ADNA-da terror qətliamının 11-ci ili - Samir Sarı yazır

  • 30 apr 2020, 12:45

Bu gün müasir Azərbaycan tarixinin ən faciəvi günlərindən biridir. 11 il öncə bu gün Azərbaycan Dövlət Neft Akademiyasının tədris binasına silahlı hücum olub, 12 nəfər (çoxu tələbə) məsum insan qətlə yetirilib.

Üstündən 11 il keçməsinə baxmayaraq, geniş ictimaiyyət hələ də bu qanlı terror aktıyla bağlı bir sıra cavabsız suallar qarşısındadır.
Bu, hadisə niyə baş verdi? Qətliamın motivi nəydi? Terrorçu Fərda Qədriov bir psixopat-manyak idi, yoxsa xüsusi təlim görmüş atıcı? (Əslində bu sualın cavabını terrorçu özü qurbanların başını sərrast nişan almaqla qismən vermişdi). Hadisənin arxasında hansısa dövlətin kəşfiyyat strukturu dururdumu? Terrorçu tək olmuşdu, yoxsa “qara işi” görəndən sonra onu da zərərsizləşdirən biri olub?
Suallar çoxdur. Bunların bəzilərinin yarımçıq və rəsmi qəbul edilmiş cavabları var, amma illər keçdikcə bunlar adamlara inandırıcı görünmür.
Fərda Qədirov ölməyib? » Dəyərlər AİN
Ən ümdəsi isə budur: bir xarici ölkədə (Gürcüstanda) doğulub-böyüyən, başqa bir ölkədə (Rusiyada) yaşayan terrorçu nəyə görə məşum aktını üçüncü ölkədə həyata keçirib? Axı bu ölkədə onun xətrinə dəyən, həyatını qaraldan, kareyerasına mane olan, haqsızlıqlara məruz qoyan heç kim yox idi.
Əgər adam ətrafındakı insanların əlindən zülm-zillət çəkibsə, onlara qarşı nifrət ovqatına köklənibsə belə, bu halda yenə doğulub-böyüdüyü və ya faktiki olaraq yaşadığı ölkənin insanlarına nifrət etməli, qisasını onlardan almalıydı. Bəs o, nəyə görə 500 kilometr yolu basa-basa bizim ölkənin paytaxtına gəldi?
Fərda Qədriov zombiləşmiş və ya zombiləşdirilmiş psixopat idisə və hökmən azərbaycanlı gəncləri öldürməyə proqramlaşdırılmışdısa, bunu “Sınıq körpü” sərhəd-keçid məntəqəsini keçəndən bir az sonra, elə Qazax şəhərinin bazarında da edə, çoxlu gənc qurban tapa bilərdi.
Yeri gəlmişkən, o, mütləq azərbaycanlı tələbələri güllələməyi qarşısına məqsəd qoymuşdusa, yolunun üstündəki Gəncədəki 3 universitetdən birini seçib ora gedə bilərdi. Amma o məhz Bakıya və məhz ADNA-ya gəldi.
ADNA-dakı qətliamı törədən Fərda Qədirovla bağlı Baz Prokurorluq ...
Bu baxımdan terrorçunun terakt meydanı olaraq seçdiyi ali təhsil ocağı maraq doğurur. O dönəmdə ölkəmizdə daha məşhur, adları öndə gələn universitetlər vardı: BDU, Tibb Universiteti, İqtisad Universiteti, Qafqaz Universiteti və s. Amma terrorçunun Neft Akadamiyasını seçməsi də səbəbsiz deyildi.
Bu, məhz o dönəm idi ki, hər gün dövlətimizin büdcəsinə yüz milyonlarla dollar həcmində nef gəlirləri daxil olurdu. Ölkə 100 il əvvəl olduğundan da daha iri miqyasda “neft bumu” yaşayırdı. Neftə görə Azərbaycanın adı dünyayla bir olmuşdu. Tikinti-quruculuq işləri böyük vüsət götürmüşdü. Azərbaycan manatı dünyanın 3 ən bahalı valyutasından birinə çevrilmişdi. Bir sıra qonşu və uzaq dövlətlərdə bu tərəqqinin qısqanclıq doğurduğu gün kimi aydın idi. Hər halda həmin ölkələrin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı.
Ona görə də Azərbaycanın məhz ən həssas yerindən – uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi. 
Təəssüf ki, bu xətti sona qədər inkişaf etdirmək, əsl həqiqəti ortaya çıxarmaq mümkün olmadı. İstintaq dalana dirəndi. Hadisənin törədilməsində 3-cü, 4-cü dərəcəli rol oynayan adamlar həbs və məhkum edildilər. Terrorçu ölmüşdü deyə, mümkün sifarişçilərin, təşkilatçıların kimliyi də qaranlıq qaldı.
Ortada qanlı bir sui-qəsd olması isə fakt idi. Motivi tam bəlli olmayan bir-sui qəsd, bir qətliam.
30 APREL ADNA QƏTLİAMI QURBANLARININ XATİRƏSİNƏ İTHAF !!! (təkrar ...
Həmin o məşum hadisə baş verməsəydi, o gənclər bu gün aramızda olardılar. İndi yəqin ki, hamısı ailə qurmuşdular, iş-güc yiyəsiydilər. Fəqət hansısa cani təfəkkürün, psixopat əməlinin qurbanı oldular.
Bu cür hadisələr gərək unudulmasın, vaxtaşırı xatırlansın ki, müasir gənclər nail olduqları azadlığın, inkişafın qədrini bilsinlər, anlasınlar ki, heç də hər şey asan əldə olunmayıb, onların bu günlərə çıxması üçün nə qədər həmyaşıdları həyatlarını itiriblər.
P.S. El arasında 4-cü günə “adna günü” deyirlər. 11 il öncə də aprelin 30-u adna günüydü.

Samir SARI
Oxşar xəbərlər