Yəməndə həlledici döyüş başladı

  • 14 iyun 2018, 10:18

Səudiyyə Ərəbistanı koalisiyası husilərin əlindəki əsas liman şəhərinə hücum etdi, müharibə amansız xarakter almaqdadır

Yəməndə müharibə yenidən qızışıb. Son həftələrdə husi qüvvələrini ölkənin şimal və qərbinə doğru sıxışdırmağa çalışan koalisiya qüvvələri iyunun 13-də husilərin nəzarətində olan Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücum edib.

Təxminən 600 min nəfərin yaşadığı Hudeyda şəhəri hazırda husilərin nəzarət etdiyi ən böyük liman şəhəri hesab olunur. Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi koalisiya sahil boyunca sürətlə irəliləyərək şəhərə hücum edib. Son məlumatlarda Hudeyda uğrunda kəskin döyüşlərin getdiyi bildirilir. Hətta ərəb mənbələri bir dəfə şəhərin ələ keçdiyini yazsa da, məlumat təsdiqini tapmayıb.

Qeyd edək ki, əməliyyat bir müddətdir hazırlanır. Bu barədə məlumatı yayan "Rəy əl-Yaum” qəzetinin xəbərində qeyd olunurdu ki, husilər Hudeyda şəhərini təhvil verməkdən imtina edib, sona qədər müdafiə olunacaqlarını BMT-nin Yəmən təmsilçisinə bildiriblər. BMT-nin məlumatına görə, 600 min nəfərin yaşadığı şəhərdə hərbi əməliyyatların başlaması çoxlu sayda insanın ölümünə və qaçqın düşməsinə səbəb olacaq.

BMT-nin hesablamalarına əsasən, hazırda 25 milyonluq Yəmənin şimal bölgələrində 7 milyondan artıq insan qida və dərman çatışmazlığından ölüm təhlükəsi altındadır. Səudiyyə Ərəbistanı koalisiyası husiləri təslim olmağa məcbur etmək üçün Yəmənin şimal bölgələrini tamamən mühasirə altında saxlayır, bölgəyə ərzaq və dərman buraxılmır. Hazırda şimali Yəmən blokada altındadır. Səudiyyə aviasiyası isə demək olar ki, hər gün bombardman reydləri həyata keçirir. Yəməndə siyasi danışıqlar, humanitar yardımın çatdırılması prosesi dalana dirənib.

Hudeyda şəhərinin ələ keçirilməsi husilərin dənizə əsas çıxışlarını itirməsi deməkdir. Bu səbəbdən də şəhəri müdafiə edəcəkləri, hətta Əbu-Dabi və Dubaya raket atacaqlarını bildiriblər. Bu şəhərin itirilməsi husilərin dəniz sahillərindən sıxışdırılıb çıxarılması, daha çox dağlara tərəf qovulması və faktiki olaraq mahsirəyə alınması deməkdir. Bu səbəbdən də Hudeyda şəhəri Yəmən müharibəsinin taleyinin həll olunduğu əsas əməliyyat hesab oluna bilər. Şəhər itirilsə, husilər 10 il əvvəlki kimi dağlarda ağır şərtlərdə müqavimət göstərməyə məcbur qalacaq və ehtimal ki, uzun müddət müqavimət göstərə bilməyəcəklər. Eyni zamanda paytaxt Sənaya gedən yolun açılması və tezliklə süqut etməsi deməkdir.

Bu səbəbdən də husilər Hudeydanı sona qədər müdafiə edəcəklərini bildiriblər. İyunun 13-də əməliyyat başladıqdan az sonra husilər Səudiyyə Ərəbistanına məxsus hərbi gəmi vurduqlarını elan ediblər. Husilər üçün Hudeyda mühüm əhəmiyyət kəsb etdiyi üçün bu şəhərdə savaşın hələ bir müddət davam edəcəyi gözlənilir. Çünki demək olar ki, ciddi xarici dəstəyə, silah və texnikaya sahib olmayan ayaqyalın dağlı husilər artıq 3 ildən çoxdur ki, dünyanın ən modern silah və texnikasına malik olan Səudiyyə Ərəbistanı və BƏƏ ordusuna qarşı müqavimət göstərir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq elədiyi 10 dövlətdən ibarət koalisiya 2015-ci il martın 26-da Yəmənə qarşı hərbi müdaxilə başladıb. Məlum olduğu kimi, 2012-ci ildə Yəməni 31 il idarə etmiş prezident Əli Abdullah Saleh uzun sürən etiraz aksiyalarından sonra ABŞ-ın da vasitəçiliyi ilə hakimiyyətdən istefa verib. Bundan sonra Yəmən prezidenti vəzifəsini keçici olaraq vitse-prezident Abdurabbu Mansur Hadi icra etməyə başlayıb. Ancaq Hadinin hakimiyyəti inqilabdan sonra Yəməndə ciddi dəyişikliyə səbəb olmayıb. Ölkənin faktiki olaraq böyük bir hissəsində "Yəmən əl-Qaidəsi”nin hakimiyyəti davam edib, üstəlik, siyasi çəkişmələr dərinləşib və iqtisadi vəziyyət ağırlaşıb. Bu vəziyyətə daha bir zərbəni isə 2014-cü il sentyabrın 22-də ölkənin şimalında möhkəmlənən Husi üsyançıları vurublar. Mərkəzi hökumətə qarşı üsyan qaldıran husilər paytaxt Sənaya hücum edərək Hadi hökumətini devirib və iqtidarı ələ keçiriblər.

Abdurabbu Mansur əl-Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçıb. Səudiyyə krallığı isə Mansur əl-Hadini yenidən postuna qaytarmaq və husiləri hakimiyyətdən uzaqlaşdırmaq üçün bu ölkəyə qarşı hərbi müdaxiləyə qərar verib.

Yəmənə hava zərbələrində 179 hərbi təyyarədən ibarət hava donanması iştirak edib. Əsas zərbə qüvvəsini isə əməliyyata 100 qırıcı ilə qatılan Səudiyyə Ərəbistanı həyata keçirib. Krallıq bəyan edib ki, bu əməliyyatın əsas məqsədi Yəmənin devrilmiş prezidenti Mansur Hadini hakimiyyətə qaytarmaq, hakimiyyəti zəbt etmiş husiləri cəzalandırmaqdır.

Ancaq ötən 3 il ərzində koalisiya husiləri məğlub edə bilməyib. Ancaq havadan, dənizdən və qurudan mühasirəyə alınan Şimali Yəmən ərazilərində müharibə cinayətləri, humanitar böhran baş verib. Aramsız davam edən hava hücumları nəticəsində bu günə qədər koalisiya qüvvələri Yəməndə 11 min insanı qətlə yetirib. Ölənlərdən 230 uşaq, 1698-i qadındır. 24 min 297 nəfər isə yaralanıb. Yaralıların 3248 nəfəri uşaq, 2645-i qadındır. 2081 nəfər isə şikəst olub. Ancaq müharibənin gedişi onu göstərir ki, itkilərin siyahısı daha da artacaq.

Kənan RÖVŞƏNOĞLU
"Yeni Müsavat”

Oxşar xəbərlər