Fransanı qarışdıran səbəb: hadisələrdə ABŞ izi...

  • 27 noy 2018, 10:02

Politoloq: "Makronun ideyaları de Qollun ideyalarının davamı kimi görünür...”

Noyabrın 17-də Fransada baş verən "Sarı jiletlilər”in etiraz aksiyası 5-i polis olmaqla, 24 nəfərin yaralanması ilə nəticələndi.  Aksiyanın miqyasını kifayət qədər böyük saymaq olar. Belə ki, məlumatlara görə, etiraz aksiyasında 1619 ərazidə 106 min nəfər iştirak edib.

Gün ərzində Parisdə 42 nəfər, bütün ölkə üzrə isə 130 aksiya iştirakçısı saxlanılaraq dindirilib.

Aksiyanı müxtəlif siyasi məsələlərlə əlaqələndirənlər var. Bəzi ekspertlər hesab edirlər ki, aksiyaya səbəb Fransa prezidenti Makronun ABŞ-a qarşı Avropa ordusu qurmaq istəyini açıqlamasıdır. İddia olunur ki, bu səbəbdən ABŞ Fransaya cavabını çox da gözlətməyərək, ölkədəki güclərindən istifadə edib, qarışıqlıq saldı. Yada salaq ki,  ABŞ prezidenti Donald Tramp Fransa prezidentinin "Avropanın öz ordusu qurulmalıdır” açıqlamasına sərt cavab vermişdi.

Twitter hesabından Makrona cavab verən Tramp "ABŞ köməyə yetişmədən əvvəl faşist işğalı altında almanca öyrənməyə çalışırdınız” deyə, qəzəbini ortaya qoymuşdu.

Dizel yanacağının bahalaşmasını bəhanə edərək küçələri atəşə verən nümayişçilər Makronun da istefasını tələb edirdilər. Hadisələri "Yeni Müsavat”a şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, doğrudan da hadisələrdə  xarici iz axtaranlar da az deyil:  "Xüsusilə prezident Makronun vahid Avropa ordusunun yaradılması planını elan etməsindən, Almaniya kansleri Merkelin bu ideyanı dəstəkləməsindən sonra bu kimi hallar gözlənilən idi. İlk olaraq, onu qeyd edim ki, burada Rusiya izi inandırıcı deyil. Doğrudur, Fransada prezident seçkiləri kampaniyası zamanı Putin Makronun rəqibi radikal sağçı Le Peni dəstəkləmişdi. Çünki Makronun Avropa Birliyinin möhkəmlənməsi tərəfdarı olan siyasətçi kimi Birliyin möhkəmlənməsinə çalışacağı onun zəifləməsini istəyən Rusiyanı narahat edirdi. Lakin Makronun NATO-nu parçalaya biləcək vahid Avropa ordusu ideyasının gerçəkləşməsi Rusiyaya Avropa Birliyinin zəifləməsindən daha prioritet olduğu üçün Rusiya Makronu dəstəkləyir. Prezident Putin bunu açıq şəkildə bəyan edib. Lakin Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Moqerini bildirib ki, o, Birlik ölkələrinin müdafiə nazirləri ilə danışıb və onlar NATO-nun zəifləməsinə yönəlmiş addım atmaq istəmirlər. Avropa Birliyi siyasi ittifaqdır və hərbi ittifaqa çevrilməməlidir”.

