Çeçenistan taxtları: Respublikanı kim və necə idarə edir

  • 01 iyul 2018, 08:44

Çeçenistan rəhbəri Ramzan Kadırovun qohum və həmkəndlilərindən bir neçəsi eyni anda respublika və Rusiyada rəhbər vəzifələrə təyin olunublar. Kadırovun qohumları respublikada nə dərəcədə gücə sahibdirlər? Çeçenistanın ən nüfuzlu insanları kimlərdir?

BBC Rusca xidməti çeçen hakimiyyəti barədə ətraflı qrafika hazırlayıb.

Çeçenistan Rusiyanın ən mühafizəkar və çox güman ki, ən tanınmış regionudur. Respublikanın dəyişməz lideri Ramzan Kadırov tez-tez özünü Putinin sadiq əsgəri adlandırır.

Çeçenistanı Rusiyanın digər regionlarından ayıran əsas xüsusiyyət odur ki, respublikanı Ramzan Kadırova yaxın insanlar idarə edir.

"Kadırovun ən yaxın ətrafı etibar əsasında formalaşıb.

Hazırda Çeçenistanın malik olduğu status-kvo hərbi idarəetmə sistemi deməkdir. Bu mənada maraqlar Kremlin maraqları ilə üst-üstə düşür," münaqişələrin təhlili və qarşısının alınması mərkəzinin rəhbəri Yekaterina Sokiryanskaya deyir.

Çeçenistanın Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya naziri Canbulat Umarovun sözlərinə görə, Kadırovu bir yerdə oxuduğu, böyüdüyü və döyüşdüyü insanlar əhatə edir. "Kadırovun strategiyasına korrupsiyanı artırmaq yox, onunla mübarizə daxildir," Umarov düşünür.

"Həmyaşıdları həqiqətən də onunla fəxr edirlər. Onlar üçün o, avtoritetdir və ondan çəkinirlər. Kadırov özünü qan qohumluğu çatan, uşaqlıqdan tanıdığı və özünü ona borclu hesab edən insanlarla əhatələyib.

Etibar edəcəyi insanların çox olmadığını bildiyinə görə o, həmin insanlara dəyər verir," Çeçenistan müxalifətinin keçmiş lideri Axmed Zakayev söyləyir.

Kadırovun özünə yaxın bildiyi insanları adlandırdığı "əziz qardaşlar" yenidən iyun ayında gündəmdə olublar. Belə ki, iyunun 22-si məlum olub ki, Çeçenistanın baş naziri olan Kadırovun həmkəndlisi Abubakir Edelgeriyev Rusiya Federasiyası prezidentinin müşaviri postuna təyin edilib.

BBC News Ruscaya müsahibəsində Edelgeriyev söyləyib ki, özü bu haqda mətbuatdan öyrənib:

"Bunu gözləyirdim. Haraya təyin ediləcəyimi bilmirdim," artıq keçmiş baş nazir deyib. Edelgeriyevin sözlərinə görə, o, təyinata yaxşı yanaşır və özünü yaxşı mənada göstərmək istəyir: "Prezident komandasının güclü olduğunu bilirəm və qoşulmaq istəyirəm," o əlavə edib.

Boş qalan baş nazir postuna isə Qroznı şəhərinin meri Muslim Xuçiyev təyin olunub.

Paytaxtın meri kreslosunu isə Çeçenistanın başçısı bacısı oğlu İbrahim Zakiryevə təklif edib.

Kadırovların uzaq qohumu İsa Tumxaciyevı regionun birinci müavin təyin edib. Keçən həftə Kuraçaloyev rayonunun başçısı postuna Ramzanın doğma qardaşı oğlu Hamzat Kadırov yerləşdirlib.

Kadırovun etibar dairəsi

BBC Rusca xidməti, ən mühüm qərarları qəbul edən və ya qəbul olunmasına təsir göstərən bölgənin icra, qanunvericilik, təhlükəsizlik, biznes və beynəlxalq əlaqələrində vacib rol oynayan əsas 18 şəxsi seçib.

Baxmayaraq ki, Çeçenistan başçısınin qohumu az deyil, Kadırovun məsləhətləşdiyi insanlar içində bir o qədər də Kadırov soyadlı insan yoxdur. Kadırov özü bunu, qohumlarının yüksək postları tutmaq üçün kifayət qədər xidmət göstərmədikləri ilə izah edir.

Çeçenistan liderinin ən çox etibar etdiyi simalar isə komandaya 2000-ci illərin əvvəlindən daxil olanlardır. O zaman Ramzan administrasiya rəhbəri, atası Axmat-Xaci Kadırov Çeçenistan prezidenti idi.

Bölgə başçısının ən yaxınları kimi üç adam görülür: Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov və SOBR "Terek" komandiri Abuzayd Vismuradov.

Bölgə başçısının yanında televiziyada daha çox Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov və SOBR "Terek" komandiri Abuzayd Vismuradov görünürlər.

Tədbirlərin əksəriyyətində Delimxanov ilə Daudov Kadırovun yanında dayanır, amma birbaşa iştirak etmirlər. Yalnız başçının istəyi ilə hansısa işi yerinə yetirirlər.

Vismuradov ötən altı ay ərzində Kadırovla demək olar ki, bütün görüş və tədbirlərdə iştirak edib. Delimxanov və Daudovdan fərqli olaraq o, liderin yanında əyləşmir, amma yaxınlıqda olur.

Delimxanov və qardaşları

Delimxanov qardaşları ilə birgə Axmat-Xaci Kadırovun komandasına hələ 2000-ci illərin əvvəllərində qoşulub və birgə mübarizə aparıb.

2007-ci ildən bəri Delimxanov "Vahid Rusiya" partiyasından Dövlət Dumasının deputatıdır. Dumada onu nadir qonaq kimi qəbul edirlər. Belə ki, o, böyük tədbirlərdə iştirak edir.

Respublikada Delimxanovu Çeçenistandan kənarda yaşayan çeçenlərdən məsul şəxs kimi tanıyırlar.

Deputatın doğma qardaşları da güc strukturlarında yüksək vəzifələri tuturlar. Alibek - RF Milli Qvardiyasını Şimali Qafqaz üzrə komandirinin baş köməkçisidir, Rusiya Qəhrəmanıdır.

Şarip - Rusiya Qvardiyasının Çeçenistan üzrə rəhbəridir, Axmed - RF DİN-in Çeçenistan üzrə baş zabitidir.

KİV Adam Delimxanovu Kadırovun qardaşı və ya dayısı adlandırsa da, reallıqda qohum deyillər. Çeçenistan rəhbəri onu qardaşı adlandırır, amma o, özünə yaxın bildiyi şəxslərə bu cür müraciət edir.

İşgəncələrinin qarşısını alınması komitəsinin rəhbəri İqor Kalyapin çeçenistanlı deputatı "Moskvanın baş kadıroçvusu" adlandırır. Kalyapinin sözlərinə görə, Delimxanov Kadırovun davamçısı saydığı insandır.

Adam Delimxanovun telefonu nömrəsi kimi göstərilən nömrəyə Dövlət Dumasının Çeçenistandan olan digər deputat Maqomed Salimxanov cavab verir.

Salimxanov Kadırovla 2005-ci ildə tanış olduğunu və köməkçidən başlayıb, Dövlət Dumasının deputatlığına qədər uzanan yolu haqqında danışır.

Çeçenistanda Lord adı ilə bilinən Maqomed Daudov region parlamentinin sədri vəzifəsini icra edir. Bu ləqəbi hansı münasibətlə qazanması ilə bağlı bir neçə hekayə mövcuddur və ən məşhurunu Daudov özü danışır.

Onun sözlərinə əsasən, Ramzan Kadırovla ilk görüşündə ağ köynək və kostyumda gedibmiş. Kadırov ona ingilis lorduna oxşadığını deyib.

İkinci hərbi kampaniya zamanı Daudov Moskvaya qarşı vuruşan döyüşçülərin tərəfində olub.

Ramzan Kadırovun atası Çeçenistan tərəfinə kəçənləri bağışlayacağını elan edən zaman o, fürsəti qaçırmayıb.

Uzun illər Çeçenistanın güc strukturlarında rəhbər vəzifələr icra edən Daudovu 2012-ci ildə Ramzan Kadırov bölgənin hökumət administrasiyasının rəhbəri təyin edir. 2015-ci ildən etibarən isə Maqomed Daudov Çeçenistanın əsas qanunverici orqanına rəhbərlik edir.

Ölkəyə gələn hüquq müdafiəçiləri və jurnalistlər ilə o, şəxsən görüşür.

