Xəbər lenti
Bütün xəbərlər

Əbülfəs Qarayevdən Müşfiqin heykəli ilə bağlı ən son açıqlama

  • 01 mar 2017, 18:31

"Bundan sonra bütün layihələrə nəzarət edəcəyik”

Məlum olduğu kimi, Bakı şəhərində aparılan yol təmir-tikinti işləri ilə bağlı "Azəravtoyol” ASC-nin işçiləri tərəfindən görkəmli şair Mikayıl Müşfiqin abidəsinin aidiyyəti qurumlara bildirilmədən sökülməsi geniş ictimai narazılığa səbəb oldu. Bir neçə gündür ki, bu məsələ mətbuatın gündəmindədir.

Məsələ ilə bağlı "Yeni Müsavat”a müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev d’ hazırda bu prosesə ciddi şəkildə nəzarət etdiyini bildirib.

- Əbülfəs müəllim, Müşfiqin heykəli ilə bağlı danışıqlar nə yerdədir? Heykəlin taleyi necə olacaq?

- Biz bu məsələ ilə bağlı açıqlama vermişik. Bu gün mütəxəssislərimiz gedib yerində baxıblar, heykəlin saxlanılması və qorunması ilə bağlı lazımi işlər görülür. Bu işlər bitəndən sonra heykəl təxminən elə öz yerində, bir qədər yerindən kənarda bərpa olunacaq. Bizim mütəxəssislər də bu prosesə nəzarət edəcəklər. "Azəravtoyol” ASC-nin işçiləri cəzalandırılıblar, mən onların rəhbərliyi ilə danışmışam. Rəhbərlik gələcəkdə bütün bu işlərin müvafiq qaydada razılaşdırılmasına tapşırıq verib. Biz bundan sona bütün layihələrə nəzarət edəcəyik.

- "Azəravtoyol” ASC-dən belə bir açıqlama verildi ki, heykəlin götürülməsi öncədən razılaşdırılıb. Bu bir qədər müzakirə doğurdu...

- Onlar şifahi şəkildə müraciət ediblər, layihələrini təqdim etməyiblər. Bilmirəm kimə, necə müraciət ediblər. Ancaq bizimlə razılaşdırılmamışdı. Ondan sonra məktub da yazdılar. Gələcəkdə də lazımi işlərin görülməsini biz nəzərdə tuturuq.

- Şah İsmayıl Xətainin heykəli ilə bağlı da narahatlıq var...

- Şah İsmayıl Xətainin heykəli yerindədir. Əslində hansısa fikir olsa, bizim iştirakımızla onun müzakirəsi keçiriləcək və razılıq əldə olunarsa, icra ediləcək. Mən inanmıram ki, bu gün Azərbaycanda hansısa təşkilatın rəhbəri belə addımları razılaşdırılmamış şəkildə ata bilsin. Bu, mümkünsüzdür.

- Təklif olunur ki, Şah İsmayıl Xətainin heykəlini rahat ziyarət edə bilmək üçün daha əlverişli yerə köçürülsün...

- Mən də belə düşünürəm. Bu, mənim fərdi fikrimdir. Yəqin ki, bu haqda təkliflər hazırlanacaq. Bundan əlavə, Bakıda bir neçə görkəmli xadimin də heykəlinin qoyulması nəzərdə tutulub. O təkliflər çərçivəsində bunlar da nəzərdə tutulur.

- Sirr deyilsə, həmin görkəmli xadimlər kimlərdir?

- Bunu öncədən açıqlamaq istəməzdim. Ancaq tanıdığımız, sevdiyimiz, Azərbaycan mədəniyyətinə töhfə vermiş insanların xatirəsini əbədiləşdirmək üçün biz lazımi işləri davam etdiririk.

- Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması da bu təkliflər içində varmı?

- Xeyr, o haqda heç nə deyə bilmərəm. Bu barədə hələlik bizim tərəfimizdən heç bir iş aparılmır.

Azər Ayxan,
Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər