Qarabağda növbəti seçki tamaşası - atəşkəsə təhdid artır

  • 20 mart 2020, 11:02

Həmsədrlərin susması fonunda hər an ağır silahlar işə düşə bilər; ATƏT təmas xəttində monitorinqi dayandırdı - səbəb...

İşğalçı Ermənistan Azərbaycan torpaqlarında oyuncaq rejimi ikinci saxta erməni “dövləti” kimi təbliğ eləmək yönündə səylərini davam etdirir. Martın sonunda separatçı qurumda keçirilməsi nəzərdə tutulan “prezident” seçkilərinin əsas hədəfi də məhz kriminal rejimi dünyaya öz müstəqil “hakimiyyət” strukturları olan və varlığını sərbəst şəkildə davam etdirən “dövlət”, beynəlxalq hüququn subyekti kimi sırımaqdır.
Təbii ki, belə cəhdlər, həmişəki kimi, yenə də iflas olacaq. Çünki “dəvəquşu” siyasəti aparan Ermənistanın Qarabağ yalanlarını beynəlxalq birlik çox yaxşı bilir. Bu bilgi özünü bütün mötəbər beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qəbul elədiyi sənəd və qətnamələrdə öz əksini tapıb. Həmin hüquqi sənəd və qətnamələr reallaşmayınca, yəni işğalçı qüvvələr Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmayınca, köklü azərbaycanlı əhali öz doğma yurd yerlərinə qayıtmayınca, etnik təmizlənmə aparılmış qanuni ərazilərimizdə, Dağlıq Qarabağda heç bir “seçki”nin legitimliyi tanınmayacaq. Bu, istisnadır.   
*****
qarabağda separatçı seçkilər ile ilgili görsel sonucu
Artıq qondarma seçkilərə sərt etiraz ifadə edən reaksiyalar gəlməyə başlayıb. Məsələn, dost və qardaş Pakistanın aparıcı “beyin mərkəzi” olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb. Xalid Taimur Akram qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanın təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olub.
“Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin olmaması iki ölkə arasında münaqişənin kəskinləşməsinə və bununla da Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına səbəb ola bilər”, - deyə açıqlamada qeyd olunur.
Mərkəzin rəhbəri Ermənistanı və müttəfiqlərini Dağlıq Qarabağda xaos yaratdıqları və minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün tənqid edib. O bildirib ki, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur: “Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağırıram. Azərbaycan xalqının təhlükəsizlik və suverenliyinin təmin olunması üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır”.
Qeyd edək ki, Türkiyə kimi strateji müttəfiqlərimiz olan Pakistan dövləti işğal faktına görə indiyədək Ermənistanın müstəqilliyini tanımayıb, onunla diplomatik və başqa əlaqələr qurmayıb...
*****
qarabağda separatçı seçkilər ile ilgili görsel sonucu
Azərbaycan isə Rusiyanın marioneti olan Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq hüquqa sayğılıdır. Bizi yalnız işğalçı qüvvələrin Dağlıq Qarabağ da daxil olmaqla, torpaqlarımızdan çıxması və öz ərazi bütövlüyümüzü təmin eləmək maraqlandırır. Ermənistan ərazisinə girmək nə Azərbaycanın, nə də Türkiyənin planında və marağında deyil - əgər İrəvan özü buna təhrik eləməsə.
İşğal altındakı Dağlıq Qarabağda növbəti seçki oyunu isə şəkk-şübhəsiz, regionda hərbi eskalasiya riskini daha da artıracaq, onsuz dalanda olan kövrək sülh danışıqlarını bir az da mənasız edəcək. Azərbaycana öz ərazi bütövlüyünü güc yolu ilə azad eləmək üçün əlavə tutaraq verəcək. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məhz bu məqama xüsusi diqqət verməsi tələb olunur. Çünki konfliktin dinc həllinə onlar cavabdehdirlər. Hələ ki vasitəçilər 31 mart seçki tamaşası ilə bağlı hər hansı mövqe bildirməyiblər.    
Söz düşmüşkən, bu arada koronavirus pandemiyası səbəbindən ATƏT-in qoşunların təmas xəttində monitorinqi dayandırdığı məlum olub ki, bu da atəşkəsin hər an  hərbi qarşıdurmaya çevrilmə ehtimalını artıra bilər. Çünki Azərbaycan və Ermənistan qoşunları arasında beynəlxalq mandata malik heç bir ayırıcı qüvvə yerləşməyib.  
“Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət, habelə risklərin azaldılması üçün təmas məhdudiyyətlərinə səbəb olub”. Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mətbuat üçün bəyanatında deyib.
qarabağda separatçı seçkilər ile ilgili görsel sonucu
Onun sözlərinə görə, göstərilənləri nəzərə alaraq və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinqlər dayandırılacaq. “Bu arada müvafiq hərbi qurumlarla əlaqə saxlamağa davam edirəm”, - deyə Kasprşik əlavə edib.
*****
Qarabağ danışıqlarını isə dalanda qalmaqda davam edir. Amma iki il öncə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə, Sərkisyan-Köçəryan xunta rejimi devriləndə müəyyən kövrək ümidlər yaranmışdı ki, sələflərindən fərqli olaraq, əli günahsız azərbaycanlıların qanına batmayan Nikol Paşinyan rəsmi Bakı ilə real və ədalətli sülhün əldə olunması yönündə səylər göstərəcək. Əfsus ki, bu ümidlər doğrulmadı. Paşinyan və komandasının hakimiyyətə gəlişi ilə sülh yox, müharibə ehtimalı gücləndi. Erməni baş nazir öz xalqını ilk növbədə Ermənistana lazım olan sülhə hazırlaya bilmədi.
Paşinyan indi də ayın sonunda Dağlıq Qarabağda keçiriləcək saxta “prezident seçksi”nin nəticəsini gözləyir. Yəni Ermənistan yenə də süni şəkildə vaxtı uzatmağa çalışır. Ancaq martdan sonra hərbi əməliyyatlar üçün ən əlverişli dövr sayılan aprel, ardınca da yay mövsümü gəlir. Azərbaycan bunun nə demək olduğunu artıq bir dəfə - 2016-cı ilin 4 günlük aprel savaşı ilə düşmənə “başa salıb”.  Aprel məğlubiyyəti isə hələ də Ermənistanda ciddi dartışma mövzusudur. Bundan ötrü Ermənistan parlamenti xüsusi təhqiqat komissiyası da yaradıb.
Bir daha vurğulamaq zərurəti var ki, əslində münaqişənin tezliklə və dinc həllində ən çox erməni tərəfi maraqlı olmalıdır. Çünki həll edilməmiş konfliktin altını hamıdan çox izolyasiyada olan erməni əhalisi çəkir - istər Ermənistandakı ermənilər olsun, istərsə də işğal altındakı ermənilər. Gələn xəbərlər bir daha bunu təsdiqləyir. Artıq dolanışığın ağırlığı, işsizlik Dağlıq Qarabağdakı olan-qalan əhalini da bezdirib. Bölgə ilə bağlı xəbərlərdə hətta yerli kriminal-separatçı rejimə qarşı üsyan hazırlandığı deyilir.
Üstəlik, koronavirus pandemiyasının yaratdığı yeni çətinliklərin bu üzdən ən çox Ermənistanı və separatçı rejimi vuracağı şübhə doğurmur. Maraqlıdır ki, cəmi 2.5 milyon əhalisi olan Ermənistanda koronavirus postsovet ölkələri içərisində ən sürətli templə yayılmaqdadır. Bunu ermənilər özləri də etiraf edirlər. Şübhə yox ki, virus işğal altındakı Dağlıq Qarabağa yetişib. Bu fonda Dağlıq Qarabağda daha bir “seçki” tamaşası düzənləmək absurdluğun, erməni riyakarlığı və həyasızlığının zirvəsi sayıla bilər. Bəzi məlumatlara görə, növbəti seçki tamaşası Xankəndində yeni qarşıdurmalara da səbəb ola bilər.       
*****
Azərbaycan şübhə yox ki, düşmən tərəfdəki bütün son gəlişmələri diqqətlə izləyir və izləməkdə davam edəcək. Nə bilmək olar, bəlkə elə koronavirus torpaqlarımızı qəfil və ildırım sürəti ilə azad eləmək üçün bizə əlavə və unikal fürsət yaradacaq.
Bir çox analitiklərə görə, pandemiya özü ilə bərabər qlobal miqyasda köklü iqtisadi və siyasi dəyişikliklərə gətirə, ölkələrin dünya düzənində rolu və təsiri dəyişə bilər. Bu isə ənənəvi problemlərə və ixtilaflara fərqli yanaşmanı labüd edəcək. Onlardan biri də 30 ildən çoxdur həlli tapılmayan Dağlıq Qarabağ konfliktidir.   
İstənilən halda, işğalçı Ermənistanın hansı səbəbdən olur-olsun, iqtisadi cəhətcə daha da zəifləməsi Azərbaycanın marağındadır. Həm də o səbəbə ki, zəif və əldən düşmüş Ermənistan silahlanma yarışında ölkəmizdən daha da geri qalacaq, torpaqlarımızın hərbi yolla azad ediləcəyi gün bir az da yaxınlaşmış olacaq...
Siyasət şöbəsi
Oxşar xəbərlər