Məqsədimiz işğaldakı torpaqlarımızı azad etməkdir - Zakir Həsənov, Fotolar

  • 31 dek 2015, 21:32

Gəncə şəhərində yerləşən hərbi hissədə keçirilən "Açıq qapı” günündə ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideynləri, deputatlar, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Gəncədə olan müdafiə naziri əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb: "Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan Vətən torpaqlarını azad edək”.

Əsgər valideynləri ilə səmimi söhbət edən Z.Həsənov onları maraqlandıran sualları cavablandırıb.

Nazir qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa, bizə istədikləri vaxt müraciət edə bilərlər.

Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə, ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib: "Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyn kimi məni də qürurlandırır. Qürur hissi keçirirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı Vətən müdafiəçiləri sırasındadır”.

95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzuladılar.   

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideynlərini bayram günləri münasibətilə təbrik edib və onlara qələbələr arzulayıb.   

Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib.

Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

Sonra valideynlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər.    

 

Demokratik.Az