Ermənistan XİN: “KTMT daxilində problemlər var”

  • 13 noy 2018, 16:55

"Ermənistan KTMT-ni 6 ölkənin maraqlarının təmsil olunduğu meydan kimi görür”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalıyan bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Erməni jurnalistlər ondan Belarus tərəfinin KTMT-nin baş katibliyi məsələsinin Azərbaycanın səfiri ilə müzakirə etməsi məsələsi barədə soruşublar. A. Nağdalıyan bu cür faktların KTMT daxilindəki problemləri üzə çıxardığını söyləyib.

Ermənistan diplomatiyası hələ də 2020-ci ildə qədər baş katibin onlarda qalmasının daha doğru olacağında israr edir.

Anna Nağdalıyanın sözlərinə əsasən, KTMT-nin yeni baş katibinin müəyyənləşəcəyi 6 dekabr tarixinə qədər təşkilat məsələ ilə əlaqədar hüquqi-normativ bazanın dəyişdirilməsi üzərində çalışmalıdır.

Mətbuat konfransında baş katib postuna ən real namizəd sayılan Stanislav Zasın Azərbaycanpərəst mövqedə olması, onun vaxtilə Bakıda təhsil alması, ölkə rəhbərliyinin isə ümumiyyətlə Azərbaycan hakimiyyəti ilə olduqca isti münasibətlər qurması ilə bağlı suallar verilib. A. Nağdalıyan KTMT-də bütün məsələlərin konsensus əsasında həll edildiyini söyləməklə kifayətlənib.

"Baş katib postuna gəlincə, bu vəzifənin dəyəri, məncə, bir qədər şişirdilir. Baş katib bir növ menecer kimidir. Onu müstəqil hərəkət etmək ixtiyarı yoxdur. O, 6 ölkənin maraqlarını təmsil etməlidir”,-deyə Anna Nağdalıyan sona qeyd edib.

Oxşar xəbərlər