İngiltərədə "yumurta" qalmaqalı

  • 05 apr 2017, 20:07

Söhbət əsl yumurtadan yox, xristianların Pasxa bayramı ərəfəsində Britaniyanın əksər supermarketlərində satılan yumurta formalı şokoladdan gedir.

"The Guardian" yazır ki, ölkənin ən qədim şirniyyat istehsalçılarından Cadbury şirkətinin və Milli Mədəniyyət İrsi xeyriyyəsinin guya yumurta şokoladların üstündəki "Pasxa" sözünü yığışdırdığına dair yayılan xəbərlər hətta baş nazir Theresa May-in bu məsələyə qarışmasına səbəb olub.

İordaniyaya səfərdə olan baş nazir bununla əlaqədar təəccüb bildirib. O deyib ki, bu məsələyə heç də təkcə keşiş qızı kimi yox, həm də Milli Mədəniyyət İrsi şurasının üzvü kimi münasibət bildirir.

York arxiyepiskopu John Sentamu isə yumurtaların üzərindən "Pasxa" sözünün götürülməsini pisləyib və deyib ki, "19-cu əsrdə şokolad firmasının əsasını qoymuş John Cadbury bu olanlardan xəbər tutsaydı, məzarında çevrilərdi".
Müxalif leyboristlərin lideri Jeremy Corbyn isə baş verənləri "ifrat kommersiyalaşma" ilə izah edib.

Bəzi tənqidi fikrilərə görə supermarketlərdə alıcıların böyük bir qisminin müsəlman və ya başqa qeyri-xristian dinlərdən olduğunu nəzərə alan istehsalçılar "Pasxa" sözünü yumurtaların üstündən götürmək qərarı veriblər.

Cadbury şirkəti isə bu xəbərlərə münasibət bildirərkən açıqlayıb ki, əvvəla "Pasxa" sözü heç də bütün şokalad yumurtaların üstündən götürülməyib, ikincisi bu yumurtalar əsasən "yumurtanı tap" oyunu üçün buraxılır. Şirkət isə həmişə olduğu kimi şokoladların üzərinə "Pasxa yumurtasını tap" yox, sadəcə "Böyük Britaniya yumurta axtarışı" sözlərini yazıb. Məqsəd də bu imiş ki, bu oyunda bütün dinlərdən olan uşaqlar iştirak edə bilsinlər.

Oyun isə bundan ibarətdir ki, uşaqlar evdə baba-nənələrinin və ya valideynlərinin əvvəlcədən gizlətdikləri yumurta şokaladları tapmalıdırlar.

Buna baxmayaraq "The Guardian" qəzetinin yazdığına görə həm Cadbury şirkəti, həm də Milli Mədəniyyət İrsi indi ziyanın yarısından qayıtmağa çalışırlar.

Milli Mədəniyyət İrsi idarəsi öz internet saytında reklam olunan şokolad yumurtalar səhifəsinə "Pasxa" sözünü əlavə edib.

Halal şokolad?

Bəziləri Cadbury şirkətini öz malını daha yaxşı satmaq üçün, dini dəyərləri qurban verməkdə günahlandırırlar. Bundan əvvəl şirkətin guya "halal şokalad" istehsalına keçməsi barədə şayiələr onun üçün baş ağrısına çevrilmişdi.

Şirkət dəfələrlə vurğulayır ki, onun şokolad yumurtalarının əksəriyyətində "Pasxa" sözü yazılıb.

Bu arada Cadbury şirkəti banisinin kötükcələrindən Esther McConnell də mübahisələrə müdaxilə edib.

O Tvitterdə yazıb ki, ulu babasının guya "Pasxa" sözünə görə məzarında çevrilməsi barədə deyilənlər həqiqətə qətiyyən uyğun deyil, çünki John Cadbury İngiltərədə Xristianlığın kvakerlik təriqətinin də əsasını qoyub. Bu protestant təriqət, Pasxanı ümumiyyətlə bayram etmir.

"The Guardian" yazır ki, əslində şokolad yumurtalarla bağlı başlanmış mübahisələr və debatlar ölkədə Xristianlığa etinasızlığın artmasından doğan narahatlıqdan qaynaqlanır (BBC).

Demokratik.Az

Oxşar xəbərlər