İran-ABŞ qarşıdurması yeni mərhələyə keçir

  • 08 noy 2017, 09:56

ABŞ və müttəfiq dövlətlərlə İran arasında son günlər sürətlə yüksələn gərginlik nəyə işarədir?

ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

"ABŞ-İran münasibətləri indiyədək normallaşmayıb. Amerika lideri bununla əlaqədar 12170 saylı fərmanla İrana qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib”, - deyə, şərhdə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ prezidenti İran və "altılıq” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) ölkələri arasında imzalanmış nüvə sazişində nəzərdə tutulan İrana qarşı sanksiyaların dondurulması qanununu imzalamayıb. İki ay ərzində Konqres layihəni müzakirə edəcək və müvafiq qərar verəcək. Trampın hazırkı qərarı isə İranda inqilabdan sonra ABŞ səfirliyinə hücumdan sonra bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan gedir. Trampın hərəkətləri göstərir ki, o, sələfi Obamanın əksinə olaraq İranla qarşıdurmada maraqlıdır. Bunu Tramp özü də gizlətmir. Vəzifəyə gəldikdən sonra verdiyi açıqlamalarında Tramp İranı tənqid edib, onu Yaxın Şərqdə sülhə təhdid adlandırıb. Digər tərəfdən, Ağ Evin hazırkı sahibinin İsrail və Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərdə olması onu onsuz da İrana qarşı sərt xəttə dartır.

Son günlər İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən gərginləşib. Bunun isə iki əsas səbəbi var. Birincisi Livanda baş verən siyasi böhrandır. Livanın baş naziri Saad Həriri ər-Riyada gedib və bu ölkədən televiziya ilə müraciət edərək istefa verdiyini bildirib. Ancaq eyni zamanda istefa çıxışında İranı sərt şəkildə tənqid edib, Tehranı bölgədə sabitliyi pozmaqda, təxribatlar törətməkdə ittiham edib. Bundan başqa, İrana yaxın Hizbullah təşkilatını da pisləyən Həriri həyatına təhlükə olduğunu və atası kimi sui-qəsdə məruz qala biləcəyini deyib.

Maraqlıdır ki, istefasından bir neçə gün əvvəl Həriri İranın sabiq xarici işlər naziri, dini liderin xarici siyasət üzrə məsləhətçisi Əliəkbər Vilayəti ilə görüşüb. Daha sonra isə Səudiyyə Ərəbistanına gedib və burada vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşdükdən sonra istefasını elan edib. Bu hadisədən bir neçə saat sonra Yəməndə hazırda hakimiyyəti ələ keçirmiş Husi üsyançıları Səudiyyə Ərəbistanına ballistik raket atıblar. Raket ər-Riyad Kral Xalid adına Beynəlxalq Hava Limanı yaxınlığında vurularaq salınıb.

ABŞ prezidenti Donald Tramp da Səudiyyə ərazisinə raket atılmasını təxribat adlandırıb və İranı ittiham edib.

İran XİN sözçüsü Bəhram Qasimi ər-Riyadın ittihamını gülünc adlandırıb. İnqilab Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib. O, İranın Yəmənə raket vermədiyini qeyd edib və Trampın İrana qarşı çox bəyanatını əsassız adlandırıb.

Həm İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər, həm də ABŞ prezidentinin İranla bağlı son bir ayda atdığı addımlar Yaxın Şərqdə qarşıdakı dövrdə təzyiqin daha da yüksələcəyini göstərir. Üstəlik, İraq və Suriyada böyük müharibənin başa çatması, həmçinin Səudiyyə Ərəbistanı daxilində baş verənlər Qərb blokunun yeni gərginlik ocağı yaratmasını qaçılmaz edir. Gərginlik ocaqlarının Qərbin regiondakı müttəfiq dövlətlərinin daxilinə keçməsi yaxşı perspektiv vəd etmir. Bu səbəbdən də gərginlik ocağının İran üzərinə daşınması indiki mərhələdə ABŞ-ın müttəfiqləri üçün vacibdir. Bu mənada qarşıdakı aylarda İranla gərginliyin artacağı və hətta iki il əvvəlki səviyyəyə çatacağını gözləmək olar. Əks təqdirdə, Səudiyyə Krallığı daxilində baş verənlər, eləcə də İraq və Suriyada savaşın başa çatması prosesi körfəz ərəb dövlətləri üçün ciddi problemlərə səbəb ola bilər. Görünür ki, məhz bu səbəbdən də yaxın zamanlarda daha böyük miqyaslı yeni regional münaqişənin başlaması gözləmək lazımdır. İrana qarşı hərbi əməliyyatlar daha çox risk tələb etdiyi üçün indi nisbətən "zəif bənd” Livan-Fələstin xətti hesab olunur. Fələstində nisbi sabitlik bərpa olunduğu və HƏMAS-Fəth cəbhəsində sülh əldə olunduğu üçün gözlər indi Livandadır. Yaxın Şərqdə İranın ən yaxın müttəfiqi və necə deyərlər, güclü olduğu ölkə Livandır. Hizbullah vasitəsilə faktiki olaraq Bəşər Əsəd xilas oldu. Bu səbəbdən də hazırda həm İsrail, həm də Bəşər Əsəd əleyhinə cəbhənin əsas hədəfi Hizbullahdır. Livanda baş nazirin istefası siyasi böhrana çevrilmə yolunda ciddi bir addımdır. Həririnin istefası Livanda onsuz da kövrək olan sabitliyi daha da zəiflədəcək.

Əgər bu ssenari effekt versə, o zaman yaxın aylarda Livanda daxili siyasi böhran və ardınca bu ölkəyə qarşı İsrail müdaxiləsi qaçılmaz olacaq. İsrail indi İranın regiondakı ən əsas gücünü Livanda məhv etməyə çalışır. Digər tərəfdən, 11 il əvvəl ilk dəfə İsrail məhz Hizbullah qarşısında uğursuzluğa düçar olub. Livana, yəni Hizbullaha qarşı növbəti müharibə İsrailin həm də qisas əməliyyatıdır. Bunu Təl-Əviv rəsmiləri də gizlətmir. Bu səbəbdən də ehtimal ki, növbəti "vəkalət savaşının” ünvanı Livan olacaq. Təbii ki, yerli siyasi qüvvələrin ağıllı addımları olmasa.

Kənan RÖVŞƏNOĞLU

Oxşar xəbərlər