Demokratik TV
Yalançının Əhədi kəsilsin ay Abıyev! - Daşkəsənin icra başçısı niyə dezinformasiya yayır?


İHB (əslində Əhəd Abıyev-red) rəsmi sənəd əsasında işıq üzü görən məlum yazımıza cavab olaraq yazır ki, guya:
SİTAT: “Yazı qeyri peşəkar, qərəzli, dəqiqləşdirilməmiş məlumatlar əsasında müxalifətçi maraqlı şəxslər tərəfindən hazırlanmışdır və məqsəd işgüzar nüfuzu ləkələmək, cəmiyyətə həqiqətə uyğun olmayan informasiya ötürməklə ictimai fikri çaşdırmaq, guya bununla da sensasiya yaratmaqdır. Birmənalı olaraq bildiririk ki, yazıda keçən məqamların heç birinin Daşkəsən Rayon İcra Hakimiyyətinə, o cümlədən də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında" 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamı ilə ləğv edilmiş Daşkəsən Rayon Təhsil Şöbəsinə aidiyyəti yoxdur”. Daşkəsən İHB ardınca, heç bir məsuliyyət hiss etmədən və utanmadan sayıqlamağına davam edir:

Abıyevin tapşırığı və iradəsilə yayılan açıqlamadan oxuyuruq ki, Daşkəsən İHB rəsmi bəyanatında dəfələrlə “müxalifətçi” sözünün arxasında gizlənməyə çalışır. Sanki, özlərinin siyasi əqidələrinə şübhə ilə yanaşaraq, etimadı doğrultmadıqları halda da iqtidarın sadiq xidmətçiləri olduqlarını xatırladırlar. Ardınca da, siyasətlə ilgisi olmayan, öz jurnalist peşə fəaliyyəti boyunca ölkə prezidenti cənab İlham Əliyevin çağırışlarına önəm verərək iqtidarı dəstəkləyən bir media orqanını – yazı müəllifi Osman Nərimanoğlunu “müxalifətçi” deyib uğursuzca hədəfə alırlar.
Təəssüf ki, bunu edərkən nə Əhəd Abıyev, nə də əlaltıları özfəaliyyətlərilə, Daşkəsəndə təhsili uçuruma aparmış lallıq, karlıq və korluq vərdişlərilə özlərinin bu dövlətə qarşı daha təhlükəli müxalifətçilik etdiklərini unudurlar. Əhəd Abıyev sizcə anlamırmı ki, öz yarıtmaz əməllərilə əgər rayon təhsilinə, rayonun mədəniyyətinə və digər ictimai-siyasi mühitinə 10 ildir ki, vurmuş olduğu zərbələr Azərbaycan iqtidarının daxili siyasətinin ziddinədir? Niyə Abıyev anlamaq istəmir ki, oturduğu kürsüdə etimada dönük çıxırsa, rayonda çeşidli korrupsiya və rüşvətxorluq mexanizmi hələ də davam edirsə, təhsili axsaq edirsə elə özüdür ən yekə “müxalifətçi”!
Deməli ki, bu cənab Abıyev açıqlamasında Daşkəsən Rayon Təhsil Şöbəsinin varlığını və 10 illik fəaliyyətini inkar etməklə açıqlamada əsaslandırdığı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesindəki rolundan da xəbərsiz olduğunu təsdiq edir. Bütün ölkə bilir ki, rayon təhsil şöbələri Bakı, Gəncə kimi şəhərlərin rayonları üzrə ləğv edilsə də Daşkəsən kimi regional rayonlarda struktur islahatları olaraq ləğv edilməyib. Və hələ də Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Təhsil Nazirliyinin elan etdiyi regional Təhsil idarələri faktik fəaliyyətə başlamayıblar. Hələ də Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi kağız üzərində tam icrasını gözləyir.

Qalır Daşkəsən Təhsil şöbəsindəki və məktəblərdəki çeşidli özbaşınalıqlara, yaxın günlərdə təkzibedilməz faktlarla aram-aram diqqətinizə xəbərlər ərz edəcəyik...
Osman Nərimanoğlu
Demokratik.Az
