Hacı Məhərrəm yüzlərlə insanı necə aldadıb? – ŞİKAYƏT

  • 15 mart 2020, 11:36
“Qurtuluş-93” adı ilə tanınan yaşayış massivində evin pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakinin hələ də tam əmlak sahibliyi hüququ yoxdur.
“Demokratik.Az” cumhuriyyət.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Şikayətdə qeyd olunub ki, mənzilləri tikən “Bağçalı Evlər” MTK çıxarışları vermir. Eyni zamanda illərdir vəd verilməsinə baxmayaraq, heç bir bina qazlaşdırılmayıb.
Sakinlər bununla bağlı MMC-yə dəfələrlə müraciət etdiklərini, lakin problemin hələ də həll olunmadığını bildiriblər.
Qeyd edək ki, “Bağçalı Evlər” MTK Hacı Məhərrəm Novruzova aiddir. Bundan əlavə o, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzi və restoranının da sahibidir.
Xatırladaq ki, bir müddət əvvəl Hacı Məhərrəmin keçmiş şəriki, Lvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovla arasında mübahisə yarananda da sözügedən məsələ gündəmə gəlmişdi. Şəriki hacının ”Qurtuluş-93” Yaşayış Kompleksində “Oğru şəbəkə”si yaratdığını, gizli su və qaz satışından böyük miqdarda vəsait əldə etdiyini demişdi. Bundan başqa Qəzənfərov Hacı Məhərrəmin tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək, daxil olan vəsaitin 60 faizini tam mənimsədiyini qeyd etmişdi.
“Qurtuluş-93″dən isə şikayətlərin əsassız olduğu deyilib. Polemika.az-a verilən açıqlamada bildirilib ki, hazırda ərazidə qaz çəkilişləri gedir.
“Harda görülüb ki, qaz çəkilmədən kupça verilsin? Camaat sadəcə bir az səbrsizdir. 3 aya qazlaşdırılma tam başa çatacaq, bundan sonra sakinlərə kupça veriləcək”.
Oxşar xəbərlər