Həm də "Axmat" futbol klubunun prezidentidir.

Bu vəzifə isə çox məsuliyyətli və şərəflidir.

Çünki Çeçenistan rəhbəri böyük futbol pərəstişkarıdır və klubun azarkeşidir.

Abuzayd Vismuradov və ya Çeçenistanda adlandırıldığı kimi Patriot çeçen rəhbərinin sinif yoldaşı və uşaqlıq dostudur.

Vismuradov Çeçenistan Federal Xidməti Milli Qvardiyasının xüsusi paramilitar vahidlərindən biri SOBR "Terek"-in komandiridir. Əslində isə Kadırovun daimi təhlükəsizlik başçısıdır.

Vismuradovun Çeçenistan rəhbərinin ailəsi və öz ailəsini qoruması ilə bağlı məlumatı BBC üçün Çeçenistanın Nəşriyyat naziri Cambulat Umarov təsdiqləyib.

Patriotun ən yeni vəzifələrindən biri də döyüş klubu "Axmat"-ı inkişaf etdirməkdir.

Klub, 2014-cü ildə təsis olunub və Kadırova əsasən, Çeçenistanı beynəlxalq yarışlarda təmsil edib, qələbə qazandıracaq ən yaxşı döyüşçülər yetişdirməlidir.

Vismuradovun qardaşlarında biri respublika parlamentində yer tutur, digəri isə Kadırov öz qohumu ilə əvəzləyənə qədər DİN-in Çeçenistan üzrə Qrozni polis bölməsinə başçılıq edirdi.

İşgəncələrinin qarşısını alınması komitəsinin rəhbəri İqor Kalyapinin fikrincə, Delimxanov, Daudov və Vismuradovun tutduğu vəzifələr onların statusları qədər vacib deyil.

Güc bloku

Hüquq-mühafizə orqanları və respublikanın güc bloku Çeçenistan dövlət hakimiyyətinin ən vacib hissəsidir.

Kadırovun "etibar dairəsi"nin 18 üzvü arasında səkkiz təhlükəsizlik məmurudur, üçü regionun sərhədlərindən kənarda işləyir, qalanları isə Çeçenistanda qanunvericilik və icra hakimiyyəti sahəsində çalışırlar.

Kadırov ictimai şəkildə gücdaşlarına kifayət qədər böyük diqqət ayırır.

O bunu, onların həyatları bahasına vətənpərvərlik nümayiş etdirmələri və regionda əmin-amanlığı qorumaları ilə izah edir.

Çeçenistan güc strukturlarının rəhbərləri sırasına Ramzan Kadırovun dörd yaxın dostu, iki ailə üzvü, üç qohumu, doqquz həmkəndlisi, atası Axmat-Xaci Kadırovun iki dostu və Adam Delimxanovun beş qohumu daxildir.

Onlar Çeçenistan DİN-də, Rusiya Qvardiyasının Çeçenistan üzrə bölməsində və federal əhəmiyyətli güc strukturlarında rəhbər vəzifələr tuturlar.

İcraedici və qanunverici hakimiyyət: böyük bir ailə

Federal hökumət və Çeçenistan parlamentində yer alan 73 nəfərdən 19-u Kadırovun qohumu və 14-ü həmkəndlisidir.

Nazirlər Kabinetində və ona bağlı təşkilatlarda 31 nəfər (58% deməkdir) Kadırovun qohumu və həmkəndlisidir.

Nəqliyyat və Əlaqələr naziri Çeçenistan rəhbərinin kürəkənidir.

Mədəniyyət naziri postunu da bölgə liderinin qohumu tutur.

Çeçen hökumətinin yenicə təyin olunmuş birinci müavini İsa Tumhacıyev vitse-baş nazir və Avtomobil Yolları nazirinin oğludur.

Bölgə rəhbərinin yeddi köməkçisindən ikisi Kadırov soyadlıdır, biri parlamentin spikeri Daudovun doğma qardaşıdır və biri - Qeremeyev Adam Delimxanovun qohumudur.

Kadırovun katiblərinə Ramzan Kadırovun köhnə dostu, keçmiş silahdaşı rəhbərlik edir.

Respublika başçısının dayısı oğlu Amruddi Edilgiriyev Çeçenistanda yeni məscidlərin əsas qurucusu kimi tanınır. Ümumi sayı mini keçən və ildə 30-40 yeni məscidin inşa olunduğu nəzərə alınarsa, bu, çox məsuliyyətli bir vəzifədir.

