Prokurorluğun 31-ci rəhbəri - bu gün Kamran Əliyev vəzifəsinə təsdiqlənir

  • 01 may 2020, 10:18

Zakir Qaralov Azərbaycanın ən uzunmüddətli baş prokuroru kimi tarixə düşdü

Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokuror vəzifəsinə baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Bu gün, mayın 1-də Milli Məclisin plenar iclasında Kamran Əliyevin “Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq.
Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən namizəd kimdir?
Kamran Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib. Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib. 1990-93-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb. Kamran Əliyev paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra Kamran Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar İdarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib. 6 avqust 2007-ci ildən baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Kamran Əliyev: Baş İdarə tərəfindən 310 cinayət xarakterli ...
7 il sonra baş prokurorunun müavini - Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini bilir. Kamran Əliyev Baş Prokurorluğun Kollegiyasının üzvüdür. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Zakir Qaralov vəzifəsindən gedir - Yeni Baş prokuror təyin ...
Baş prokuror postunda qalma rekordu Zakir Qaralovdadır
Baş prokurorluğa yeni namizəd Kamran Əliyevin xələfi Zakir Bəkir oğlu Qaralov 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi şəhərində anadan olub. 1973-cü ildə əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini bitirdikdən sonra prokurorluq orqanlarında işə qəbul edilməklə, Bakı şəhəri Səbayel rayon prokurorunun köməkçisi, Respublika Prokurorluğunda şöbə prokuroru və böyük prokuror, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini və həmin rayonun prokuroru vəzifələrində çalışıb. 1991-1995-ci illərdə Respublika Prokurorluğunda məsul vəzifələrdə çalışan Zakir Qaralov 1995-ci ildə Bakı şəhəri Sabunçu rayon prokuroru təyin edilib, həmin vəzifədə baş ədliyyə müşaviri xüsusi rütbəsinə layiq görülüb. Zakir Qaralov 1998-ci ildə Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. 26 aprel 2000-ci ildə baş prokuror vəzifəsinə təyin edilmişdi. Həmin müddətdən ötən 20 il ərzində Zakir Qaralov baş prokuror postunda idi.

Abbas Məmmədtağı oğlu Zamanov
102 yaşlı prokurorluğa bu günə qədər 30 nəfər başçılıq edib
102 yaşlı Azərbaycan Prokurorluğuna Kamran Əliyevə qədər ümumilikdə 30 şəxs rəhbərlik edib. 30-cu baş prokuror Zakir Qaralov ardıcıl olaraq 20 il müddətində quruma rəhbərlik edib. Ondan əvvəl 20 il ardıcıl olaraq baş prokuror vəzifəsini tutan olmayıb. 1963-78-ci illərdə - 15 il ardıcıl  Qambay Ələsgər oğlu Məmmədov, Seyfulla Əkbər oğlu Əkbərov 12 il,  Abbas Məmmədtağı oğlu Zamanov 9 il bu postda olublar. Sovet dönəmində əsasən baş prokuror vəzifəsinə təyinat alanlar 3-5 il ərzində vəzifələrində qala bilirdilər.
Prezident İsmət Qayıbovun oğlunu təltif edib - FOTO
Müstəqilliyin ilk baş prokuroru - adını tarixə həkk etmiş İsmət Qayıbov
Müstəqillik illərinin ilk baş prokuroru İsmət Qayıbov olub. 1990-cı ilin 18 oktyabr tarixində baş prokuror vəzifəsinə təyinat alan İsmət Qayıbov 1942-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdu. Atası İsmayıl və anası Füruzə Qayıbovlar respublikanın əməkdar müəllimləri olublar. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş - indiki Səbayel rayonun prokuror köməkçisi vəzifəsinə təyin edilir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən indiki Şirvan şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.
Baş prokuror təyinatından sonra İsmət Qayıbov verdiyi müsahibələrdə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin cəzasız qaldığına etiraz edir, Sumqayıt hadisələri ilə bağlı bildirir ki, o, şəxsən 96 nəfər barəsində həbs-qətimkan tədbiri seçib. “Erməni terroru” kitabının həmmüəllifi olan baş prokuror İsmət Qayıbov 1991-ci ilin noyabrında Qarakənd səmasında düşmən tərəfindən vurulan vertolyotda həlak olub.
SABİQ BAŞ PROKUROR MURAD BABAYEV VƏFAT ETDİ
İstefa verən baş prokuror
Müstəqil Azərbaycanın 2-ci baş prokuroru Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin ailəsində anadan olub. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-1980-cı illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə baş prokurorun müavini, 26 noyabr 1991-ci ildə baş prokuror vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib. Ailəlidir, bir qız və bir oğul atasıdır. 6 yanvar 2013-cü ildə 62 yaşında ürək tutmasından dünyasını dəyişib.
Sabiq baş prokuror oğluna görə seçkiyə qatılmadı
Həbsə alınan baş prokuror
14 oktyabr 1992-ci ildən 30 iyun 1993-cü ilə qədər baş prokuror vəzifəsini İxtiyar Şirinov tutub. 1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Hüseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.
Keçmiş baş prokuror hədələnib [Audio-Müsahibə]
Öz ərizəsi ilə vəzifəsindən gedən baş prokuror
3 iyul 1993-cü ildən 8 oktyabr 1994-cü ilə qədər bu postda Əli Ömərov olub. 1947-ci ildə Ermənistanın Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləyib. 1976-cı ildə Azərbaycan Respublikasına köçərək Dağlıq Qarabağ prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışıb. 1980-1983-cü illərdə Gəncə Şəhər Prokurorluğunun baş müstəntiqi vəzifəsində çalışıb. 1983-1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib. 1990-cı ildə Ali Sovetin deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub. 3 iyul 1993-cü ildə  Azərbaycan baş prokuroru vəzifəsinə təyin olunan Əli Ömərov 8 oktyabr 1994-cü il tarixində öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub. Evlidir. 3 övladı: 2 oğlu, 1 qızı var.

Vəzifədə qalma müddəti bitən baş prokuror
Əli Ömərovdan sonra baş prokuror postuna Eldar Həsənov təyinat alıb.   10 oktyabr 1955-ci ildə Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olan Eldar Həsənov 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirib. Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışıb.
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar baş prokuror vəzifəsindən azad olunub. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab, dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin olunub. Hazırda diplomatik fəaliyyətini davam etdirir. Rus, türk, ingilis və rumın dillərini bilir.
Evlidir, 3 övladı var.
20 ilin baş prokuroru
Eldar Həsənovun xələfi isə Zakir Qaralovdur. 30-cu baş prokuror, qeyd etdiyimiz kimi, Azərbaycanda bu postda uzun müddət duruş gətirən şəxs kimi adını tarixə yazdıra bilib. 
Baş prokuror postuna yeni namizəd Kamran Əliyevdir. Onun bu postda hansı müddətdə olacağını isə zaman göstərəcək.
“Yeni Müsavat”
Oxşar xəbərlər