Ərdoğanı ABŞ-a aparan səbəblər...

  • 16 may 2017, 07:49

Rəsmi Ankara Vaşinqtonu kürd siyasətindən döndərməyə çalışır


İki gün əvvəl Çinə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oradan da ABŞ-a gedib. Türkiyə mətbuatının yazdığına görə, prezident Ərdoğan 15-17 may tarixlərində ABŞ-da görüşlər keçirəcək. Türkiyə prezidenti bu səfəri ABŞ-Türkiyə əlaqələrinin yenidən doğulması adlandırıb.


Prezident Ərdoğan deyib ki, ABŞ prezidenti ilə görüşündə müzakirə olunacaq mövzular "vergül” deyil, "nöqtə”, yəni dəqiq nəticələrə söykənən məsələlər olacaq. O, Trampla görüşlərdə İŞİD-lə mübarizə, eləcə də ABŞ-ın Suriyadakı kürd silahlı birləşmələrinə silah verilməsi məsələsini müzakirə edəcəklərini deyib.


Qeyd edək ki, Ərdoğanın Amerikaya səfəri çox həssas bir mərhələdə baş tutur. Çünki keçən həftə Ankaranın bütün xəbərdarlıq və çəkindirmələrinə baxmayaraq Tramp kabineti kürdlərin silahlandırılması ilə bağlı qərarı imzaladı. Bu qərara əsasən Vaşinqton Pentaqon vasitəsilə YPG və Suriya Demokratik Qüvvələri adlı qruplaşmaya böyük miqdarda müxtəlif tipli silahlar, o cümlədən atıcı yüngül silahlar, pulemyotlar, ağır pulemyotlar, yüngül və ağır zirehli maşınlar, tanklar, istiliyə uçan raketlər də daxil olmaqla böyük miqdarda silah verib. Artıq silah və texnikanın bir qismi Şimali İraq ərazisindən Suriyaya göndərilməyə başlayıb.


Ankara isə bu addımdan çox narazıdır. Çünki YPG və onun siyasi qanadı olan PYD PKK-nın Suriya qolu hesab olunur. Ankara bu təşkilatları terrorçu qruplaşmalar siyahısına salıb. Hətta Vaşinqtonun israrlarına rəğmən Ankara kürdlərlə birlikdə Raqqa əməliyyatına qoşulmaqdan imtina edib.


Hətta bir sıra yerli ekspertlər Ərdoğanın cavab olaraq ABŞ səfərini ləğv etməsini təklif etdilər. Ancaq indi Türkiyənin ABŞ-la əlaqələri zərbə vurması mümkün deyil, zərbəsi daha çox Ankaraya dəyə bilər. Bu səbəbdən də indi Ankara Vaşinqtonla daha yaxın olmaq, danışıqlarla onu çəkindirməyə çalışır.


Çünki hazırda həm Vaşinqton, həm də Moskva Suriyada kürdlərin gücünü qəbul edir və onlarla əməkdaşlığa önəm verirlər. Kürdlərin Suriyada muxtariyyət və ya federasiya subyekti haqqı alması Türkiyədə terror və separatizmi daha da alovlandıracaq. Hər kəsə aydındır ki, kürdlərin Suriyada muxtariyyət əldə etməsi, onların ABŞ tərəfindən açıq şəkildə silahlandırılması, təlim verilməsi yalnız Raqqa əməliyyatı ilə bağlı, yəni İŞİD-lə mübarizə məqsədli deyil. Bu silahların bir qismi ağır silahlar kateqoriyasına daxildir və Pentaqon bu silah və texnikanın sonradan geri alınmayacağını bildirib. Yəni silahlanan, amerikalı və rus təlimatçılardan dərs alan kürd silahlıları Raqqanı ələ keçirdikdən sonra faktiki olaraq Suriyanın şimalında Türkiyə və İraq sərhədləri boyunca əsas hərbi gücə çevriləcəklər. Bu isə Türkiyə üçün indiki şərtlərdə ən uyğun olmayan nəticədir.

Bu səbəbdən də Ankara indi Vaşinqtona təzyiq göstərmək deyil, daha çox dialoq və yaxınlaşma ilə kürd siyasətini zəiflətməyə çalışır. Çünki Vaşinqtonun indiki duruşu onu göstərir ki, amerikalılar üçün hələlik kürdlər əməkdaşlıq üçün ən uyğun qüvvədirlər. Türkiyə NATO üzvü olaraq ABŞ-ın müttəfiqi olsa da, son bir neçə ildə ABŞ və Türkiyə arasında əməkdaşlıq və açıq koordinasiya olmayıb. Vaşinqtonla Ankara münasibətləri soyuduqca kürdlərə dəstək də artır. İndi Vaşinqtonu kürd yaxınlaşmasından vaz keçirmək üçün yeganə yol Amerika rəhbərliyini Türkiyənin daha önəmli və faydalı olmasına, Ankara ilə əməkdaşlığın alternativinin olmadığına inandırmaqdır.


Qeyd edək ki, prezident Ərdoğanı Çin və ABŞ səfərində baş nazirin müavini Toğrul Türkeş, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, nəqliyyat, rabitə və dənizçilik naziri Əhməd Arslanla yanaşı iş adamlarından ibarət böyük bir heyət müşayiət edir.


Kənan Rövşənoğlu

Oxşar xəbərlər