Bələdiyyə nümayəndələri arasında Kadırovun başqa bir qohumu Turpal-Ali İbraqimovun adını çəkmək olar. O, Çeçenistanın Şalinski rayonuna başçılıq edir.

Parlamentdə əsasən Çeçenistan rəhbərinin daha yaşlı qohumları və həmkəndliləri oturur.

Spikerin baş katibi Ramzan Kadırovun kürəkəni Salman Zakriyevdir. Digər katiblərə Kadırovun qayını və onun həmkəndlisi daxildir. Deputat korpuslarında da Kadırov və Delimxanovun az qohum və həmkəndlisi oturmur.

Xaricdə Çeçenistanın səsi

Çeçenistan rəhbərinin təsiri doğma bölgəsindən kənarlarda da hiss olunur. Adam Delimxanovun nəzarət etdiyi Moskva və regionlarla yanaşı, Ramzan Kadırovun Yaxın Şərq, Şimali Afrika və hətta Avropada da nümayəndələri var.

Çeçenistanın RF prezidenti yanında rəsmi nümayəndəliyinə Kadırovun həmkəndlisi rəhbərlik edir. Katibi isə həyat yoldaşının qardaşıdır.

Çeçenistan senatoru Ziyad Sabsabi Federasiya Şurasından Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini vəzifəsini tutur.


Kadırovun başqa bir qohumu Odes Baysultanov Çeçenistanda kurort və turistik zonalara rəhbərlik edir. Baysultanov Şimali Qafqaz məsələləri üzrə birinci müavin vəzifəsini də icra edir.

Kadırova yaxın digər şəxs kimi dini məsələlər üzrə müşaviri Adam Şaxidovu göstərmək olar.

O, Dəməşqdə təhsil alıb, ərəbcə danışır və Çeçenistan senatoru Sabsabi ilə yanaşı, Kadırovun ərəb ölkələri nümayəndələri ilə görüşlərində iştirak edir.

Maliyyə məsələsi

Çeçenistanın əsas maliyyə orqanı Axmed Kadırovun adını daşıyır.

Orqan Çeçenistanda müxtəlif obyektlərin tikintisini maliyyələşdirir, Rusiya və xarici ulduzların iştirakı ilə keçirilən çoxsaylı bayramlar təşkil edir, həmçinin respublika və kənarda yoxsullara kömək edir.

Kadırov Fondunun yaranması barədə isə 2015-ci ildə "Kommersant" qəzeti yazı dərc etmişdi.

Burada rəhbər vəzifələri prezident kimi Kadırovun anası və vitse-prezident kimi həyat yoldaşı tutur.

Fondun tərkibində Kadırovun xalası oğlu Daaev Abusupyan da yer alır.

Çeçenistandakı xarici sərmayələrdən məsul şəxs baş nazirin müavini Xasan Xakimovdur.

Niyə onların sayı bu qədər çoxdur?

Çeçenistanda Kadırovun tanıdığı insanları rəhbər təyin etməsinə təəccüblü baxılmır.

Rusiya qanunvericiliyində dövlət vəzifələri üçün "maraqlar toqquşması" adlı anlayış mövcuddur ki, şəxsi münasibəti olan insanların bu cür rolları ifa etməsini qadağan edir. Belə ki, şəxsi münasibətlər qərarların qəbulunda problem yarada bilər.

Nazir Umarovun sözlərinə görə, Kadırovu bir yerdə oxuduğu, boya-başa çatdığı və vuruşduğu insanlar əhatə edir və maraqlar toqquşmasından söhbət gedə bilməz.

Kadırov özünü öz nəslinin nümayəndələri, kəndliləri ilə əhatələyib. Sadiqliyin təminatçısı isə məhz onların Kadırov qarışısında borclu olmalarıdır, çeçen müxalifətinin keçmiş lideri Axmed Zakayev düşünür.

Kadırov özü isə artıq kadrların təyinatı üsulunu dəyişir.

Əgər əvvəllər vəzifə başına əsasən Kadırovların keçmiş tanışları gətirilirdisə, hazırda qohumlar arasındakı gənclərə üstünlük verilir (BBC-Azərbaycanca)

Oxşar xəbərlər