Çexiya XİN erməni yalanlarını üzə çıxardı

  • 29 iyun 2017, 20:17

Çexiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib.

Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova Trend-ə bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib”.

Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib: "Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın Yerevandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.

Demokratik.Az

Oxşar xəbərlər