Almaniya polisi erməni mafiyasının izinə düşüb

  • 06 noy 2018, 16:02

Almaniyanın "Der Spiegel” qəzeti və "Mitteldeutscher Rundfunk” İctimai teleradioşirkətinin müştərək araşdırmasına görə, Almaniya federal polisi 3 il ərzində erməni mafiyasının izinə düşüb və bununla bağlı maraqlı faktlar üzə çıxarılıb.

"Azadlıq" radiosunun Ermənistan bürosunun (Radio Azatutyun) verdiyi xəbərə əsasən, Almaniyanın xüsusi xidmət orqanları Ermənistanın bu ölkədəki keçmiş səfiri Aşot Smbatyanı da hədəfə götürüblər.

Mətbuatın bildirdiyinə görə, Almaniya polisi daxilində bu məqsədlə FATİL (Fight against thieves in law - Qanuni oğrularla mübarizə) kod adı altında xüsusi əməliyyat hazırlanıb. Əməliyyat olduqca məxfi olub və ölkənin Federal Kəşfiyyat Xidməti, Avropol, Fransa, İspaniya, Belçika və İtaliya xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Bunun sayəsində Almaniya polisi erməni mafioz qruplarının ölkədə güclü şəbəkə yaratdığını aşkar edib.

Alman jurnalistlərinin məlumatına əsasən, erməni mafiyası diqqət mərkəzinə 2014-cü ildə Erfurt şəhərindəki kazinoda iki erməni qrup arasında atışmadan sonra düşüb. Şahidlərin ifadəsinə görə, olduqca bahalı avtomobillərdə gələn cinayətkar qrupun üzvləri 27 və 54 yaşlı iki erməniyə atəş açaraq hadisə yerindən uzaqlaşıblar. Bununla əlaqədar açılan 14 cinayət işi ilə bağlı 42 şəxs haqqında təhqiqata başlanılıb.

Onların bir çoxu çirkli pulların yuyulmasında təqsirləndiriliblər.

İş təkcə atışma ilə birməyib. Almaniyada erməni əsilli vətəndaşa məxsus bir restorana hücum edilib və həmin adam döyülüb.

İşin içində Almaniyada yaşayan Artur Abram və Karo Murad adlı iki erməni boksçudan bəhs edilir. Lakin polis onlara qarşı ciddi sübutlar əldə edə bilməyib.

Təhqiqatla bağlı təqdim olunan məruzədə Almaniyada Rusiya, həmçinin Avrasiyanın digər bölgələrindən gələn qruplarla birlikdə güclü erməni mafioz şəbəkəsinin mövcudluğu qeyd olunub.

Almaniya mətbuatı bu il Ermənistanın AFR-dakı səfiri Aşot Smbatyanın Türingiya əyalətinin polis rəisi ilə görüşərək ondan təhqiqatla bağlı məlumat almaq istədiyini xəbər edib. Lakin Federal Cinayət Polisi yerli orqana bu barədə səfirlə əməkdşalığı qəti şəkildə yasaqlayıb.

 

Aşot Smbatyan

 

Belə ki, Almaniya hüquq mühafizə orqanları 2015-ci ildə Serj Sərkisyan tərəfindən təyin olunan Aşot Smbatyanın həmin cinayətkar şəbəkələrlə əlbir olması ilə bağlı ciddi məlumatlara malik olublar. Smbatyan hələ 2008-ci ildə Almaniya səfirliyinin əməkdaşı olanda belə qaçaqmalçılıqla bağlı hərəkətlərinə görə Federal Kəşfiyyat Xidmətinin müşahidəsində olubmuş.

Ötən həftə Ermənistanın Lixtenşteyndəki səfiri təyin edilən Aşot Smbatyan haqqında gəzən iddiaları qəti surətdə təkzib edib.

Ümumiyyətlə, bununla bağlı ərsəyə gətirilən filmin sabah Almaniya İctimai teleradio kanalında yayımlanması gözlənilir.

Ermənistan Xarici İşlər Nazilriyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalıyan isə bununla əlaqədar əlavə məlumatları gözlədiklərini söyləməklə kifayətlənib.

Oxşar xəbərlər