Müllerin hesabatı Tramp üçün “sarsıdıcı” olacaq

  • 26 noy 2018, 18:06

Xüsusi prokuror Robert Müllerin hesabatı Prezident Donald Tramp üçün "məhvedici” olacaq. Bunu prezidentin daimi müdafiəçisi Alan Derşevitz deyir.Harvard Hüquq məktəbinin fəxri professoru olan Derşovitz ABC News-a müsahibəsində deyib ki, prezident xüsusi prokurorun yekun hesabatının yarada biləcəyi siyasi təsirlə üzləşməli olacaq.

"Düşünürəm ki, bu hesabat prezidentdən ötrü dağıdıcı olacaq və prezidentin komandası artıq hesabata reaksiya üzərində çalışmaqdadır”, – o deyib.

Professorun fikrincə, güclü siyasi təsiri olacaq hesabat çətin ki cinayət ittihamıyla nəticələnsin. "Məhvedici deyəndə onun siyasi baxımdan dağıdıcı olacağını nəzərdə tuturam. Düşünmürəm ki, cinayət işinin açılmasıyla sonuclansın”, – Derşovitz vurğulayıb.

Tramp ötən həftə prokurorun suallarını yazılı cavablandırıb. Müller Rusiyanın 2016-cı il prezident seçkisinə mümkün müdaxiləsini, Moskvanın Trampın seçki kampaniyası ilə əlbirlik iddialarını araşdırır.

Demokrat partiyasının üzvü olan senator Amy Klobuçar isə ABC-yə müsahibəsində qeyd edib ki, baş prokuror vəzifəsini Metyu Vaytakerin icra etməsi istintaqa təhlükə yarada bilər.

Vaytakerin daha öncə Müllerin istintaqını tənqid etməsi onun bu vəzifəyə təyinatı narazılıq yaradıb. Klobuçar deyib ki, o, Ədliyyə Departamentinə rəhbərlik etməməlidir və Konqres Mülleri qoruyan qanunvericilik qəbul etməlidir. "Həqiqətən də onun vəzifədə olması məni narahat edir. Bu istintaqı qanunla qorumaqdan ötrü Senata layihə təqdim etmişik”, – senator deyib.

Amma sözügedən layihə hələ də senatdadır, bir dəfə onun səsverməyə çıxarması əngəllənib.

Tramp vaxtilə özünü Rusiya istintaqından kənarlaşdırmış Ceff Seşnsi vəzifədən kənarlaşdıraraq Vaytakeri onun yerinə təyin edib.

Minnesotadan seçilmiş Klobuçarın fikrincə, Vaytaker istintaqla "hərfi mənada toqquşma mövqeyindədir”, çünki onun sağçı mövqeləri təbliğ etdiyi bildirilən, vergidən azad təşkilata rəhbərlik etməklə 1 milyon dollar qazanması barədə məlumatlar var.

Rusiya istintaqı ötən ilin mayından başlanıb. O vaxtdan Müllerin komandası 32 şəxsə və Rusiyanın üç şirkətinə kompüter hakerliyi, maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürüb. Həmin ittihamlar üzrə altı nəfər təqsirini boynuna alıb, üç nəfərə həbs cəzası kəsilib.

Oxşar xəbərlər