Demokratik TV
Göygöl rayonunda 2016-cı ilin birinci yarısının hesabat yığıncağı olub
Rayonun Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun hesabatdakı çıxışı alqışla qarşılanıb:
"Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən meliorasiya və su təsərrüfati potensialının yaradılması, inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri onun layiqli davamcısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Hazırda ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, aqrar sahənin madditexniki bazası xeyli gücləndirilmişdir. Belə ki, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, 266 min hektar sahadə suvarılan torpaqların su təminatı, 217 min hektar sahadə isə meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı sahilbərkitmə və bəndlərin möhkəmləndirirlməsi işləri həyata keçirmişdir.
Bu mühüm sahə Göygöl rayonunda da daim diqqət mərkəzində olmuş, əhalinin artan tələbatının ödənilməsi üçün xeyli işlər görülmüşdür.Rayonun ərazisindən axan dağ çayları, Gəncəçay, Kürəkçay və Qoşqarçayda ümumilikdə 57 min kub metr çay məcrası təmizlənmiş, 13 km məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri yerinə yetirilmişdir.
Mənbəyini Gəncəçaydan götürən uzunluğu 17 km olan Ərəbli kanalının 2 km torpaq hissəsi son 6 ay ərzində betonlaşdırılmışdır ki, bu da suvarma suyunun itkisiz əkin sahələrinə çatdırılmasına zəmin yaradır.
Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə son illərdə investisiya vəsaitləri hesabına idarənin balansında olan 10 nasos stansiyasından 9 ədədi yenidən tam bərpa olunaraq müasir avadanlıqlarla təchiz olunmuş, ətrafı abadlaşdırılmışdır. Torpaq məcralı kanalların 1.7 km hissəsinin beton üzlüyə alınması işləri yerinə yetirilimişdir.
Hazırda kollektivimiz Göygöl rayonunda və ətraf ərazilərdə 15210 ha suvarılan torpaqların suvarılmasına xidmət edir, habelə subartezian quyuları vasitəsilə istehlakçıların məişət və kommunal suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər görür.
Havaların sərt keçməsi ilə əlaqədar olaraq cari ilin suvarma mövsümünü lazımi qaydada həyata keçirmək üçün bütün işlər görülür. Kanal və arxlar lildən təmizlənmiş, subartezian quyuları cari təmir olunmuş, idarənin maşın və mexanizm parkı tam işlək vəziyyətdədir.
Bununla yanaşı Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 1-ci layihənin başa catması ilə Göygöl rayonunda 3585 hektar, bundan 2111 hektarı yeni suvarılan, 2-ci layihədə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, ondan 1200 hektarı yeni suvarılan torpaqlar, suvarma suyu ilə təmin ediləcəkdir.
Dövlət başçısı cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində aqrar sahənin inkişafı və ərzaq bolluğunun yaradılması üçün müntəzəm sürətdə bir birindən dəyərli tədbirlər görülür. 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır ki, bundan 19 ədədi Göygöl rayonunda inşa edilərək istehlakçıların istifadəsinə verilmiş, həmin quyular hesabına suvarılan əkin sahələrinin dövriyyəsinə yeni əkin sahələri əlavə olunmuşdur.
Əhalinin çox rəğbətlə qarşıladığı bu tədbir ölkə prezidentinin sərəncamları ilə cari ildə də davam etdirilir və hazirda ölkə üzrə 300 subartezian quyusunun, o cümlədən Göygöl rayonunda 8 ədədinin qazılması işləri planlaşdırılır.
Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha da səmərəli istifadə edilməsi məqsədilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor–drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir –bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur.
Bütün bunlar respublikamızda ərzaq təhlükəsizliyini təmin etmək, ixracyönümlü məhsul istehsalını artirmaq, yeni iş yerləri yaratmaq, neftdən asılılığı azaltmaq üçün bu sahədə uzun müddətli əsaslandırılmış proqramın qəbul edilməsini zəruri edir.
Hörmətli toplantı iştirakçıları!
Kollektivimiz tərəfindən 2016-cı ilin 1-ci yarımili ərzində istismar tədbirləri üzrə tapşırıqlar 100 faiz yerinə yetirilmişdir. İdarə üzrə 10 ədəd hidrotexniki qurğu, 7 ədəd hidropost cari təmir edilmişdir. Qapalı boru şəbəkəsində və beton örtüklü kanallardan Xanlar arxında cari təmir işləri yerinə yetirilmişdir.
Bununla yanaşı Çaylı, Dozular nasos stansiyalarında cari təmir işləri görülmüşdür.
Sudan pullu istifadə planı üzrə 5,9 min manat icra aktı tərtib edilmiş və suyun pullu satışından nəzərdə tutulan vəsait toplanmışdır.
Son vaxtlarda ayrıcdan verilən su 11930 min kbm olmuşdur. Nasos stansiyaları üzrə enerji sərfiyyatı 220 min kvt, quyular üzrə enerji sərfiyyatı 1937 min kvt olmuşdur.
Bütün nasos stansiyaları və quyular sayğac ilə təchiz olunmuşdur. Subartezian quyuları vasitəsilə 4880 ha, nasos stansiyaları vasitəsilə 1294 ha sahə suvarılır.
Podrat işləri Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin yerli istismar təşkilatları tərəfindən tərtib olunan proqrama uyğun olaraq həyata keçirilmişdir.
Hörmətli yığıncaq iştirakşıları!
Sizi əmin edirik ki, Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsinə, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı planlarının yerinə yetirilməsi üçün bundan sonra bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.
Diqqətinizə görə minnətdaram".
Göygöl rayon Suvarma
Sistemləri İdarəsinin rəisi: İlqar Məhərrəmov