Rusiya-Türkiyə münasibətləri soyuya bilər

  • 11 okt 2017, 10:13

Ərdoğan və Çavuşoğlunun açıqlamaları gərginlik cığırı açır; Qabil Hüseynli: "Münasibətlərin yüksələn xətt üzrə gedəcəyini onsuz da söyləmək çətindir”

Rusiya ilə Türkiyə arasında ötən 1 ildə yaranmış isti münasibətlər soyuya bilər. Son iki gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalar iki dövlət arasındakı münasibətlərin gərginləşdiyini göstərir.

Əvvəlcə Kiyevə səfərə gedən Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında təcavüzə məruz qalan Krımın Rusiyaya birləşdirilməsini indiyə qədər tanımadıqlarını, bundan sonra da tanımayacaqlarını bəyan etdi.

"Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və Krımın Rusiyaya birləşdirilməsini tanımır”,-deyə, Ərdoğan qeyd edib.

"Türkiyə S-400 zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə, Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər.”

Bunu isə "Akşam” qəzetinə müsahibəsində Türkiyənin XİN rəhbəri M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb: "Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik”.

Nazir vurğulayıb ki, Ankara ölkənin hava məkanını qorumaq üçün təcili şəkildə S-400 almalıdır: "Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan S-400 almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər”.

Hər iki məsələ Kremlin yaralı yeridir. Qardaş ölkənin rəsmisi S-400-ü hətta rəsmi Moskvaya qarşı olan dövlətlərdən ala biləcəklərini çəkinmədən dilə gətirir. Ekspertlər proseslərin bu şəkildə davamının Türkiyə-Rusiya əlaqələrinin ömrünü bitirəcəyini qeyd edirlər.

Politoloq Qabil Hüseynli Ərdoğanın Krımla bağlı dediklərinin məcburi açıqlama olduğunu düşünür: "Ukraynanın əsas məsələsi ərazi bütövlüyü və Krımdır. Yerdə qalan məsələlər bundan sonra gəlir. Krımın ilhaqından sonra artıq neçənci dəfədir ki, Türkiyə rəhbəri Ərdoğan bu ərazinin Ukrayna torpağı olduğunu vurğulayır. Hətta Krım tatarlarının lideri Mustafa Cəmiloğlu iki dəfə Türkiyəyə gəlib Ərdoğanla görüşüb, Krım məsələsi ilə bağlı mətbuat konfransı keçirilib. Bu konfransda da Ukraynanın ərazi bütövlüyü birmənalı şəkildə vurğulanıb. Ukrayna ilə hazırda çox ciddi sövdələşmələr gedir. Qarşılıqlı ticarət əlaqələri, hərbi sahədəki əməkdaşlıq və digər məsələlər müzakirə edilir. Bu məsələlərin fonunda Ərdoğan əvvəl dediklərindən dönə bilməz. Türkiyə Krıma iddiası olan dövlətlərdən biridir. Çünki 1853-cü ilə qədər Krım Osmanlı İmperiyasının tərkibində olub. Yalnız ruslar Krım müharibəsindən sonra bu ərazini onlardan qopara biliblər. Birmənalı şəkildə qeyd etmək olar ki, Krım məsələsində Türkiyə açar dövlətlərdən biridir. Bu baxımdan onun dedikləri istər tarixi, istərsə də, siyasi nöqteyi-nəzərdən dünya tərəfindən qəbul olunur”.

Politoloq M.Çavuşoğlunun S-400-lə bağlı dediklərinə də toxundu: "Bu məsələ belə də bitməli idi. Bu raketlərin alınmasına avans ödənilsə də, onun birgə istehsalı məsələsi də tərəziyə qoyulmuşdu. Bir-iki divizion göndərildikdən sonra Rusiya Türkiyənin daxilində hava hücumlarından müdafiə sistemləri, xüsusilə birgə S-400-lərin istehsalını təşkil etməli idi. Bunun üçün də əlavə ödənişlər nəzərdə tutulurdu. Belə görünür ki, Kreml birgə istehsaldan imtina edir. Bunu da hərbi sirrin kənara çıxmaması ilə yozmağa çalışır. Amma bu belə deyil. Çünki Rusiya artıq bundan daha model istehsalata başlayıb, yəni gətirilən arqument bəhanədən başqa bir şey deyil. Görünən odur ki, Rusiya tərəfdə birgə istehsalla bağlı fikir dəyişikliyi var. Bunu da qardaş ölkə qəbul etmək niyyətində deyil. Üstəlik, rəsmi Ankaranın NATO ilə ciddi danışıqları gedir. Bu danışıqlarda Rusiyadan alınacaq S-400-lərin NATO sisteminə necə uyğunlaşdırılması gündəmdədir. Çünki S-400-lərin radar sistemləri NATO-nun radar sistemləri ilə qətiyyən üst-üstə düşmür. İndi ortaya çıxıb ki, S-400-lərin NATO-ya daxil olan dövlətlərlə birgə hərəkəti mümkünsüzdür. Bu nöqteyi-nəzərdən onun texniki göstəriciləri NATO standartlarına uyğun gəlmir. Bu da Türkiyə tərəfdən diqqətlə dəyərləndiriləcək. Birgə istehsal təklifi məhz S-400-lərin NATO standartlarına uyğunlaşdırılması üçün irəli sürülürdü. Rusiya artıq bundan imtina etməyə başladıqda müqavilənin pozulması təhlükəsi yarana bilər. Ümumiyyətlə, Türkiyə ilə Amerika arasında son zamanlarda yaranan gərginlik rəsmi Ankara-Qərb və Türkiyə-NATO əlaqələrini ciddi şəkildə zədələyə bilər. Bu baxımdan Ərdoğan və Çavuşoğlunun mövqeləri başadüşüləndir. Zahirən olmasa da, daxilən Rusiya-Türkiyə münasibətlərində gərginlik yarana bilər. Bu gərginlik əvvəl münasibətlərin soyuqlaşması şəklində özünü göstərə bilər, qarşılıqlı ticarət dövriyyəsinin azalmasında özünü büruzə verə bilər. Bir sözlə, münasibətlərin yüksələn xətt üzrə gedəcəyini onsuz da söyləmək çətindir”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər