ABŞ-ın kürdlərə dəstəyi Türkiyəni qəzəbləndirdi
Hasan Oktay: "Son nöqtəni isə ABŞ və Türkiyə prezidentləri arasındakı görüş qoyacaq”
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyə səfəri qalmaqalla yadda qalıb. Ötən həftə Yaxın Şərq turuna çıxan Con Boltonun hələ bazar günü İsraildə olarkən Suriyadan ABŞ ordusunun çıxarılması və kürdlərin taleyi ilə bağlı söylədikləri Ankarada ciddi etiraz doğurmuşdu.
Bu səbəbdən də Boltonun bazar ertəsi Ankaraya edəcəyi iki günlük səfərin gərgin keçəcəyi məlum idi, lakin bu həddə deyil. ABŞ prezidentinin müşaviri Ankaraya tək deyil, baş qərargah rəisi Danford və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə birlikdə gəlib. Gözlənildiyi kimi, səfər gərgin keçib, hətta Qərb mediasında Boltonun təhqir olunması kimi qiymətləndirilib. Məsələ ondadır ki, Türkiyə prezidenti Ərdoğan Boltonu qəbul etməyib.
Britaniyanın "Tayms” qəzeti yazıb ki, Ərdoğanın Boltonu qəbul etməməsi və ABŞ-ın Suriyadakı bazalarını Türkiyəyə verməsini istəməsi "ABŞ-ın qeyri-adi şəkildə təhqir olunması”dır.
Bu arada "Röyters” agentliyi yazıb ki, Bloton Türkiyə rəsmilərinə YPG ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Bolton Türkiyə rəsmilərinə kürdlərə qarşı hər hansı hərəkətin qəbuledilməz olduğunu xatırladıb. Eyni zamanda qeyd olunub ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla görüş zamanı Kalın prezident adından Amerika hərbçiləri Suriyada olduğu müddətdə Türkiyə ordusunun kürdlərə etməyəcəyi barədə söz verib.
Con Bolton eyni zamanda görüşlərdə Ərdoğanın "Nyu York Tayms” qəzetindəki müsahibəsini "yanlış və aqressiv” adlandırıb və əlavə edib ki, ABŞ Suriyanın cənubunda yerləşən ət-Tənəf hərbi bazasını yaxın zamanda boşaltmayacaq.
Qeyd edək ki, Boltonla birlikdə Türkiyəyə gələn ABŞ Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general Jozep Dunford müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general Yaşar Güler də qatılıb.
Görüşdə Akar Türkiyənin sərhədlərində təhlükəsizlik və bölgənin sabitliyi üçün lazım olan hər cür tədbir görməkdə qərarlı olduqlarını bildirib. Bu mövzu ətrafında nazir Hülusi Akar qonaq heyətə Türkiyə Silahlı Qüvvələrinin kürd qardaşlarına qarşı yox, ərazidəki bütün etnik və dini toplumlara qarşı təhdid təşkil edən PKK/YPG və İŞİD-li terroristlərə qarşı mübarizə apardığını, bu mübarizədə Türkiyənin Suriya və İraqın ərazi bütövlüyünə daim hörmət etdiyini, Menbiç Yol Xəritəsinin sürətlə tamamlanaraq terror təşkilatı PKK/YPG-nin tezliklə ərazilərdən çıxarılaraq Türkiyənin sərhədlərində təhlükəsizliyi və bölgədə sabitliyi təmin etmək üçün hər cür tədbir görməkdə qərarlı olduğunu vurğulayıb.
Hasan Oktay
Boltonun Ankara səfəri iki ölkə arasında münasibətlərin ciddi şəkildə soyuqlaşdığını göstərir. Burada həm də Boltonun şəxsinin də rolu var. Məsələ ondadır ki, ABŞ xarici siyasətində kəskin tonu və İsrail dostu kimi tanınan Bolton Türkiyədə o qədər də rəğbət doğurmayan biridir. Üstəlik, İsraildə olarkən söylədiyi fikirlər Ankaranı, necə deyərlər, çilədən çıxarıb.
Çünki ABŞ ordusunun qəfil Suriyanı tərk etməsi Ankaranın planlarını pozub. Çünki ötən ilin iyununda əldə olunmuş anlaşmaya əsasən dekabrda ABŞ ordusu kürd qüvvələrini geri çəkməli, Türkiyə ordusu Menbicə daxil olmalıydı. Ümumiyyətlə isə kürd YPG qüvvələri Menbicdən çıxmalı idi. Ancaq Trampın ötən il dekabrın 19-da qüvvələri Suriyadan çıxarmaq qərarı Türkiyənin bu planlarını pozub. Çünki kürdlər artıq Suriya hökuməti ilə danışıqlara hazırlaşır, Suriya ordusu isə Menbisə yaxınlaşıb. Rusiya ordusu isə artıq Menbicdə hərbi polis vasitəsilə patrul xidməti həyata keçirməyə başlayıb. Ankara indi Vaşinqtonun bu hərəkətindən narazıdır. Lakin Ankaranın Vaşinqtonla münasibətlərinin bu səviyyəyə çatması Türkiyənin xarici siyasəti üçün ciddi nəticələr doğura bilər?
Türkiyədə fəaliyyət göstərən "Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay "Yeni Müsavat” qəzetinə açıqlamasında bildirdi ki, Türkiyənin Fəratın şərqində əməliyyata hazırlaşması, ABŞ hakimiyyətinin kürdlərə açıq dəstək verməsi ciddi müzakirələrə səbəb olub: "Son günlərdə Türkiyədə ciddi mənada bir diplomatik hərəkətlilik var. Amerikalı rəsmilər Ankarada məskən salıblar haradasa. ABŞ ordusunun Suriyadan çıxarılması plan və proqramı haqqında müzakirələr davam edir. Tayyib Ərdoğanın Fəratın şərqində əməliyyat keçirəcəyini elan etməsi, ABŞ-ın isə qüvvələri 3 ay ərzində çıxaracağını elan etməsi və kürdləri açıq şəkildə müdafiə etməsi münasibətləri daha da gərginləşdirdi”
H.Oktay deyir ki, Türkiyədə müxalifətin Ərdoğanın Fəratın şərqində əməliyyatlara başlamasının yerli seçkilərə hesablanmış bu hərəkət olduğu haqqında təbliğat aparmağa başlaması Ərdoğanın əhval-ruhiyyəsinə təsir etdi və bu da amerikalı rəsmilərlə görüşlərdə özünü göstərdi: "Bundan başqa, amerikalıların kürdlərə açıq dəstəyi, eləcə də danışıqlarda Türkiyə-Rusiya əlaqələri, Türkiyə-İran münasibətlərini gündəmə gətirdiyi ehtimal olunur. Xüsusən də Fəratın şərqində əməliyyatla bağlı Türkiyə heç bir xəta olmadan ciddi nəticə əldə etmək istəyir”.
Ancaq Oktay ümidsiz deyil. Ekspertin fikrincə, hər şey ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyəyə gözlənilən səfərindən sonra məlum olacaq: "Boltondan daha çox Pompeonun gözlənilən səfəri daha əhatəli və təfərrüatlı olacaq. Son nöqtəni isə ABŞ və Türkiyə prezidentləri arasındakı görüş qoyacaq. Fəratın şərqində Rusiya, ABŞ, Türkiyə, İran rəqabəti son mərhələyə qədəm qoyub”.