Böyük “Əfqan sülhü” olacaqmı?

  • 26 yan 2019, 10:55

Amerika uzun illərdən sonra əzəli düşməni Talibanla bir masaya oturdu; amma Vaşinqton tək deyil, sırada Moskva və Tehran da var...

Qətərdə davam edən ABŞ və Taliban danışıqları müsbət nəticə verə bilər. Hər halda ABŞ mediası bu qənaətdədir. "Amerikanınsəsi”nin məlumatında qeyd olunur ki, Qətər sülh müzakirələri Əfqanıstanda 17 illik müharibənin siyasi həllinə dair ümidləri artırıb.

Qətərdəki danışıqlarda ABŞ tərəfdən Əfqanıstan üzrə xüsusi nümayəndə Zalmay Xəlilzad iştirak edir. Həmçinin Pakistan və Qətər rəsmiləri də müzakirələrə qatılıb. Mənbələr "Amerikanın Səsi”nə bildirib ki, danışıqların dördüncü günü tərəflər qarşılıqla anlaşma sahəsində bəzi maneələri aradan qaldıra bilib.

Müzakirələrdən öncə Taliban bildirmişdi ki, ABŞ və NATO-nun rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsinin vaxt cədvəlini müəyyən etmək istəyir. Taliban Əfqanıstanın ABŞ və ya digər ölkəyə qarşı güc müstəvisi kimi istifadə edilməyəcəyinin təminat altına alınacağını deyir.

Doha müzakirələrinin iştirakçıları ilə əlaqəsi olan mənbələrin bildirdiyinə görə, xarici qüvvələri Əfqanıstandan çıxarıldığı təqdirdə Taliban müvəqqəti atəşkəsə razılıq verə bilər. Pakistan müzakirələrin İslamabadın vasitəçiliyi təşkil edildiyini və Talibanı ABŞ-la sülh müzakirələrinə qane etdiyini bildirir. Pakistanın xarici işlər naziri Məhəmməd Feyzal İslamabadın da müzakirələrdə iştirak etdiyini təsdiq edib, lakin hər hansısa irəliləyiş olduğu barədə məlumat verməyib. Ancaq hələlik danışıqlarda Əfqanıstan hökuməti iştirak etmir. Çünki daha əvvəl ABŞ-ın belə danışıqlar çağırışını Taliban dəfələrlə rədd edib.

Ancaq rəsmi Kabil bir qədər əvvəl bəyan edib ki, Pakistanın vasitəçiliyi ilə Taliban Hərəkatı ilə danışıqlar aparmağa hazırdır. Ötən ay Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib. Onun sözlərinə görə, Əfqanıstan hökuməti Talibanın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır. Bu arada Türkiyə də Əfqanıstan danışıqlarına dəstək verməyə hazır olduğunu bəyan edib.

Ancaq son dövrdə yenidən fəallaşan Talibanla danışıqlar aparan təkcə amerikalılar deyil. Ötən il Taliban təmsilçiləri ilk dəfə Moskvaya səfər edib və burada Rusiya rəsmiləri ilə danışıqlar aparıb. O da bildirilir ki, son illərdə Rusiya və Taliban arasında gizli əlaqələr yaranıb. 2014-cü ildən sonra Əfqanıstanda peyda olan İŞİD bu ölkədə terror və yeni müharibənin anonsu kimi qarşılanıb. Bu səbəbdən də indi keçmiş münasibətlər yenilənir.

Hətta İranın da son dövrlərdə əzəli düşməni Talibanla danışıqlar aparmağa başladığı, İrana nümayəndə göndərdiyi bildirilir. Bir qədər əvvəl Taliban liderlərindən biri ilk dəfə olaraq mətbuata müsahibəsində İranla əməkdaşlıqdan danışıb. Əfqanıstanın özündə şiə vətəndaşlarının olduğunu, o cümlədən İranla Əfqanıstan arasındakı sərhəd-keçid məntəqələrinin bəzilərinin Talibanın nəzarəti altında fəaliyyət göstərdiyini bildirib.

Bu mənada indi Talibanı artıq region ölkələri real siyasi-hərbi güc olaraq qəbul edir. 2001-ci ilin oktyabrında ABŞ ordusu Əfqanıstanı işğal etdikdən sonra Taliban Kabili tərk edərək dağlara çəkilib. Bir müddət səssiz qalsa da, 2004-cü ildən başlayaraq Talibanın Əfqanıstanda hücumlar etməyə başlayıb. 2009-cu ildə isə yerli hökumət və ardınca isə amerikalılar Əfqanıstanda sülhün əldə olunması üçün Talibanla danışıqlara getməyin vacibliyindən danışmağa başlayıblar. Ancaq indi 10 ildən sonra ABŞ Talibanı Əfqanıstanda real güc kimi qəbul edərək onunla bir masa arxasında əyləşir və sülh sazişi imzalamağa hazırlaşır.

Məsələ ondadır ki, rəsmi olaraq Əfqanıstan 34 vilayət və 407 rayonundan 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 mübahisəli ərazidə döyüşlər gedir. Yəni ölkənin mühüm bir hissəsinə Taliban nəzarət edir.

Taliban sözü puştun dilində "tələbə” deməkdir, daha çox Pakistan və Əfqanıstanda dini mədrəsələrdə təhsil alanlara verilən ümumi addır. Ancaq Talibanın yetişdiyi mədrəsələr sıradan din təlimi mərkəzi deyil, siyasi İslam fikirlərinin yayıldığı mərkəzlərdir. İlk dəfə 1866-cı ildə Hindistanda qurulan (o zaman Hindistan və Pakistan ümumi bir müstəmləkə ərazisi idi - K.R.) Diyobendi mədrəsəsi ingilis müstəmləkəçiliyinə qarşı mübarizə fikirlərinin yayıldığı mərkəz idi. Bu təxminən ümumi İslam aləmində yayılmağa başlayan oyanış dalğasının təsiri idi. Bu, cür mədrəsə və məktəblər Hindistan və Pakistan ərazilərində yayğın idi, amma bu məktəblər daha çox fikri oyanışı təbliğ edirdilər.

1980-ci ildə SSRİ silahlı qüvvələrinin Əfqanıstana yeridilməsinə qarşı xalq müqaviməti başlayır. Bu zaman təbii ki, dini mədrəsə və camaatlar cihad təbliğatına köklənir. Taliban eyni zamanda bir dini hərəkat olmaqla yanaşı, puştun tayfaları arasında çıxmış, dini və etnik xarakterlərini birləşdirən yerli şərtlərin də təsir etdiyi bir düşüncə cərəyanı idi. Əfqan savaşı bu düşüncənin genişlənərək özünə güc, özü də silahlı güc qazanmasına səbəb oldu. Nəticədə savaş zamanı böyük təcrübə toplayan, çoxlu sayda tərəfdarları olan hərəkat dövrün ən müasir silahlarına sahib idi. 1989-cu ildə sovetlər Əfqanıstanı tərk edərkən ölkədə ən böyük mütəşəkkil qüvvə Taliban silahlıları idi. Talibanı güclü edən bir neçə səbəb vardı.

Birincisi, din amilidir: Savaş dini şüarla başladılmışdı, işğalçı ruslara qarşı cihad elan olunmuşdu. Ərəb ölkələrindən dini, mənəvi, siyasi, maddi və canlı qüvvə (yüzlərlə ərəb Əfqanıstanda sovetlərə qarşı savaşırdı) dəstəyi alan Taliban hərəkatı sovetlərə qarşı savaşan ən böyük güc idi. Savaş müqəddəs savaş elan olunduğu üçün dini hərəkat olan Talibanın üzə çıxması təbii idi.

Sovetlər Əfqanıstanı tərk edəndə Əfqanıstanda bir neçə güclü silahlı birləşmələr olsa da, 1996-cı ildə Talibanın digər rəqiblərini məğlub edərək Kabili ələ keçirib. Bu dövrdə Taliban Əfqanıstanın 85 faizini ələ keçirərək "Əfqanıstan İslam Əmirliyi” elan edib.

Lakin Talibanın Əfqanıstanda xalq arasında nüfuz qazanması, nəticədə hakimiyyəti ələ keçirməsinin təbii səbəbləri vardı. Müharibədən, yoxsulluq və rüşvətxorluqdan, ən mühümü isə qeyri-sabitlik, təhlükəsizliyin qorunmadığı Əfqanıstanda sovetlərə qarşı savaşan və hər biri özünü nəzarət etdiyi bölgənin ağası sayan silahlı qruplardan fərqli olaraq nəzarət etdiyi bölgələrə sülh, sabitlik, ədalət gətirirdi. Bu isə ilk vaxtlarda əhalinin diqqətini və marağını cəlb elədi. Nəticədə bir çox bölgələrin əhalisi xaos və anarxiya qarşısında Talibanın ədalətinə və gücünə sığındı. Bir də təbii ki, etnik amildir, çünki Taliban ən böyük etnik qrup olan puştunların təmsilçisi idi.

Əlbəttə, Talibanla anlaşıb sülh bağlanması Əfqanıstanda müəyyən qədər sabitlik gətirə bilər. Ancaq o da məlumdur ki, indi Əfqanıstanda daha güclü bir qrup özünü göstərir. Bu İŞİD-dir. Ötən illərdə bir sıra silahlı qrup Talibandan ayrılaraq İŞİD liderinə biət edib. Yəni Talibanla anlaşma belə böyük sülhü gətirmək üçün yetərli olmaya bilər. Lakin istənilən halda illərdir davam edən müharibəyə son qoymaq üçün Talibanla anlaşma çox vacibdir. Çünki Əfqanıstanda yeni başlayan terrorun Orta Asiyaya yayılması riski var.

KƏNAN,

"Yeni Müsavat”
Oxşar xəbərlər