Ərdoğanın “Dünya beşdən böyükdür” atmacası və...

  • 09 okt 2017, 07:53
Son vaxtlar dünyada baş verən hadisələr klassik müharibə və soyuq savaş ehtimallarını artırıb, siyasi vəziyyəti gənginləşdirib. Türkiyənin də dünyada əsas aktorlardan biri olması qardaş ölkəni həm özünü qorumaq, həm də dünyada siyasi sabitliyi təmin etmək üçün hərəkətə keçməyə sövq edib. Son vaxtlar Türkiyənin yerləşdiyi coğrafiyada baş verənlər bölgənin ən güclü dövləti üçün təhlükə mənbəyinə çevrilib. 
Belə ki, Türkiyənin ciddi xəbərdarlığına baxmayaraq, böyük güclər Şimali İraq kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsinə nail oldular. Rəcəb Tayyib Ərdoğan Şimali İraq kürd muxtariyyətini hərbi müdaxilə ilə hədələsə də, Bərzani hələ ki, geri addım atmaq istəmir. Məsud Bərzaninin təkbaşına belə bir şovinist, təxribatçı qərarı vermək gücü və cəsarəti olmadığını Türkiyədə də bilirlər. Odur ki, qardaş ölkə özünü təhlükələrdən qorumaq üçün yeni müttəfiqlər axtarır, Qərblə, konkret olaraq ABŞ-la münasibətləri gərgin vəziyyətdə olan ölkələrlə əlaqələrini genişləndirir. Əlbəttə ki, Qərb Türkiyənin ondan belə sürətlə üz çevirəcəyini gözləmirdi. Türkiyənin sıxışdırılması bu ölkənin ABŞ-ın diktəsini qəbul etməsinə hesablanmışdı. Ancaq Türkiyə şanlı keçmişi və böyük dövlətçilik tarixi olan, indiyədək heç kimə boyun əyməyən bir ölkədir. Lazım gələrsə, Türkiyə istənilən güclə savaşar, ancaq heç kimin diqtəsi ilə hərəkət etməz. Türk milləti Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1920-ci illərdə öz azadlığı, müstəqilliyi üçün nələr edə biləcəyini bütün dünyaya göstərib. Hazırki Türkiyə iqtidarına öz diktəsini qəbul etdirə bilməyən qüvvələr ötən il "FETÖ” terror təşkilatı vasitəsilə dövlət çevirilişinə cəhd etdilər. Amma yenə də böyük türk milləti öz sözünü dedi, milli dövlətini qoruyub saxlaya bildi.
 
Hələ ötən ilin avqust ayında "Financial Times” qəzetində Putinin Türkiyə ilə Qərb ölkələri arasındakı əlaqələri gərginləşdirmək niyyətində olduğu barədə yazı dərc olunmuşdu. Həmin yazıya cavab olaraq Türkiyənin "Posta” qəzetində "Türkiyə Qərbdən niyə uzaqlaşır?” sərlövhəli yazı verilmişdi. O məqalədə Türkiyənin Qərbdən uzaqlaşmasının səbəbləri açıqlanmış, bunun səbəbkarının Rusiya deyil, elə Qərb ölkələri olduğu vurğulanmışdı. Müəllif yazırdı: "50 ildir Avropa Birliyinin qapısında gözləyirik. Bizdən sonra müraciət edən ölkələr belə birliyin üzvü olub. Biz isə doğru-dürüst üzvlük müzakirələrinə belə başlaya bilmirik. Türkiyəni qana bulayan terror təşkilatına Avropanın göbəyində çadır qurdururlar. Türkiyə Böyük Millət Məclisini bombalayan terroristlər ABŞ-ın himayəsindədir. Türkiyədən daha nə istəyirsiniz?”
  
Hələ ötən ilin bu vaxtlarında Türkiyənin Qərbdən üz çevirəcəyi barədə proqnozlar verilirdi. Türkiyə Qərbdən tamamilə üz çevirməyib, ancaq bir xeyli uzaqlaşıb, hətta onları qıcıqlandıran siyasət yürüdür. 
  Son 20 gündə, xüsusilə bu həftə baş verən hadisələr bir çox suallar ortaya çıxarıb. Sentyabrın sonlarında Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. 
Mövzu ətrafında fikirlərini Moderator.az-la paylaşan politloq İlqar Vəlizadə bu qənaətdədir ki, Putinin Ankara səfəri Rusiyanın Türkiyəyə verdiyi önəmin isbatıdır. Rusiya Türkiyə ilə həm siyasi, həm də iqtisadi layihələrin gerçəkləşməsində maraqlıdır. Siyasi layihələrdən biri Yaxın Şərqin post-konfilikt dönəmindən sonra yenidən qurulması ilə bağlıdır. Həm Türkiyə, həm də Rusiya anlayır ki, regionda hər iki dövlətin böyük maraqları var. Bu maraqlar elə uzlaşmalıdır ki, toqquşmasınlar.
   
