də əleyhinəyik, amma onu da istisna etmək olmaz ki, siyasəti də adamlar formalaşdırır və onların da bir çoxuna sadaladığımız hisslər, hansısa mistik - dini təsəvvürlər yad deyil.

Açıq etiraf edirik ki, kiçik Buşun bəzi mistik-dini sayıqlamaları bizi vaxtilə çox qorxudurdu. Yeri gəlmişkən, ona da çox az ölkələrdə rəğbət bəsləyirdilər və sayın kiçik Buşun sevildiyi azsaylı ölkələrdən biri məhz İsrail idi.

Tramp Yerusəlimlə bağlı məşhur qərarını qəbul edəndən sonra bunları təkrar xatırlamalı olduq. Xüsusən də yadımıza A.Duqinin "geosiyasi dispensatsializm”lə bağlı yazdıqları düşdü. Onu da deyək ki, filosoflar siyasətə adətən "şüuraltı mətləblər”dən və dini-mistik, mücərrəd - fəlsəfi təsəvvürlərdən savayı bir şey gətirmirlər.

Duqinlə bağlı da eyni sözü demək olar, bəzi hallarda bu adamın hətta ruhi durumu da "şübhəli” görünür, amma onu eşidənlər, hətta xarici ölkələrdə mühazirələrini dinləyənlər də az deyil – yeri gəlmiş, bu adam elə bu yaxınlarda qardaş Türkiyədə də mühazirə oxumuşdu...

Nə isə. Sözümüz bunda deyil. Ən dəhşətlisi odur ki, A.Duqinin geosiyasi msitikası ilə Yaxın Şərqdə baş verən proseslər arasında, çox çalışsan, ən azı zahiri bir "paralellik” tapmaq mümkündür və etiraf edirik ki, belə vəziyyət bizi qorxudur – necə ki, bir vaxtlar kiçik Buşun "teoloji” sayıqlamalarını oxuyarkən eyni hissləri keçirirdik.

Əlbəttə ki, bir daha ərz edirik ki, normal, praktiki insanlar filosoflara inanmırlar və fəlsəfəyə (xüsusən də mistikaya və teologiyaya) inam rasionallıq bitən yerdə başlayır. Amma ən pisi də odur ki, dünyanı da rasional cəhətdən dərk etmək getdikcə çətinləşir, hər şey üzü məchulluğa və irrasionallığa doğru gedir...

 

Oxşar xəbərlər