Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani

  • 15 fev 2019, 08:13

Putin Türkiyə və İranla əməkdaşlığa vurğu etdi, Türkiyə Suriya şərtlərini açıqladı

Fevralın 14-də Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında sayca 4-cü sammit baş tutub. Üçtərəfli görüşdən əvvəl Rusiya və Türkiyə prezidentləri heyətlərinin iştirakı ilə görüş keçirib.

Putin bildirib ki, üçtərəfli sammit Suriyadakı münaqişənin həlli istiqamətində yeni hərəkətverici güc olacaq. Putin deyib ki, sayca 4-cü toplantı  Suriyada vəziyyətin normallaşması prosesinə, həmçinin döyüş cəbhəsində, həm də suriyalılar arasında dialoqun təmin olunması məqsədilə göstərilən cəhdlərdə yeni  mərhələ olacaq.

Putin Ərdoğana xitab edərək, "Cənab prezident, sizinlə bərabər çox işlər gördük və çox böyük məsafə qət etdik” deyib və əlavə edib ki, bu, heç də asan olmayan proses hələ də davam edir.

Türkiyə prezidenti Ərdoğan deyib ki, hazırda onlar İdlib probleminin həll olunması üçün çalışır. Prezident deyib ki, PYD/YPG Fəratın şərq sahilindən təmizlənmədikcə, Suriyanın ərazi bütövlüyü təmin oluna bilməz. Ərdoğan deyib ki, Türkiyənin milli təhlükəsizlik narahatlıqlarını aradan qaldıracağı halda, Suriyada "təhlükəsizlik bölgəsi” fikrini rəsmi Ankara da dəstəkləyir. O, bu ideyaya Rusiyanın da müsbət yanaşmasından məmnuniyyət duyduqlarını deyib.

Ä°lgili resim

O, Suriyanın yeni konstitusiyasını hazırlayacaq komitənin yaradılması ilə bağlı əngəlləri ortadan qaldırmağa çağırıb. Sitat: "BMT-nin ehtiyatlılığını diqqətə almaqla komitənin formalaşdırılmasını qısa müddətdə başa çatdıra bilərik”.

Ərdoğan Rusiya və Türkiyə ordusu arasında Suriyada önəmli fəaliyyətlərin olduğunu və bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiklərini bildirib. O əlavə edib ki, İdlibdəki radikal qruplarla bağlı problemin həlli, eləcə də Rusiyanın Tartusdakı Xmeymim hərbi hava bazasının radikalların hücumlarından qorunması üçün birgə əməkdaşlıq davam edir.

Ərdoğan bildirib ki, Rusiya və Türkiyə komandanlığı Suriyada birgə patrul həyata keçirilməsi ilə bağlı razılıq əldə edib. Türkiyə prezidenti deyib ki, 2018-ci il 17 sentyabr Soçi anlaşmasına əsasən İdlibdə silahdan təmizlənmiş bölgədə Türkiyənin dronlar vasitəsilə apardığı hava kəşfiyyatı nəticəsində bölgədə ağır silahların qalmadığına əmin olublar.

Qeyd edək ki, Soçidə Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında da ikili görüş keçirilib. Daha sonra isə Rusiya və İran prezidentləri arasında heyətlərin iştirakı ilə görüş keçirilib. Rusiya prezidenti bildirib ki, İran və Rusiya arasında əməkdaşlıq artmaqda davam edir. Putin İrana Suriya münaqişəsinin həllində verdiyi dəstəyə görə təşəkkür edib. Sitat: "Birlikdə Suriya böhranının həlli üçün çalışırıq. Ancaq hələlik bütün problemlər həll olunmayıb”. İranla birgə nüvə fəaliyyətlərini də həyata keçirdiklərini deyən Putin Soçi toplantısının əməkdaşlığı daha da artıracağına ümid etdiyini əlavə edib.

Türkiyə prezidenti Soçidən istəklərini açıq şəkildə bildirib. Ankara Suriya-Türkiyə sərhədində 30 kilmetrlik təhlükəsizlik zolağı, İdlibdə atəşkəsin davam etməsi və birgə patrulun aparılması. Bu həm də bir mənada Amerika sonrası Suriyada təşəbbüsün Rusiya-Türkiyə-İran "üçlüyünün” əlinə keçməsini göstərir. Təbii ki, bütün tərəflər anlaşa bilsələr. Görünən odur ki, Rusiya Türkiyə ilə anlaşmağa meyllidir.

Kənan RÖVŞƏNOĞLU
"Yeni Müsavat”

Oxşar xəbərlər