Rusiya son vaxtlar Türkiyəyə güclü silah-sursatlar satıb. Bunun özü Rusiyanın Türkiyəyə olan etimadına, bu silahların Rusiyanın maraqlarına qarşı yönəlməyəcəyinə olan inamına nümunədir. Halbuki, Türkiyənin müttəfiqləri bu cür raket komplekslərini Türkiyəyə satmağa ehtiyat edirlər.
Türkiyənin anti-Qərb siyasəti bununla məhdudlaşmayıb. Rəcəb Tayyib Ərdoğan bu həftə ABŞ-la münasibətləri gərgin olan daha bir ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində addım atıb. Türkiyə Prezidentinin İrana səfərinin onun Rusiya lideri Vladimir Putinlə görüşündən cəmi bir həftə sonraya təsadüf etməsi bütün dünyada rezonans doğurub. Rusiya mediası Putinin Türkiyəyə səfəri ilə bağlı yazmışdı ki, Kreml başçısı Ankarada Ərdoğanla "saat əqrəblərini tutuşdurub”. Bu səfər zamanı iki ölkə lideri Suriya məsələsindən tutmuş Şimali İraqda keçirilən müstəqillik referendumuna qədər bir çox məsələləri müzakirə edib. Prezidentlər həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndiriblər. Ərdoğan və Ruhani bölgədə sülhün təmin olunması üçün İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər.
   
Həmin vaxt mətbuata açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Türkiyə Prezidentinin İran səfərinin hər iki ölkə və bölgə üçün ciddi təsirləri olacaq. Türkiyə son zamanlar Rusiya ilə münasibətləri ciddi şəkildə qurub. İndi Ankara İranla münasibətləri qaydaya salır. Türkiyə ilə münasibətlərin yaxınlaşması İrana da lazımdır. Putinin Türkiyə səfərindən az sonra Ərdoğanın İrana səfəri, aparılan müzakirələr üçlü ittifaqın formalaşmasına bənzəyir. Ərdoğanın Tehran səfəri bu ittifaqın formalaşmasına ciddi təsir göstərə bilər. Səfərin ən ciddi nəticəsi də bu ola bilər. Artıq Türkiyə ilə İran uzunmüddətli strateji əməkdaşlıq yoluna qədəm qoyurlar. Bu strateji əməkdaşlıq geniş hərbi, iqtisadi sahələri əhatə edəcək.
Bu siyasətin davamı kimi, həftə sonu Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə rəsmi səfər edib. Bildiyimiz kimi, Venesuela ABŞ-la münasibətləri gərgin, Rusiya ilə müttəfiq olan Cənubi Amerika ölkəsidir. Bu il ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq edib. ABŞ-ın bütün düşmənləri Venesuelanın dostudur. Bu baxımdan məhz bu ərəfədə Nikolas Maduronun Türkiyəyə səfəri diqqəti cəlb edir. Venesuela Prezidentinin Rəcəb Tayyib Ərdoğanla keçirilən mətbuat konfransındakı çıxışı ABŞ-a mesaj kimi qiymətləndirilə bilər: "Biz Türkiyə-Venesuela əlaqələrində yeni bir dövr yaratmaq istəyirik. Biz fərqli, daha gözəl bir dünyaya inanırıq və bunun mümkün olacağını düşünürük. Dünyanın çoxmərkəzli, hamımıza yer olan bir dövrünü yaratmalıyıq”.
  
Çıxışında "Dünya beşdən böyükdür” sözünü bir daha xatırladan Ərdoğan da böyük güclərə öz mesajını çatdırıb.
  
Bəs Türkiyənin Qərbdən uzaqlaşması Azərbaycana nə vəd edir? Əvvəla nəzərə alaq ki, Türkiyənin yaxınlaşdığı, strateji əlaqələr qurduğu ölkələr Azərbaycanın qonşularıdır. Türkiyənin Rusiya və İranla müttəfiq olması Azərbaycanın xeyrinədir. Əgər qardaş ölkə Putinin Avrasiya İttifaqına daxil olsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər. Gözləyək görək növbəti həftələrdə daha hansı hadisələr baş verəcək.
                                                                                       
Tural Səfərov
Oxşar xəbərlər