Demokratik TV
"O teleaparıcılardan biri məndən 2000, o biri 1500 manat istədi..."
Valideyin qayğısından məhrum, dörd divar arasında keçən uşaqlıq… İnternat evlərində böyüyən uşaqlar real həyata uzun müddət alışa bilmirlər. Həyatın rəhmsizliklərlə dolu olduğunu, hər "sevirəm” deyənin doğru danışmama ehtimalının olduğunu bilmirlər. İnanırlar, aldanırlar, küçələrə düşürlər və küçələrdə məhv olurlar. Acınacaqlı olsa da belədir… Sputnik Azərbaycan-a müsahibə verən Katya danışır ki, onun doğulandan bəxti gətirməyib, anası elə doğum evindəcə ondan imtina edib. Yekaterina Kazımova 1991-ci ildə Bakıda anadan olub. Körpələr evində böyüyən Katya bir qədər orada qalandan sonra uşaq evinə verilb: "Ayağımda qüsur olduğu üçün doğulan kimi anam məndən imtina edib. Anama demişdilər ki, gəzə bilməyəcək. 4 yaşım olanda uşaq evinə verdilər. Məktəb yaşına çatanda məni internat məktəbinə verdilər, təhslimi də orda davam etdirdim”.
"Taleyin ümidinə qalmışıq..."
Katya anasını ilk dəfə 4-cü sinifdə oxuyanda görüb. Anası məhkum həyatı yaşadığı üçün onunla mütəmadi maraqlana bilməyib. Bu da Katyanın körpə ürəyini incidib. Anası onu görməyə gələndə bu dəfə Katya onu qəbul etmək istəməyib. "Atamı heç görməmişəm, bilmirəm kimdir. Heç vaxt mənimlə maraqlanmayıb ki, belə qızım var. İnternatı bitirdikdən sonra hamı peşə məktəbinə daxil oldu. Mən də istəyirdim ki, bir sənətin sahibi olum. Anam buna da icazə vermirdi. Hər zaman məni söyüb, təhqir edirdi, mənə "dəli” deyirdi. İnternat müdirləri də buna şahiddir. Həmin dövrdə qərar çıxmışdı ki, uşaqlar övladlığa verilsin. Mənim müdirim də anama demişdi ki, qızını gəlib götürməsən, bir də görməyəcəksən. O da məcbur olub gəlib məni götürmüşdü. Amma o məni çox incidirdi, döyürdü. Hardasa iki il onunla yaşadım” – deyir müsahibimiz.
Katya indi küçələrdə qalır
Katyanın anası yenidən ailə həyatı qurduğu üçün həyat yoldaşı da qızlığını qəbul etmək istəməyib. Ailədə tez-tez qıza görə problemlər yaranıb. Bir gün anası Katyanı döyüb evdən qovub. Bir müddət küçələrdə qalan qız kafelərdə işləməyə başlayıb: "Təzyiq, epilepsiya və ayağımdakı problemlər rahat yaşamağıma imkan vermir. Bir müddət kirayədə qaldım, amma mənim üçün iş tapmaq çətindir. İnternat adı eşidəndə adamı yaxın buraxmırlar. Kirayə tutanda belə əziyyət çəkirəm. Baxırlar ki, subaysan, qeydiyyat isə internat. Heç kim yaxına buraxmır. İş üçün rayonlara qədər getmişəm. Ancaq kafelərdə işləyə bilirəm. Amma xəstəliyim mənə rahatlıq vermir”.
Bakıda dəhşətli faciə: bütün ailə üzvlərinin mənzildə meyitləri tapıldı
Katya kafelərdə çalışdığı müddətdə bir hərbçi ilə tanış olub. Həmin hərbçini sevsə də, sevgisi uğursuz olub. Daha sonra başqa bir nəfərlə tanış olub. Sevildiyini düşünür: "Oğlan rusdur. Anasıgil məni görüb, bəyənmişdi. Bir müddət ailə kimi yaşadıq. Mən hamilə qalana qədər hər şey yolunda idi. Hamilə olduğumu bildirəndə mənə dedi ki, uşaq onun deyil. Nə qədər yalvarsam da, ağlasam da xeyri olmadı. Dedim ki, gedək DNT analizi edək. Dedi "yox, sənə inanmıram”. Keçən ilin sonlarında oğlanın nənəsi məni ayaqyalın, başıaçıq küçəyə atdı. Mən o ailənin gəlini idim. Amma valideyinləri oğlana inandılar, mənə yox”. Katya indi küçələrdə qalır. Özü də 4 aylıq hamilədir. Bir neçə xəstəliyi olan qızın heç bir köməyi yoxdur. Dəfələrlə kömək üçün televiziya proqramlarına çıxdığını deyən Yekaterina Kazımova proqramların ondan pul istədiyini deyir: "Televiziyalarda məşhur proqramların aparıcıları məndən pul istəyiblər. Onlar mənim həyatımı araşdırdılar, gördülər ki, yalan demirəm. Körpələr evində böyümüşəm, xəstəyəm. Amma insanlara kömək, ailə problemlərinin həlli adı ilə televiziyada proqram yaradıb reytinq qazanan məşhurlardan biri məndən 2000, o biri isə 1500 manat pul istədi (Katya həmin aparıcıların adlarını desə də, onların mövqeyini öyrənə bilmədiyimiz üçün yazmırıq – red.). Dedim yetiməm, heç kimim yoxdur. Mənim 2000 manatım olsa, kiminsə qapısını niyə döyüm ki? Proqramlara keçən ilin aprel-may aylarında müraciət etmişəm. Hələ ki, heç kim məni arayıb, axtarmır. Pulum yoxdur axı”.
"Aramızda olan qadın-kişi münasibətləri bitdi..."
İndi Katyanın qalmağa yeri yoxdur: "Mənə kömək edin. Təkəm, heç kimim yoxdur. Uşağımın atası da uşağı qəbul eləmir. Xəstəyəm, xəstəliyim işləməyə imkan vermir. Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə yardım etmələrini xahiş edirəm. Kimsəsiz uşaqlara ev verilir, mənim də qalacaq yerim yoxdur. Mənə ev verilsə, bir az da müalicə olunsam, övladımı dünyaya gətirib baxaram. İşləyə də bilərəm. Sadəcə mənə kömək etsinlər”. Bu da bir taledir. Doğulandan bəxti gətirməyən gənc bir qızın taleyi. Kimsəsiz, xəstə və bətnində 4 aylıq körpə gəzdirən bir qızın. Son ümidi isə Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Katya hazırda küçələrdə qalır və aidiyyatı qurumlardan bir cavab gözləyir. Ümid edirik ki, onun harayına yetişənlər tapılacaq…
sputnik.az