Ərdoğan-Putin görüşü: iki nəhəng arasında “buz”lar əriyəcəkmi?

  • 29 apr 2017, 08:53

Siyasi analitiklər Rusiya və Türkiyə liderlərinin Soçi görüşündə müzakirə predmeti olacaq mövzular haqda proqnozlar verdilər; Qarabağdakı müharibə təhlükəsi önlənəcəkmi?

Məlum qırıcı təyyarəsi olayından sonra Rusiya ilə Türkiyə arasında hökm sürən yeddi aylıq "soyuq müharibə” dövrü çoxdan geridə qalsa da, regionun iki böyük dövləti arasında əlaqələr hələ də tam məcrasına düşməyib. Rusiyanın Türkiyə məhsullarına sanksiyasını davam etdirməsi bir sıra hallarda Azərbaycandan şimala aparılan kənd təsərrüfatı məhsullarının da "türk malı” şübhəsilə sərhəd-keçid məntəqəsində saxlanılmasına səbəb olur.

Rusiyadan qardaş ölkəyə reyslərin tam pərpa olunmaması, vaxtaşırı Ankaranın Suriya, Bəşər Əsəd və PKK-ya münasibətinin Moskvada qıcıqla qarşılanması da münasibətlərdəki "çat”ı göstərir. Eyni zamanda Ankara da Rusiyaya qarşı bir sıra məhdudiyyətlərini qüvvədə saxlayıb və Kremlin atacağı addımları gözləyir. Xüsusilə də ABŞ-ın Suriyadakı hərbi obyektlərə zərbə endirməsindən sonra Ankaranın Rusiyaya xoş gəlməyən mövqe ortaya qoyması yenidən soyuqlaşmaya rəvac verib.

Politoloq Elçin Mirzəbəyliyə görə, Moskvanın siyasətində dəqiqlik çatışmır: "Problem ondadır ki, Rusiya özü də nə istədiyini bilmir. Çarizmin süqutundan sonra rus milli burjuaziyası Rusiyanı sözün bütün mənalarında qərarsızlıq böhranından çıxarmağa çalışsa da, təəssüf ki, buna nail ola bilmədi. Müasir Rusiya Radişevin, Novikovun, Bestujev-Marlinskinin, Belinskinin, Çernışevskinin, Bakuninin və rus burjuaziya inqilabı liderlərinin arzu və istəklərindən deyil, Lenin, Buxarin, Trotski kimi avantüristlərin xəstə təfəkkürlərindən doğub. SSRİ süquta uğrasa da, Rusiya hələ də postbolşevizm dövrünü yaşayır, sistem və düşüncə tərzi olaraq bolşevizmdən qopa bilməyib. Proletar bolşevizmini oliqarx bolşevizmi əvəz edib. Mahiyyət isə eynidir.”

Bu baxımdan, E.Mirzəbəyli Rusiyanın Türkiyə ilə münasibətlərdə də sivil, inkişafa aparan nə isə istədiyini düşünmür. Amma istisna etmir ki, Moskva Türkiyənin bütün müttəfiqləri ilə üzülüşməsinin, dünya gücləri ilə qarşı-qarşıya dayanmasını, demokratik inkişafdan qalmasını və özündən asılı vəziyyətə düşməsini istəyə bilər: "İndiki şəraitdə Türkiyə ilə Rusiyanı əməkdaşlığa sövq edən əsas amil iqtisadi tərəfdaşlıqla bağlıdır. Hər iki ölkəni bir-biri üçün əlverişli iqtisadi tərəfdaş hesab etmək olar. Digər tərəfdən, Türkiyəni Rusiyanın zəngin enerji resursları da cəlb edir. Türkiyə Rusiyanın resursları hesabına tranzit ölkə statusunu möhkəmləndirməklə Avropanın enerji bazarında söz sahibi olmaq istəyir. Rusiya da öz növbəsində Avropa sərhədlərində baş verə biləcək problemləri və perspektiv qarşıdurmaları nəzərə alaraq enerji dəhlizlərinin Türkiyə vasitəsilə diversifikasiyasına çalışır. Rusiyanı hazırda maraqlandıran əsas amil ölkə daxilində iqtisadi tarazlığı qoruyub saxlamaqdan ibarətdir. Qənaətimə görə, Ərdoğan-Putin görüşündə də məhz bu məsələlər əsas müzakirə mövzusu ola bilər. Suriya böhranına gəldikdə isə, Türkiyə burada söz sahibi olan tərəf statusunda çıxış etmədiyi üçün müəyyən vasitəçilik missiyasını yerinə yetirə bilər. Yaxud kürd separatçı qruplarıyla bağlı mübarizədə Rusiyanın neytrallığını təmin etməyə cəhd göstərə bilər. Bundan daha artığını gözləmək, maksimalist yanaşma olardı”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qəzetimizə bildirdi ki, əsas məsələ "Putin-Ərdoğan görüşündə məqsəd nədir” sualına cavab tapmaqdır: "Axı, prezidentlər bir müddət əvvəl görüşmüşdülər. Aydındır ki, iki ölkənin prezidenti bu görüşdə əsasən Suriyanı müzakirə edəcəklər. Putin Ərdoğanla əməkdaşlıqdan məmnundur. Ancaq Putin Ərdoğanla görüşdə vacib detalları özü üçün aydınlaşdırmaq istəyir. Rusiya Suriyada Hələb şəhərinin azad olumasında Türkiyə ilə əməkdaşlıq etdi. Bundan sonra Rusiya, Türkiyə və İran təmsilçiləri Qazaxıstanın paytaxtı Astanada görüşdülər və Suriyada atəşkəsə nail oldular. Növbədə mərhələdə Rakka şəhərinin DAİŞ terrorçularından azad olunması planlaşdırılır. Ancaq Rusiya bu əməliyyatda təkbaşına iştirak etmək istəmir. Çünki Rakkada gələcək döyüşlərdə böyük itkilər olar bilər”.

