"Türkiyədə aclıq etməyə görə də həbs edirlər"

  • 25 may 2017, 12:12

"The Telegraph" yazır ki, Türkiyədə iki ali məktəb müəllimi işdən qovulduqdan sonra aclıq aksiyası keçirdiklərinə görə həbs ediliblər və indi onları azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Məqalədə deyilir ki, Nuriye Gülmen və Semih Özakcanın aclıq aksiyası 77-ci günə qədəm qoyurdu.

İndi isə onları terrorçu təşkilat üzvü olmaqda ittiham edirlər. Hər iki ziyalı bu ittihamları rədd edir.

Türkiyədə ötən il baş tutmamış çevriliş cəhdindən bu yana on minlərlə adam həbs edilib və buna görə də məhkəmələr hökm çıxarmağı çatdırmır. Bu isə o deməkdir ki, 35 yaşlı Gülmen və 28 yaşlı Özakca məhkəmələri olanadək 6 ay həbsdə gözləməli olacaqlar.

Qəzet yazır ki, təkcə ötən çərşənbə günü Ankarada "Gülen şübhəlisi" sayılan daha 139 hökumət qulluqçusu həbs edilib.

İbtidai məktəb müəllimi Özakca və universitet mühazirəçisi Gülmen mart ayından bu yana yalnız limon, duzlu su və şəkər məhlulu ilə keçinirdilər. Onlar aclıq aksiyasını həbsxanada da davam etdirəcəklərini bildiriblər.

Lakin indi onları Gezi parkı etirazlarına bənzər iğtişaşları qızışdırmaq cəhdində ittiham edirlər.

Hakim onlardan ilkin dinləmədə öz etiraz aksiyaları üçün kimdənsə pul alıb-almadıqlarını soruşub.

"The Telegraph" yazır ki, Türkiyədə aclıq aksiyası keçirənlərin zorla yedizdirilməsi praktikası tətbiq olunur (BBC).

 

Oxşar xəbərlər