"Dəmir iradənin, qəhrəmanlığın Zəfəri.." - Natiq Cavadov yazdı

  • 13 noy 2021, 21:39

Rəşadətli və qalib Azərbaycan ordusu haqqında danışanda köksümüz qabarır, fəxr və qürur hissi keçiririk. Fəxr edirik ki, dünyanın 50 ən güclü ordularından biri də odlar yurdunun qürur duyduğumuz şanlı silahlı qüvvələridir. Bu müzəffər, mükkəmməl, peşəkar ordu Qalib Ali Baş Komandan İlham Əliyevin ordusudur. 


Qəhrəman ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların  ordusuna sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində qazandığımız şanlı qələbədən bir il keçməsinə baxmayaraq sevinc hissləri hələ də çöhrələrdən silinməyib. 


Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı, düşmənin işğalı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri ötən il 8 noyabrda  tarixi qələbə qazandı. Həm də beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, haqqı və ədaləti bərpa etdi.


Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu çox yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və ən müasir hərbi texnikalarla  təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yaxın tariximizə nəzər salanda aydın olur ki,düşmən üzərində qazanılan qələbənin təməli1994-cü il Horadiz əməliyyatı ilə, sonra 2016-cı ilin dörd günlük Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi ilə qoyulub. Nəhayət, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə son iki yüz illik münaqişəyə bir dəfəlik son qoydu.


Düşmən Ermənistanın və onun havadarlarının uzun illər boyu bir şeyi etməyə gücləri çatmadı. Onlar  xalqımızın ruhunu, ümidini, birliyini, torpaq uğrunda mübarizəsini  işğal edə bilmədilər. Azərbaycanın igid oğulları, xüsusi təyinatlı qüvvələrimiz Cəbrayıl rayonunun Soltanlı kəndində möhkəmlənmiş erməni ordusu ilə bir həftə gecə-gündüz döyüşdü, az bir qüvvə ilə həmin istehkamları darmadağın etdilər, heç kimi ağlına gəlməyən istiqamətdən sıldırım qayalara dırmaşaraq Şuşa şəhərinə daxil oldular. Şuşada düşməni əlbəyaxa döyüşdə, yüngül silahlarla işğalçıların topun ,raketin, əsgərlərin, muzdluların məhv etdilər. Şimşəyə bənzəyən, ildırım sürətli hücumdan şoka düşən ermənilərin törtöküntüləri qaçmağa üstünlük verdilər. Qəhrəman oğullarımız düşməni həm də dişləri ilə didib parçaladılar, erməniləri diz çökdürdülər, şəhidlərimizin qisasını döyüş meydanında aldılar.


Uzun illər ərzində Prezident İlham Əliyevin  həmişə xalqa müraciətində aşağıda qeyd etdiyimiz fikir qırmızı xətt kimi keçib: Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır. Ən əsası isə Prezidentin bu qətiyyətli mövqeyi bu gün xalqımıza qələbə sevinci yaşadır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı, düşmən Ermənistan qeyd-şərtsiz kapitulyasiya aktına imza atdı, rüsvayçılıqla məğlub olduğunu etiraf etdi. 


Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbə və Zəfər tarixini yazdı. Qəhrəman hərbiçilərimiz dünyanın gözü qarşısında çox qısa müddətdə yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub. Çox təəssüf ki, azad edilmiş torpaqlarda biz erməni vəhşiliyinin, azərbaycanlılara qarşı nifrətin, misli görünməmiş vandallığın, barbarlığın şahidi olduq.


Şübhəsiz ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. Bir daha qeyd etməliyik ki, “Dəmir yumruq” əməliyyatları Qələbəmizin ədalətli, saf olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız haqlı olaraq qürur, sülh və doğma torpaq təntənəsini yaşayır. Qırx dörd günlük müharibə bizim gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşdik, ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpağımızdan  qovdu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır.


Qarabağa Azərbaycan xalqının birliyi, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Vətən müharibəsi xalqımızın birliyini, hünərini, əzmini, haqqını və mübarizəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Şəhid olan övladlar üçün bir yerdə kədərləndik, bir yerdə yas saxladıq. Ötən ilin sentyabr günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin qarşısında hər gün yüzlərlə insan toplaşırdı. Onların bir tələbi var idi: bizi də cəbhəyə göndərin!


Yeri gəlmişkən qeyd edim ki, 44 gün davam edən və şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində kollecimizin 34 nəfər müəllim, tələbə və məzunu iştirak edib. Müəllim Elçin Cəfərov “Qubadlının azad olunmasina görə” medalı ilə təltif olunub. Tələbə Cəmaləddin Adıgözəlzadə döyüşlərdə göstərdiyi şücaətə görə “Zəngilanın azad olunmasina görə”, “Vətən müharibəsi iştirakçısı”  və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medallarına layiq görülüb. Tələbəmiz Tərxan Cəfərov   müharibədə göstərdiyi qəhrəmanlığa görə “Qubadlının azad olunmasina görə”, “Cəbrayılın azad olunmasina görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif  olunub. Kollecimizə baş ucalığı gətirən tələbələrimizdən Zahid Əlizadə və Əfsun İbrahimov da medallara layiq görülüblər. Kollecimizin kollektivi şəhid tələbəmiz Munis Abbaslının və şəhid məzunlarımızın – Ülvi Həsənovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun və Anar Yusifovun əziz xatirəsini minnətdarlıqla yad edir, onların adını uca tuturlar.


Ötən bir il ərzində işğaldan azad edilən ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, “ağıllı şəhər” və “ağıllı kənd”lərin təməli qoyulur, yeni və müasir yollar çəkilir. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki, külli miqdarda vəsait sərf olunur. Sevindirici fakt odur ki, Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb. Kredit üçün dünya banklarının heç birinə müraciət olunmayıb. Qalib ölkə Azərbaycan sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür, heç kimdən iqtisadi asılılığı yoxdur.

Azərbaycan indi bölgədə sülh və sabitliyin təminatçısı, həm də qalib  ölkə  kimi  tanınır, söz sahibinə çevrilir, diplomatiyada  uğurlarını get-gedə artırır. Bu vacib  amil yalnız Azərbaycan Prezidenti İlham Əliyevin  siyasi bacarığı, səmimi münasibəti, dostluğu, qətiyyətli mövqeyi, ən əsası isə dövətinə  və xalqına sonsuz məhəbbəti ilə ərsəyə gətirilib.

 

Natiq Cavadov

Ağdam Dövlət Sosial -İqtisadi Kollecinin direktoru,

İqtisad üzrə  elmlər doktoru, professor


Demokratik.Az
Oxşar xəbərlər