E.Şahinoğlunun fikrincə, görünür, Putin Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur: "Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər, ancaq bunun reallaşması üçün şərti var: Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir! Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq. Bunun qarşılığında Putin Suriyada silahlı kürdlərə dəstəkdən imtina edəcəkmi? Bu suala birmənalı cavab yoxdur”.

Politoloq hesab edir ki, prezident Ərdoğanın rusiyalı həmkarı Putindən başqa bir istəyi də var: "Qeyd etdiyim kimi, Ankara Moskvanın Suriyadakı silahlı kürdlərə dəstəyini dayandırmasını istəyir. Çünki Türkiyə həmin silahlı kürdlərin terrorçu PKK təşkilatına bağlı olduğunu bildirir. Rusiya silahlı kürdlərə dəstəkdən o zaman imtina edə bilər ki, Türkiyə Bəşər Əsədin devrilməsi planlarında yer almasın. Rusiya rəsmilərinin fikrincə, Amerika vaxtilə İraqda Səddam Hüseyni devirdiyi kimi, Bəşər Əsədi də devirmək planları hazırlayıb. Kremlı Vaşinqtonun bu planlarında Türkiyənin yer almasını istəmir. Buna baxmayaraq, Ərdoğan Əsədlə barışmayacaq. Tam əksinə. Ərdoğan son müsahibəsində qeyd edib ki, Putinlə görüşdə Rusiya prezidenti ona deyib ki, o Əsədin vəkili deyil. Ərdoğan Putinə Əsədi hakimiyyətdən bir başqası ilə əvəz etməyi təklif edəcək. Eyni mövzunu Vladimir Putin bir müddət əvvəl Moskvaya səfər edən Amerikanın dövlət katibi Reks Tillersonla müzakirə etmişdi. Kreml Əsədin bir başqasıyla əvəz edilməsini istəmir. Çünki Kremldə düşünürlər ki, Əsədin yerinə hakimiyyətə gələcək şəxs Rusiya ilə strateji tərəfdaşlıqdan və Rusiya hərbi bazalarından imtina edəcək. Rusiyada düşünürlər ki, Əsədin yerinə gələcək şəxs silahlı müxalifətlə barışacaq, bu halda isə müxalifət strateji müttəfiq kimi Rusiyanı deyil, Amerikanı və başqa ölkələri secəçəklər”.

Ekspert hesab edir ki, Suriyada mövzusundan başqa, Ərdoğanla Putinin müzakirə edəcəyi daha iki mövzu var: "Birinci mövzu Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına maneəsiz girişinə icazə verilməsidir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə hələ də maneələr var. İkinci mövzu Türkiyənin Rusiya taxılından imtina etməsidir. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına maneə yaratdıqdan sonra Türkiyə də Rusiyadan taxıl almaqdan imtina etdi. Bu məsələnin sadə həll var. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına maneəni ortadan qaldırarsa, Türkiyə yenidən Rusiyadan taxıl alacaq. Bundan başqa Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Ankara daha bir jest etdi. Rusiya vətəndaşları Türkiyədə vizasız 60 gün deyil 90 gün qala biləcəklər. Eyni addımı hələ ki Moskva atmır. Beləliklə, Ərdoğan-Putin görüşündə həm Suriya mövzusunda, həm də ikitərəfli münasibətlərdə müsbət nəticələr əldə etmək mümkündür”.

Amma istisna deyil ki, Soçi görüşündə Qarabağ məsələsi də müzakirə mövzularından biri olsun. Fakt budur ki, Qarabağdakı növbəti savaş regionu fəlakətə düçar edə bilər və aparıcı ölkələr bu təhlükəni nəzərə almaya bilməz. Moskva görüşündə nəticə olmasa, gərginlik daha da artacaq, buna şübhə yoxdur. Hər halda sülh prosesinə qoşulmaq istəyən Ankara işğal faktoru ilə barışmaq niyyətində olmadığı üçün Moskvadan Ermənistana təsir etməsini istəyə bilər. Reallıq budur ki, Ermənistanın silah arsenalına çevrilməsi həm də Türkiyəyə təhlükədir. Sərkisyan Rusiyadan aldığı "İsgəndər”lərlə təkcə Azərbaycanı hədələmir, Ankarada da bunu yaxşı bilirlər.


E.PAŞASOY

Oxşar xəbərlər