Rusiyada sıxışdırılan İŞİD Azərbaycana üz tuta bilərmi...

  • 15 mart 2018, 08:46

Ekspert: "Azərbaycana daha çox Orta Asiya respublikalarından təhlükə gələ bilər”

Rusiyada İŞİD-ə qarşı ciddi əməliyyatlar başlayıb. Bir müddət öncə İraq və Suriyada sıxışdırılan İŞİD üzvləri Mərkəzi Asiyaya, Avropanın şəhərlərinə yayılıb orada yeni taktikalardan istifadə edərək teraktlar törədirdilər.

Rusiya mətbuatının yaydığı məlumata görə, ölkənin paytaxtı Moskva və şəhərkənarı rayonlarında İŞİD qruplaşması tərəfdarlarını  döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub. Bildirilir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti İctimai əlaqələr mərkəzi məlumat yayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sözügedən radikal dəstə eyni zamanda Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb.

"Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova bildirib ki, Suriyada məğlub edildikdən sonra İŞİD komandirlərinin və ümumiyyətlə sağ qalan terrorçuların əsasən Əfqanıstana təxliyə olunması barədə məlumatlar var:

"Onların bəzilərinin Avropaya, Türkiyəyə, Rusiyaya, Mərkəzi Asiya və Misir, Liviya kimi Şimali Afrika ölkələrinə göndərilməsi də istisna olunmur. Rusiya prezidenti Putin və müdafiə naziri Şoyqu bu məqsədlə Misirə səfər ediblər və ölkə rəhbərliyi ilə terrorçulara qarşı mübarizə üçün hərbi aerodromların birgə istifadəsi məsələsini müzakirə ediblər. Bu yaxınlarda Dağıstanda kilsədən çıxan şəxslərə atəş açan terrorçu da İŞİD-lə əlaqədə şübhəli bilinmişdi. Bu, İŞİD-in Rusiyada terror törədə biləcəyi təhlükəsini bir daha sübut edir. Terrorçularla əlaqədə bilinən şəxslərin həbsinə gəlincə, bununla  həm də seçkiqabağı Putinin reytinqinə əlavə xal qazandırmaq, əhali arasında terror təhlükəsi olması və bunun qarşısını almağa qadir yeganə şəxsin yalnız çekist prezident, Suriyada İŞİD-i məğlub etmiş Putin olması fikri təlqin oluna bilər. Eyni zamanda bu, əhalinin seçkidə fəallığını artırmaq və onların indiki prezidentə səs verməsi üçün atılmış addım ola bilər. Bu hal - əhalinin seçkiyə gedib ona könüllü səs verməsi Putinin daxildə və xaricdə legitimliyinin artırılmasına kömək edərdi. Bu cür terror təhlükəsi siqnalı və ya terror aktlarının özünün Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkilinə dair iddialar daima səslənib. Litvinenko bu barədə "Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır" adlı kitabında geniş iddialar ortaya atmış, Putinin öz hakimiyyətini qorumaq üçün terror aktları təşkil etdiyini qeyd etmişdi. Bu baxımdan hazırkı əməliyyatın seçkiqabağı dövrə təsadüf etməsi diqqətçəkəndir. Bəzi xüsusi xidmət orqanları müəyyən siyasi kampaniyalar, peşə bayramları, il sonunda fəallaşaraq öz vacibliyini göstərməyə çalışır. Bununla belə, Rusiyaya təhlükənin olması da istisna edilmir. Rusiya fövqəldövlət ambisiyaları olan, fəal regional və qlobal siyasət aparan dövlətdir və onun bu siyasəti bir çox qüvvələrin diqqətini özünə yönəlməyinə səbəb olur. Yaxın Şərqdə Rusiyanın hərbi bazalarına hücumlar, təyyarələrinin vurulması ilə yanaşı, öz ərazisində də terror təhdidi mümkündür. Xüsusən, ən son dövrlərdə Putinin müasir silahları nümayiş etdirməsi, ABŞ-da dövlət katibi postuna Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Maykl Pompeonu gətirilməsi, onun yerinə adı işgəncələrdə hallanan müavini xanım Hansenin təyin olunması üçün Senata təqdimat göndərilməsi ABŞ-ın bu təhdidlərə səssiz qalmayacağını, öz xarici siyasətini sərtləşdirəcəyini deməyə əsas verir. Bu fonda terrorçuların da dövlətlərin bir-birinə qarşı mübarizədə təzyiq vasitəsi kimi istifadə məqsədilə fəallaşdırılması istisna edilmir".

Ekspert bildirib ki, Rusiyada sıxışdırılan terrorçuların Azərbaycana nüfuz etməsi ehtimalı mümkündür: "Lakin bu, çox zəif ehtimaldır. Çünki Rusiya bütün MDB ölkələri ilə antiterror sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdir və bu barədə məlumat mübadiləsi aparılır. Eyni zamanda, Rusiya İranla da bu sahədə yaxından əməkdaşlıq edir. Azərbaycana daha çox Orta Asiya respublikalarından təhdid gəlməsi mümkündür. İran ərazisindən İŞİD terrorçularının ölkəmizə nüfuz etməsi imkanları çox zəifdir, çünki İran xüsusi xidmət orqanları bu məsələyə çox ciddi nəzarət edir. Lakin Əfqanıstan, Orta Asiya marşrutu üzrə bu, mümkün ola bilər. Bununla belə, Şimali Qafqaz, Orta Asiya, Türkiyə terrorçuların diqqətində olduğu üçün bizə qarşı da təhdidlər qalmaqda davam edir. Ermənistanın da bizə qarşı hansısa formada terrorçu göndərməsi amili daima olub və var. Lakin sirr deyil ki, terror təşkilatları özbaşına hərəkət etmir, onları müəyyən böyük dövlətlər vasitə kimi istifadə edir. Bizim ölkəmiz də fəal regional siyasət yeridir, müəyyən qlobal layihələrin aktiv təşəbbüskarı və iştirakçısıdır. Azərbaycanda marağı olan qüvvələr Qarabağ kimi, terrordan da bizə qarşı vasitə kimi istifadə edə bilər. Lakin indiki şəraitdə, bizim terroru dəstəkləməkdə adı hallanan dövlətlərlə bir problemimiz olmadığı üçün onların indiki şəraitdə buna əl atacağı inandırıcı görünmür”.

"Yeni Müsavat”

Oxşar xəbərlər