Medvedev Ermənistana rəsmi səfər edib

  • 24 okt 2017, 19:21

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana iki günlük rəsmi səfər edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, səfər Ermənistanın baş naziri Karen Karapetyanın dəvəti ilə baş tutub. Elə hava limanında Medvedevi Karapetyan özü qarşılayıb. Səfər çərçivəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması, həmçinin prezident Serj Sərkisyanla görüş nəzərdə tutulur. 25 oktyabrda isə Medvedev Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının toplantısına qatılacaq. Məlumata görə, Rusiya, Ermənistan, Belorus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları birgə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Ancaq D.Medevedevin səfərində daha vacib məsələlərin müzakirə olunacağı iddia olunur. Buraya İrəvanın Avropa İttifaqı ilə imzalamağa çalışdığı hərtərəfli və geniş əməkdaşlıq haqqında sazişin və Serj Sərksiyanla Karen Karapetyan arasında baş nazirlik uğrunda gedən mübarizənin daxil olduğunu erməni mənbələri də yazır. Hesab olunur ki, rus baş nazir erməni hakimiyyətindəki mübahisələrə son qoymaqla yanaşı, İrəvanı Avropa İttifaqı ilə müqavilə imzalamaqdan da çəkindirəcək. Artıq erməni qəzetləri noyabrın 24-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının sammiti keçiriləcək sammit çərçivəsində Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş əməkdaşlıq haqqında sazişin imzalanmasının sual altında olduğunu yazır. İddia olunur ki, sənədin tərcümə olunmaması səbəbindən məsələ ləngiyə bilər. Kəsəsi, 24 oktyabr gecəsi Sərksiyanın taleyi həll olunacaq. Avropa ilə əməkdaşlıqdan vaz keçsə, 2018-ci ilin aprelində baş nazir olmaq üçün Kremlin razılığını ala bilər.

Demokratik.Az

Oxşar xəbərlər