“Diqlas” TM-dəki yanğında yanan mallar sığortalanıbmı?

  • 26 mart 2019, 20:04

Sığorta mütəxəssisi: "Belə ticarət mərkəzlərindəki malları sığortalamaq mümkün olmur, çünki...”

"Diqlas” ticarət mərkəzindəki dəhşətli yanğın bir daha belə iri obyektlərin sığortalanması sahəsindəki vəziyyəti diqqət mərkəzinə gətirdi. Bu hadisə göstərir ki, bir neçə saatın içərisində onlarla sahibkar böyük məbləğdə zərərlə üzləşə bilər. Buna görə də hər bir sahibkarın öz əmlakını vaxtında sığortalaması zəruridir.

Bu gün Azərbayanda sığorta şirkətləri sahibkarlara öz bizneslərini müxtəlif risklərdən sığortalamaq üçün xidmətlər təklif edirlər. O cümlədən, hər hansı obyekti icarəyə götürüb, burada ticarətlə məşğul olan iş adamları da satdığı malları müxtəlif hadisələrdən, məsələn, yanğından sığortalaya bilərlər. Cüzi bir məbləğ (malın dəyəri ilə müqayisədə) ödəməklə alınan sığorta sahibkarları bəzən bütün bizneslərinin batmasından sığortalaya bilər.

Bəs, "Diqlas” Ticarət Mərkəzindəki sahibkarlar əmlaklarını sığortalayıblarmı? Təəssüf ki, ticarət mərkəzinin rəhbər şəxslərindən bu barədə dəqiq məlumat əldə edə bilmədik. Mərkəzdə mağazası olan sahibkarlardan bir neçəsi mallarını sığortalamadıqlarını bildirirlər.

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlının Musavat.com-a dediyinə görə, mövcud təcrübədən çıxış etməklə, "Diqlas”dakı mağazalarda satış edən sahibkarların mütləq əksəriyyətinin öz əmlakını sığortalamadığını söyləmək mümkündür: "Böyük ehtimalla, "Diqlas” Ticarət Mərkəzinin binası daşınmaz əmlak kimi sığortalanıb. Yəni belə bir sığorta sənədi Fövqəladə Hallar Nazirliyinə təqdim etmək üçün zəruridir deyə, böyük ehtimalla, cüzi bir məbləği əhatə edən sığorta müqaviləsi imzalanıb. Bunu ölkə qanunvericiliyi də tələb edir, yəni icbaridir. Bu gün Azərbaycanda bütün "Diqlas” kimi mərkəzlərin binası belə məcburiliyə görə sığortalanır. Mərkəzdə mağaza icarəyə götürüb fəaliyyət göstərən sahibkarlara gəlincə, onlar mağazanı deyil, onun içərisindəki əmlakı sığortalaya bilərlər. Lakin ölkədə mövcud vəziyyətdən çıxış edərək deyə bilərəm ki, "Diqlas”da belə sığortalanma yəqin ki, olmayıb. Çünki bu, bir neçə səbəbdən mümkün olmur. Əvvəla, insanların özləri sığortaya ciddi yanaşmırlar. Sığorta əməkdaşları gedirlər evlərə və "50 manat verin, evinizi 25 min manatlıq sığortalayaq” deyirlər. Heç kim bu təklifi yaxına buraxmır, çünki sığorta mədəniyyəti inkişaf etməyib. Ticarət mərkəzlərindəki sahibkarlar da evlərinə olduğu kimi, digər əmlaklarına qarşı da çox laqeyddirlər”.

Ekspert bildirir ki, hətta sahibkarlar istəsələr belə, "Diqlas” kimi ticarət mərkəzlərində olan mağazalardakı malları sığortalamağa sığorta şirkətləri maraq göstərmirlər: "Məsələ burasındadır ki, belə ticarət mərkəzlərində satılan malların dəqiq uçotu aparılmır. Yəni sabah yanğın baş verdikdə bilmək olmur ki, bu mağazada nə qədər mal olub. Gedib çemodanla Türkiyə və Çindən malı daşıyıb gətirib yığırlar mağazaya: nə düz-əməlli qiyməti qeydə alınıb rəsmiləşdirilir, nə normal idxal sənədləri olur. Eyni problem bu gün "Binə” və "Sədərək”də də mövcuddur. Orada bildiyiniz kimi, ildə bir neçə dəfə yanğın olur, amma heç kim yanan malına görə sığorta ala bilmir. Belə yerlərdə sığortanın olmamasının daha bir səbəbi sahibkarların, icarədarların, elə ticarət mərkəzinin sahiblərinin yanğın təhlükəsizliyi qaydalarından məlumatlı olmamalarıdır. Heç kim yanğın təhlükəsizliyi qaydalarına əməl etmir, bu barədə məlumatlanmağa belə çalışmır. Buna görə də sığorta şirkətləri belə ticarət mərkəzlərindən kənar qaçmağa çalışırlar”.

X.Məmmədxanlının fikrincə, FHN bütün ticarət mərkəzlərinə yanğın təhlükəsizliyi baxımından, çox ciddi nəzarət etməlidir: "Onların hamısı yanğın təlimatlarını əzbər bilməlidilər, qaydalara ən sərt formada əməl olunmalıdır. Mən əminəm ki, "Diqlas”dakı yanğının səbəbi yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasıdır. Yəni təhqiqat bunu ortaya qoyacaq. Bu kimi halların altında insan səhlənkarlığı və qeyri-şəffaflıq dayanır. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidilər ki, sığorta şirkətləri onların əmlakını sığortalaya bilsin. Sabah yanğın olanda biri çıxıb deyəndə ki, 1 milyonluq malım yanıb, sığorta şirkəti ona inansın. Çünki şəffaflıq olduqda kompüteri açıb mağazada olan malın dəyərini dəqiq müəyyənləşdirmək çox asandır. Bu olmadıqda isə insanlar zərərə düşməyə davam edəcəklər. Yanğın olacaq, çay daşıb evləri su basacaq, hamı da başlayacaq ki, dövlət mənə kompensasiya versin. Niyə verməlidir axı dövlət kompensasiyanı? Sən vaxtında öz əmlakının qeydinə qalmırsansa, öz səhvin üzündən çətin duruma düşürsənsə, bunun əziyyətini niyə dövlət çəkməlidir?”

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi, polkovnik Əkbər Novruzov bildirib ki, "Diqlas” TM-də yanğın təhlükəsizliyi qaydaları kobudcasına pozulub: "Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır”.

Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb: "Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş şəkildə yayılıb". 

Belə görünür ki, "Diqlas” TM-dəki yanğın hadisəsi yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində meydana çıxıb. Hansı səbəbdən olursa-olsun, yanğın onlarla sahibkarın əmlakının məhv olmasına gətirib çıxarıb. Hansı ki, sığortalanmadığı üçün o mallara görə sahibkarlar heç nə əldə edə bilməyəcəklər. Onlar yalnız "Diqlas”ın sahiblərindən hansısa kompensasiya tələb edə bilərlər... /Musavat.com/

Oxşar xəbərlər