“Arvadımı qətlə yetirənlər cəzalanacaq”

  • 03 noy 2017, 21:00

Mən həyat yoldaşımı öldürməyi sifariş verənlərin kim olduğunu bilirəm.

Axar.az xəbər verir ki, bunu ATR televiziyasına müsahibəsində Ukraynanın Cövhər Dudayev batalyonunun rəhbəri Adam Osmayev söyləyib. Onun sözlərinə görə, Ukrayna polisinin araşdırmasının nəticəsindən asılı olmayaraq, bu şəxslərin hamısı cəzalandırılacaq:

"Cinayət bəlkə də rəsmi şəkildə açılmayacaq, lakin günahkarların hamısı cəzalandırılacaq. Dəqiq adlar sizə deyə bilmərəm, amma sifarişçinin adını özüm bilirəm”.

Qeyd edək ki, Dudayev batalyonunun rəhbəri Adam Osmayevin avtomobili güllələnib. Nəticədə Osmayev yaralanıb, onun həyat yoldaşı Əminə Okuyeva başından aldığı güllə yarasından həlak olub.

Osmayevə bundan öncə iyun ayında hücum olmuşdu. O zaman Sankt-Peterburqdan olan çeçen əsilli sahibkar Artur Denissultanov Osmayevi yaralamış, onun həyat yoldaşı Okuyeva isə cavab atəşi ilə sahibkarı vurmuşdu. Denissultanov sui-qəsdini həyata keçirməzdən əvvəl cütlüyə özünü Fransanın "Le Mond” qəzetinin nümayəndəsi kimi təqdim etmişdi.

2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəmişdilər. Osmayev 2014-cü ilin noyabrında azadlığa çıxmışdı.

Ukraynada Cövhər Dudayev adına çeçen batalyonunun komandiri məşhur general İsa Munayevin 2015-ci il fevralın 1-də Debaltsova yaxınlığında gedən döyüşlərdə həlak olmasından sonra Osmayev bu batalyona rəhbər gətirilmişdi. Sonradan Rusiya mətbuatı Munayevin ölümündə məhz Osmayev və Akuyevanı günahkar bilmişdi.

Oxşar xəbərlər