Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır

  • 12 avq 2018, 12:41

Ancaq Rusiya ekspertləri bu məsələdə ümidsizliklə əllərini yelləyirlər

Rusiyanın ABŞ-dakı səfirliyi Vaşinqtonun "Skripal işi”nə görə tətbiq etdiyi yeni sanksiyaları "olduqca mürtəce” adlandırıb.
Xatırladaq ki, yeni sanksiyalar Rusiyaya müasir texnikanın satılmasını qadağan edir, həmçinin ölkənin əsas aviadaşıyıcısı sayılan "Aeroflot”un ABŞ-a gəlişini yasaqlayır.
Rusiya mətbuatı isə ölkələrinin okeanın o tayına verə biləcəkləri cavab tədbirlərini və onların nə dərəcədə effektiv olacağını analiz edib. Qeyd olunur ki, texnologiyalara qoyulan qadağalar "soyuq müharibə” dövründə SSRİ-yə də qarşı tətbiq edilib. 
Belə ki, 1949-cu ildə ABŞ-da ixracat nəzarəti üzrə kooordinasiya komitəsi (Coordinating Committee for Multilateral Export Controls, COCOM) yaradılıb. Bu komitə SSRİ-yə ən yeni avadanlıqların satışına yasaq gətirib. Qəbul edilən qaydalara əsasən həmin dövr üçün qabaqcıl sayılan texnikalar yalnız onların buraxılışından 4 il sonra SSRİ-yə verilə bilərdi.
Ruslar bu qadağadan qaçmaq üçün saxta firmaların köməyindən istifadə ediblər. Bundan başqa ABŞ-la münasibətləri normal səviyyədə saxlayan Yuqoslaviya kimi sosialist düşərgəyə daxil olan ölkələr vasitəsilə həmin texnikanı SSRİ-yə gətirə biliblər. İndi rus təhlilçilərinin fikrincə, eyni fokusu Çin vasitəsilə həyata keçirərək ABŞ-ın texniki nailiyyətlərini əldə etmək olar.
Rusiya analitiklərinin proqnozlarına əsasən, Moksva ABŞ-a "güzgü”, yəni əks qadağalar gətirə bilər. Bunlardan birincisi Rusiyada istehsal olunan” RD-180” mühərriklərinin ABŞ-a satışının dayandırılmasıdır. ABŞ-ın "Lockheed Martin” və "Boeing” şirkətlərinin birgə müəssisəsi sayılan "United Launch Allliance” (ULA) şirkətinin istehsalı olan Atlas-5 raket daşıyıcıları bu mühərrikdən istifadə edir.
Lakin ruslar özləri də etiraf edirlər ki, həmin mühərriklər ABŞ müəssisələri üçün elə də böyük önəm daşımır. Mühərrikin istehsalçısı sayılan "Enerqomaş” şirkətinin baş direktoru İqor Arbuzovun sözlərinə görə, Rusiya 2020-ci ilə qədər sadəcə 6 mühərriki bəhs olunan firmaya (ULA) təslim edəcək.
Rusiyanın ABŞ sənayesinə təsiredici zərbəsi titan tədarükünün dayandırılması ola bilər. Titan mülki və hərbi aviasiya təyyarələrinin istehsalında əvəzedilməz maddə sayılır. ABŞ titanın önəmli hissəsini Rusiyanın "Avisma” şirkətindən alır. Rusiya titanı "Pratt & Whitney”, "GE Aviation” şirkətlərinin istehsal etdiyi mühərriklərdə, habelə "Honeywell” firmasının kompressorlarında geniş istifadə olunur. Lakin ruslar üçün titanın tədarükünü dayandırmaq ən çox özlərinə zərbədir. Çünki rus titanının ABŞ-dan başqa iri alıcısı demək olar ki, yoxdur.

Rusiya ABŞ-la kosmos sahəsində əməkdaşlığı dayandıra bilər. Bunun nəticəsində amerikalı kosmonavtların rusların "Soyuz” raketlərində uçuşları qadağan ediləcək. Bu isə Rusiyanın kosmik proqramlarına ABŞ-ın maliyyə yardımının kəsilməsi deməkdir.

Nəhayət, Rusiyanın əsl təsirli sanksiyası uran ixracatanı durdurması ilə bağlıdır. ABŞ AES-lərinin 20% yanacağı Rusiyanın zənginləşdirilmiş uranı ilə təmin edilir. Lakin ekspertlər ABŞ-ın bu ehtiyacını Özbəkistan və Qazaxıstanla əvəz etmək ehtimalının qüvvətli olduğunu bildirirlər.

Oxşar xəbərlər