Politoloq bildirib ki, Avrosentrizm və Amerikanosentrizm tərəfdarları açıq qarşıdurmaya keçiblər: "Avrosentrizm tərəfdarları ki, buna əsasən NATO və Avropa Birliyində Fransa başçılıq edib, hələ 1960-cı illərdə prezident de Qollun dövründə ABŞ hegemonluğuna qarşı baş qaldırmışdılar. Prezident de Qoll NATO-nun mənzil qərargahını Fransadan çıxardı və qərargah Brüsselə köçdü. NATO əsgərlərinə bir neçə gün ərzində Fransa torpağını tərk etmək göstərişi verildi, Fransa NATO-nun hərbi strukturlarından çıxdı. Yalnız Sarkozinin dövründə Fransa yenidən Alyansın hərbi strukturlarına qayıtdı. De Qollun bir sıra fəaliyyətləri ABŞ və onun ”Avropa Birliyindəki Troya atı" adlandırdığı İngiltərəni qane etmirdi. Nəticədə, 1968-ci ilin may ayında de Qolla qarşı etirazlar başladı. Bu gün Makronun ideyaları de Qollun ideyalarının davamı kimi görünür və nəticədə biz yenə də Fransada 50 il əvvəlkinə bənzər hadisələrin şahidi oluruq. Makron da de Qoll kimi uzun əsrlər dünyaya hökmranlıq etmiş Avropanın yenidən müstəqil güc mərkəzi olmasını, onun ABŞ-dan asılılığının azalmasını istəyir. Trampın Avropa ölkələrindən NATO-ya üzvlük haqlarını artırmağı tələb etməsi Atlantizmdə Vaşinqtondan uzaqlaşma meyllərini artırdı. Üstəlik, Avropa ölkələri və ABŞ arasında fikir ayrılıqları bununla bitmir. Avropa ilə Çin arasında əməkdaşlıq, Vaşinqtonun Qüdsün İsrailin paytaxtı kimi tanınması təklifinə Avropa ölkələrinin qarşı çıxması, İrana sanksiya məsələsində ABŞ-Avropa qarşıdurması buna misal ola bilər. Trampın bütün etirazlara baxmayaraq polad və alüminiuma əlavə gömrük vergisi tətbiq etməsinə qarşı kəskin çıxış edən də Makron olmuşdu və o, Trampı millətçilikdə ittiham etmişdi. Avropa Birliyinin komissarı Jan Klod Yunkerin öz twitter hesabında Trampı nəzərdə tutaraq "Belə dostu olana düşmən lazım deyil” yazması isə Avropa-ABŞ qarşıdurmasının açıq müstəviyə keçməsi deməkdi".

Politoloq qeyd edib ki, ABŞ və Fransa arasında bir sıra fikir ayrılıqları var: "Fransa prezidenti Makronun ABŞ-ın artıq real olaraq öz nüfuz dairəsi hesab etdiyi Ermənistana səfəri və Frankofoniya sammitində iştirakı ABŞ-a meydan oxumaq deməkdir. Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyi nəzərə alınarsa, Fransanın ABŞ-ın məsuliyyət zonası hesab etdiyi Ermənistana müdaxiləsi təbii ki, Vaşinqtonu qane etmir. Üstəlik, Fransa Qarabağ separatçılarının lideri Saakyana viza verərək onun öz ərazisinə səfər etməsinə şərait yaratdı. Buradakı erməni diasporu vasitəsilə Fransa ABŞ-ın iqtidara gətirdiyi Paşinyanla sövdələşməyə, Bako Saakyandan bu məsələdə istifadə etməyə çalışır. Bundan başqa, Fransanın ABŞ-a meydan oxumasının daha bir təzahürü Gürcüstandakı seçkilərdə Rusiya ilə razılaşmaya gələrək, rusiyayönümlü İvanaşvili tərəfindən Moskvanın göstərişi ilə Fransa vətəndaşı olmuş, Fransanın Gürcüstandakı keçmiş səfiri Salome Zurabiaşviliyə dəstək verilməsi oldu. ABŞ-ın dəstəklədiyi Saakaşvilinin namizədi Vaşadzeyə qarşı Makron-Putin ittifaqının Gürcüstanda iqtidara gəlmək planları aşkar görünür. Makronun Avropa ordusu yaradılmasından tutmuş Ermənistanda və Gürcüstanda hakimiyyət məsələsində ABŞ-ın nüfuz dairəsinə daxil etdiyi məsələlərə müdaxiləsinə xəbərdarlıq olaraq biz Parisdə, Yelisey çöllərində Fransa prezidentinə etirazları müşahidə edirik”.

Oxşar xəbərlər